Dünəndən Azərbaycan mediasının gündəmini zəbt etmiş və Güney Azərbaycandan olan müğənni Afşin Azərinin ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulması məsələsinə aydınlıq gətirilməkdədir... Etiraf edək ki, bu mövzuya toxunanların 99 faizi Zaur Kamalı qınadı, ağıllı və efirdə tərbiyəli olmağa səslədi... Ortada isə cavabsız sual qalmışdı ki, axı bu qalmaqala səbəb nə idi??? Nəhayət, bu suala elə efirdən qovulan Afşin Azərin özü aydınlıq gətirib... Belə ki, Afşin Azərin "MTV Azərbaycan" kanalına belə bir açıqlama verib: “Allahıma təşəkkür edirəm ki, bu qədər insanların sevgisini gördüm. Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma. İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir. Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin. Dünyanın hər bir yerində efirə çıxanda fanatlarım mənimlə fəxr ediblər. Dostlarım, yaxınlarım mənə deyiblər ki, Zaur Kamalın verilişinə getmə. O insan hamıya yuxarıdan aşağı baxır... Görürəm ki, çox səhv etmişəm. Zaur Kamal efirdən on-on beş dəqiqə əvvəl başqa xanəndələrin adını çəkdi. Ona cavab verdim ki, mənim öz səviyyəmə görə davran, sən məni dəvət edirsən. Qardaş, indiyə qədər adımı başqa xanəndənin yanında çəkmisən? Qətiyyən olmayıb. Bəs, mənim yanımda niyə ayrı adamın adını misal çəkirsən? Ustadımız Alim Qasımov yeganə azərbaycanlı sənətkardır ki, İranda konsert verir. Aparıcı onun səviyyəsini bilməsə necə olar?! Allah etməsin xətrinə dəyər. Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm…”
Bax belə... Bütün bunlar qonağın-soydaşımız olan müğənninin efirdən qovulmasına səbəb ola bilərdimi? Yaxud, onun efirdə olması lazım deyildisə, mədəniyyət nümayiş etdirib həmin şəxsi-müğənnini efirə çıxarma, vəssalam!
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA