Deyir ki, - “Bu gün, mədəniyyət sahəsinin müəyyən tərəddüdlər içində olduğu bir dövrdə kütlənin muzeylərə cəlb edilməsi diapazonunu genişləndirmək çox vacibdir.
Bir muzey işçisi kimi zamanla ayaqlaşmağa və bu nöqteyi-nəzərdən son informasiya texnologiyalarından istifadə etməklə, əhali arasında mədəni dəyərlərin yayılması üsullarını təkmilləşdirməyə çalışıram. Ən vacibi isə odur ki, cəmiyyətə açıq olmağa və interaktivlik siyasəti ilə ayaqlaşmağa can atıram. Burada söhbət yeni texnologiyalar və informasiya platformaları vasitəsilə muzeyin ziyarətçilərini daha çox maraqlandırmaqdan gedir. Nəticədə, onlar bura öz ailələri, tanışları, dostları, qonaqları ilə birlikdə qayıdacaqlarına və beləliklə auditoriyamızı genişləndirəcəklərinə inanıram...”
Olduqca nikbin, şən və gələcəyə böyük ümidlərlə baxan xanımdır. Çox nadir hallarda həyacanlanır, heç vaxt narahatlıq hissi keçirmir. Hər bir çətin vəziyyətdən çıxmaq üçün istedadı, iradəsi, kifayyət qədər təxəyyülü var. Təşəbbüskar və yaradıcıdır. Böyük ürəyə sahibdir və zehni ideyalarla doludur. Ümumiyyətlə, ona xas olan insani keyfiyyətlər hədd tanımır, necə deyərlər, maksimalistdir...
“XIX əsrin ortalarına qədər Bakı və Abşeronda hamamlar, adətən, yerin altında inşa olunurdu. Bu da temperaturunu sabit tutmaq üçün edilirdi. Baxın, içəri necə sərindir. Yerin altında inşa edilən bu cür hamamlar yayda sərin, qışda isə isti olurdu, çünki temperatur rejimini tənzimləmək daha asandır. Lakin XIX əsrin ortalarından sonra Bakıda sənaye üsulu ilə neft çıxarılmasına başlanıldı. Bunun nəticəsində də artıq şirin suya neft qarışmağa başladı. Ona görə bu cür yeraltı hamamlar tədricən sıradan çıxdı və əsasən, təsərrüfat məqsədilə istifadə edilməsinə başlanıldı. Ümumən orta əsrlərdə hamamlar məişətimizin, adət-ənənələrimizin böyük hissəsini təşkil edirdi. Sosial statuslarından asılı olaraq, qadınlar müxtəlif ölçülərdə hamam sandıqları ilə hamama gələr, o sandıqlarda hamam əşyalarını gətirər, zinət əşyalarını çıxarıb o sandıqlara qoyardılar. Çünki qadınlar hamama öz qır-qızıllarını taxıb, qəşəng, bahalı geyimlərini geyinib, bəzənib-düzənib gəlməyi xoşlayardılar. Axı orta əsrlərin qadınları evdən çölə az hallarda çıxırdılar. Buna görə də zinət əşyalarını nümayiş etdirmək üçün ən əlverişli yer hamam hesab olunurdu.”- söyləyir.
XXX 
Araşdırma aparmağı sevir. Ölkədə öz sahəsi üzrə ən yaxşı tədqiqatçılardan biri sayılır. Odur ki, geniş məlumatlı ekspert kimi tez-tez müxtəlif televerilişlərə dəvət olunur və maraqlı çıxışları ilə tamaşaçıları maarifləndirir...
Haqqında söhbət açdığım Əminə Məlikova 1977-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurub. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. İxtisasca iqtisadçı və sənətşünasdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, bir neçə kitabın müəllifidir.
1999–2009-cu illərdə Mədəniyyət nazirliyinin muzey mərkəzinin beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsində və 2009–2018-ci illərdə isə milli incəsənət muzeyinin beynəlxalq əlaqələr şöbəsində müdir vəzifələrini icra edib. 2018-ci ilin dekabr ayından “İçərişəhər Muzey Mərkəzi”nin direktoru vəzifəsində çalışır. "Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.
“Əməkdar mədəniyyət işçisi” fəxri adına, “Humay” milli mükafatına və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalına layiq görülüb...
İntellektual səviyyəsi yüksəkdir. Mütaliə etməyi xoşlayır, daha doğrusu, səyyahların gündəliklərini, məhəbbət romanlarını, tarixi əsərləri oxumaqdan zövq alır. Elə bir kitab dükanı olmaz ki, yanından keçərkən oraya baş çəkməsin. Bir sözlə, təpədən dırnağadək Azərbaycana bağlı, vətənpərvər xanımdır. Yüksək təşkilatçılığı sayəsində çalışdığı sahədə bir çox uğurlara imza ata bilib, ölkə səviyyəsində bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olub…
Bəli, noyabrın 23-də haqqında sohbət açdığım Əminə Məlikovanın 45 yaşı tamam olur. Onu ömrünün bu əlamətdar günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıram.
Arzularınız çin olsun, Əminə xanım!
Elman Eldaroğlu
təzadlar.az