booked.netbooked.net booked.net  

...Səhv etmirəmsə, 2008-ci il idi. “Narkomaniyaya yox deyək!” adlı kitabçam iki min tirajla yeni nəşr olunmuşdu. Axtarıb onun telefonunu tapdım. Zəng edib bildirdim ki, Yardımlıda vüsət alan narkomaniyaya qarşı mübarizə məqsədi ilə həmin kitabçaları rayon məktəblərində, şagirdlər arasında paylamaq istəyirəm. Bunun üçün mənə icazə verilməsini və rayon polisindən müvafiq əməkdaşın ayrılmasını xahiş etdim. Çox keçmədi ki, o, mənə zəng edib icazə verildiyini söylədi. Və mən rayon polis bölməsinə yollandım. O vaxt Yardımlı polisinə polkovnik Şamil Seyidli rəhbərlik edirdi. İki il onun zamanında və sonra da digər rəislərin dönəmində şagirdlər arasında bu işi icra etdim. Bəlkə də həmin zaman kəsiyində məktəblərdə on minə yaxın kitabça paylanıldı, maarifləndirmə işləri aparıldı. Axı narkomanı yolundan döndərmək çətin olsa da, bu yola yuvarlanmaması üçün yeniyetmələrlə izahat işi aparmaq asandır. 2020-ci ildə yenidən Daxili İşlər Nazirinə mətbuatda açıq məktubla müraciət etdim ki, Yardımlıda narkomaniya təzədən baş qaldırıb, narkoticarətçilər meydan sulayırlar. Xahiş etdim ki, rayonda reydlər keçirilməsinə göstəriş verilsin. Çox keçmədi ki, yenə də o, mənə zəng edib bildirdi ki, məktubunuzu nazir oxuyub və narkomaniyaya qarşı mübarizə idarəsinə müvafiq göstərişlər verib. Tezliklə sədasını eşidəcəksiniz. Çox keçmədi ki, bu işlə məşğul olan ondan çox adamı həbs edib, azadlıqdan məhrum etdilər. Xeyli müddətdir ki, rayonda bu sahədə sakitlikdir. Bəli, bütün bu işlərdə mənə kömək edən o, oldu. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovu deyirəm...
İntellektual, cəld, məntiqli və yeniliklərə açıq adamdır. Eyni zamanda bir neçə iş görməyi bacarır. Ağıllı, mülayim xasiyyətlidir. Gözəl və təsirli danışıq qabiliyyəti var. Cazibədar təbiətilə insanların diqqətini çəkməyi bacarır. Praktikdir və problemləri asanlıqla həll edə bilir. Sərbəstliyinin məhdudlaşdırılmasını və təmənnalı sifariş almağı xoşlamır. Öz işini, öhdəliyini vicdanla həyata keçirməkdən ləzzət alır. İkiqat şanslıdır. İnsanlarla asanlıqla dialoq qura bilir və dinləməyi bacarır. Müxtəlif mövzularda yeni fikirlər və yeni layihələr yaratmağı xoşlayır. Emosiyalara qapılmır, mümkün qədər işin məntiqi tərəfinə baxmağı sevir...
Haqqında söhbət açdığım Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda dünyaya gəlib. Orta təhsilə Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə yiyələnib. Sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsil alıb. 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olub. Qarabağ müharibəsi veteranıdır. Bir müddət Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə ikinci ali təhsil alıb. Uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə daxili işlər nazirinin müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-dən DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsində çalışır. Ailəlidir, 3 qızı və 1 oğlu var...
Göründüyü kimi, o, bu vəzifəyə xalqın arasından gəlib, xalq adamıdır. Ümumiyyətlə, polis kimdir, sualını cavablandırmaq elə də çətin deyil. Polis ailəmizin bir üzvüdür. Ailədə qardaşların biri polis, digərləri sürücü, mühasib, iqtisadçı, iş adamı və s. peşə sahibləri də ola bilər. Bəli, Azərbaycan adlı vahid ailənin bir üzvü də polisdir- əsayişimizi qoruyan qardaşımız...
Gənclik enerjisi ilə dolu adamdır. Nə qədər yaşlansa da zaman onun ruhuna təsir etməkdə acizdir. Çox kövrək qəlbi var, əl tutmağı, mərhəmət göstərməyi bacarır. Hər hansı bir hadisədən əsəbləşsə belə asanlıqla sakitləşə də bilir. Şəxsi hissləri haqqında danışmağı xoşlamır. Sədaqətlidir, dostluğu heç vaxt maraqlar üzərində qurmur, səmimiyyətə söykənir. Hər zaman yenilik axtarışındadır. İstedadlı olduğundan yaradıcılığa meyillidir. Yaradıcı, təcrübəli insanlarla ünsiyyətdə olmaqdan zövq alır.
Bəli, mənim tanıdığım Ehsan Zahidov belə insandır...
İyunun 1-də Ehsan müəllimin 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Yubileyiniz mübarək, cənab POLKOVNİK!
Elman Eldaroğlu
("Təzadlar"ın köşə yazarı)
Pin It

Tezadlar Arxiv

İDMAN