""Mədəniyyət naminə sülh" (Peace4Culture) adlı qlobal kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlamışıq və müsbət cavab alacağımıza ümid edirik".

Pin It

Yunus Oğuz

(Felyeton)

Çevik qərargahın toy və şənliklər haqqında qərarını yenicə oxuyub bitirmişdim ki, dostum Mirzənin zəngi gəldi. Dostum dedim axı, bilirdim ki, iki övladının toyunu on altı aydı təxirə salıb. Salamsız, kəlamsız qanıqara tərzdə soruşdu:

- Oxudun?

Anladım ki, onun bu saat toydan savayı fikri başqa yerə işləmir.

- Hə, - dedim, - oxudum.

- Nə fikirləşirsən, Mirzə? - O da mənə hərdən Mirzə deyir.

- Molla Nəsrəddinin toy mismarını fikirləşirəm.

Dostum heç nə başa düşmədi. Qayıtdı ki:

- Səndə söz var, Mirzə, danış! - dedi.

Birbaşa keçdim mətləbə.

- Hə, - dedim, - Bir gün Mollaya təcili pul lazım olur.

Evini qoyur satdığa. Bunun da acgöz, yumurtadan yun qırxan, yemək yeyəndə pişiyin gözünü bağlayan varlı tacir qonşusu varmış. Elə ki, bu tacir eşidir Molla evini satır, durub gəlir onun yanına. Deyir, bəs bu qədər pul verirəm. Molla da cavab verir ki, etmə, eləmə. Qoyduğun qiymət heç evin pulunun yarısı eləmir. Tacir də cavab verir ki, bundan artığını verəmmərəm. Nə isə, əlacsız qalan Molla, bir qədər düşündükdən sonra deyir:

- Yaxşı, bir şərtlə.

- Buyur.

- Evi satıram, amma bax, o qonaq otağında divara vurulan mismarı görürsən, onu satmıram. Nə vaxt istəsəm gəlib ondan istifadə edəcəm. Ancaq gərəkdir şəhərin qazısı da kağıza möhürünü vursun ki, o mismar mənimdir.

Tacir fikirləşir ki, Molla mismardan necə istifadə edəcək ki, əgər ev mənimdirsə. Razılaşırlar. Qazının iştirakı ilə kağıza, sənədə imza atırlar.

Vaxt, vədə gəlib yetişir. Bir gün Molla Nəsrəddin eşidir ki, bəs həmin tacir oğluna toy eləyir, şəhərin də ən varlı adamları, məmurları toyda iştirakçılardır. Məclisin şirin yerində bir də görürlər ki, Molla girdi həyətə, arxası ilə hardansa tapdığı bir eşşək leşini sürüyüb gətirir. Leşin qoxusu adamın başını çatladır, üstündə o qədər atmilçəyi var ki, vızıltılarından qulaq tutulur.

Molla həyətə girən kimi: "Allah mübarək eləsin" deyə qışqırır. Şənlik əhli qəribə tərzdə gah toy sahibinə baxır, gah Mollaya. Tacir tez qabağa çıxıb soruşur:

- Molla, mənim şad günümdə bu nə biabırçılıqdır edirsən? Ayıb deyil?

Molla cavab verir:

- Tacir ağa, gərək bağışlayasan. Sənin evində mənim bir mismarın var. İndi eşşəyim ölüb, onu həmin mismardan asıb dərisini soyacam. Qabaqdan qış gəlir, lazım olar.

Tacir baxır ki, nüfuzlu qonaqların yanında biabır olacaq, deyir:

- O mismarı sat, alıram, neçəyə deyirsən? - Molla qiymət deyəndə, tacir üz-gözünü turşudur. - Ağ eləmə də, sən istədiyin pul, elə bu evin qiymətinin yarısıdır.

- Mən də onu istəyirəm. Sən bu evi yarı qiymətə alanda bilmirdin mismarı divarda niyə saxlayıram? Nə isə, tacir biabır olmamaq üçün Mollanın istədiyi pulu verib yola salır...

Dostum Mirzə gerisini daha danışmağa qoymadı. Telefonun o biri başında qəhqəhəsini eşitdim. Deyəsən danışdığım onun kefini əməlli-başlı düzəltmişdi. Qəfil gülüşünü kəsib dilləndi:

- Bildim, Mirzə, bu toy mismarı nə deməkdir?

Özümü avam yerinə qoydum.

- Nə deməkdir? - deyə soruşdum.

Ona elə bil təb verildi:

- Mirzə, - dedi, - Molla Nəsrəddin ora cəmi bir toy mismarı vurmuşdu. Bu çevik qərargah isə şadlıq saraqlarına beş-altı toy mismarı vurub.

Dilim dinc durmadı:

- Say görüm.

Dostum başladı sadalamağa:

- Bax, birinci toy mismarını Daxili İşlər Nazirliyi vuracaq o şadlıq saraqlarına. Lap yüz əlli adam cağırdın toya. Elə bilirsən ki, hamının COVİD kağızı olacaq?

Dərhal cavab verdim:

- Əlbəttə yox, zəng edirsən dost-tanışa. Deyirsən ki, COVİD kağızın varsa səni toya cağırıram. O da cavab verir ki, xanımın var, mənim yox. Arvadı da toya tək buraxmaq olmaz. Deməli gəlmirəm. Bir də bunun qocası var, xroniki xəstəsi var, hamilə qadını var. Bunlara vaksin vurdurmaq olmaz. Deməli nədir, bu cəmiyyətdə ayrı-seçkilik etmək.

- Hə də, mən də onu deyirəm. Bəs deyirdilər ki, iynə vurdurmaq könüllüdür. Day, bunun nəyi könüllü oldu? Durub toya kağızsız gəlsən, dərhal deyəcəklər ki, mismar satırıq. Qiyməti də iki yüz manatdan doqquz min manata qədər.

- Keç ikinci toy mismarına, - mənim üçün bu təhlil maraqlı gəldi.

- İkinci toy mismarını sadlıq evlərinin sahibləri divara  vuracaqlar. İndidən deyirlər ki, qiymətləri qaldıracayıq, çünki dörd yüz əlli nəfərlik yerdə yüz əlli nəfərlik toy keçirdirik. Özü də heç bir məsuliyyət daşımayacaq. Ona görə ki, məsuliyyət müqavilə ilə toy sahibinin üzərindədir.

Daha dözəmmədim:

- Üçüncü və dördünçü mismarını divara yəqin ki, qida təhlükəsizliyi və vergi xidmətləri vurar.

- Hə, düzdür. Mirzə, - dedi, - bunlardan can qurtarmaq müşkül işdir. Hardan nə vaxt istəsələr, bir problem çıxardarlar. Özü də hər yerdə kamera kimi gözləri var. Mıqq eləyib tərpənə bilməzsən. Bunun yeməyi var, içməyi var, adambaşına düşən vergisi var. Bu mismarlar da vuruldu divara.

Güldüm və əlavə etdim.

-Bu hələ hamısı deyil, Mirzə.

Təəccüblə sorüşdü:

- Daha nə qaldı?

Dedim:

- Beşinci mismarı divara manıslar vuracaq. Gör neçə aydır toylara getmirlər. İtirdiklərinin yerini doldurmaq üçün qiymət oxuyacaqlar. Ode, indidən televiziya və radiolarda pul verib özlərini təbliğ edirlər. Bütün bunları hardan kompensasiya edəcəklər? Əlbəttə toy sahibinin olmayan cibindən.

Telefonun o biri başında dostumun ah çəkdiyini duydum. Bir qədər sonra səsini eşitdim:

- Nə təklif edirsən, Mirzə?

Düşünmədən cavab verdim:

- Mirzəliyin daşını at, keç mismar satışına. Bir azdan toy mismarlarının qiyməti ceyran belinə çıxacaq. Bəlkə bu satışdan özünün elədiyin toyun mismarlarının pulunu çıxardasan. Ya da...-  bir qədər düşünüb əlavə etdim. - Ya da, öyrən gör, hansı bərk gedən məmur toy eyləyir, ora toy mismarları vurmurlar, sən də get onun yanındakı şadlıq sarayında toyunu et, bununla canın qurtulsun.

Dostum dözməyib, nəhayət sərt şəkildə dilləndi:

- De ki, toy eləmə də...

Sözünü kəsdim:

- Bəs bayaqdan səni başa salmaq istəyirəm ki, bu icazə toy etməmək üçündür. Di sağ ol, bağışla ki, səni yordum.

Beləcə sağollaşdıq, amma yenə başa düşmədim ki, bu icazə kimin üçün icazədir, kimin üçün qadağadır. Bəlkə siz deyəsiniz?

23.07.21

Pin It

Müğənni Röya Ayxan sosial şəbəkələrdə ağ və qara paltarda olan şəkillərini paylaşıb

Pin It

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi istedadlı oxucularını üzə çıxarmaqda davam edir.

Pin It

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN