…Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının «Təzadlar»a açıqlamasında bir məyyusedici fakta rast gəldik.

Məlum olurdu ki, SOCAR Qaz İxracı İdarəsinin (rəisi Əkbər Hacıyev) Astara Magistral Qaz Kəmərləri sahəsinin rəisi Zahir Rzayev həmin sahənin işçisi, ağır onkoloji xəstə olan Vüqar Abbasovu işdən azad etmək üçün qanunsuz yola əl atıb:

- Zahir Rzayev onkoloji xəstə olan Vüqar Abbasovun köməksiz vəziyyətindən istifadə edərək onun evinə kadrlar üzrə məsul şəxsi göndərib. Sonuncu işçinin iradəsinin ziddinə gedərək ona məcburi işdənçıxma ərizəsi yazdırmaqla işçinin tutduğu vəzifədən azad etmişdir. Ən maraqlısı budur ki, ərizə alındıqdan iki həftə sonra işçi dünyasını dəyişmişdir.

-Bildiyimiz qədər Siz məsələyə sərt reaksiya vermisiniz?

-Bəli, biz bu qanunsuz əmələ sərt münasibət sərgilədik… Təşkilatımız və mərhumun ailəsi Qaz İxrac İdarəsinin işçiyə qarşı etdiyi hərəkətləri ölkənin Əmək qanunvericiliyinə zidd və qeyri-humanist hərəkət hesab etmişdir. Və atasına qarşı olan bu ədalətsizliyə etiraz edən mərhumun oğlu, 2-ci Qarabağ müharibəsinin iştirakçısı Əli  Məzahirliyə hüquqi yardım edirik, ailənin hüquqlarının müdafiəsini üzərimizə götürmüşük. Əlavə edim ki, Əli Məzahirli məhkəməyə müraciət etməklə yanaşı, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə də müraciət edib. Şikayət baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib… Şikayətçiyə verilən cavab məktubundan məlum olur ki, Dövlət Əmək Müfəttişliyinin Lənkəran regional idarəsi məsələni araşdırır. Cavab məktubunun surətinə diqqət yetirə bilərsiniz… İnanırıq ki, bu qanunsuz və əsassız, qeyri-humanist hərəkətlə bağlı ədalətli qərar qəbul ediləcək.

***

Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin hüquqşünası Azər Quliyev də məsələyə hüquqi şərh verib:

-Əgər bu qalmaqallı məsələ düzgün araşdırılsa, inanıram ki, belə də olacaq, işçinin ağır, köməksiz vəziyyətindən istifadə edib evinə gedərək ona işdən çıxma ərizəsi yazdıran kadr üzrə "mütəxəssis" olan Nuru adlı şəxs və Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Zahir Rzayev Azərbaycan Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərini gobud surətdə pozduqlarına  görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bunu Əmək Məcəlləsinin 310-cu maddəsi tövsif və tələb edir…

A.Məmmədli