booked.netbooked.net booked.net  

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini rayonun yeni icra başçısı Araz Əhmədova müraciət edib...

Tezadlar.az-a daxil olan müraciətdə sakinlər bildirirlər 2019-cu ildə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova Boradigah-Qumbaşı yolunun təmiri ilə bağlı müraciət ediblər. Lakin hələki müraciət müsbət həllini tapmayıb. 

Müraciətdə deyilir:

-Hörmətli Araz müəllim!
Nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həm də 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir. Amma problem ondadır ki, hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigahı və 10-dan artıq ətraf kəndləri bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Bilirik ki, bir müddət əvvəl Cənab Prezident dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova qəti tapşırıq vermişdir. Bu tapşırıq bizi ruhlandırdı. Sizdən xahiş edirik, bəhs etdiyimiz yolun təmirinə də kömək edəsiniz. 

Bizim bu müraciətimizə isə AAYDA-dan mediya vasitəsilə aşağıdakı məzmunda cavab verilib: “Biz müraciətlə tanışıq. Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur. Buna baxmayaraq, AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb. Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca, həmin layihələr icra olunacaq. Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa, biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik.”

Hörmətli Araz müəllim, müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdədir. Amma Siz rayona icra başçısı təyin ediləndən sonra bütün sahələrdə, o cümlədən yolların yenidən qurulması istiqamətində böyük layihələrə başlamısız. Sizdən xahiş edirik, Boradigah-Qumbaşı yolu da başlatdığınız böyük abadlıq işlərindən kənarda qalmasın.

"Təzadlar"dan: inanırıq ki, sakinlərin bu problemi tezliklə həllini tapacaq.

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN