…Dünən qardaş Türkiyənin İstanbul şəhərinin İstiqlal Meydanında PKK-çı qadının yerləşdirdiyi bomba partlaması nəticəsində 6 günahsız insan həlak oldu, 81 nəfər yaralandı.

Təbii ki, türk düşmənləri daim ayıqdır, bizlər isə sayıq olmalıyıq. Türkiyənin son illərdə, xüsusən də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra hər iki dövlət arasında sülhün əldə edilməsi, müharibənin dayandırılması üçün çalışmaları fonunda artan nüfuzu bir çox aşkar və qeyri-aşkar düşmənləri narahat etməyə bilməzdi. Üstəlik, Türkiyənin Qarabağ probleminin həllində qardaş Azərbaycana verdiyi önəmli dəstək, eləcə də Türkiyənin terrorla mübarizədə əldə etdiyi uğurlar istər-istəməz türk düşmənlərini ciddi narahat edirdi. Bundan əlavə, bir neçə gün əvvəl Türkiyə Prezidenti sayın R.T.Ərdoğanın rəhbərliyi altında Özbəkistanda Türk Dövlətlərinin 9-cu Zirvə toplantısındakı birlik nümayişini də bura əlavə etsək, məsələnin nə dərəcədə məsul olduğu ortaya çıxavcaq.

 Bəli, türkiyənin beynəlxalq aləmdə nüfuzu durmadan artır. Bu siyasi mənada həm də o deməkdir ki, bu artan nüfuzun əvəzində bunu istəməyən, kor olub gözü götürməyən  düşmənlərin də sayının artması təbiidir. Amma Türkiyə əzəmətlidir, vüqarlıdır, mübarizdir!

***

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş terror nəticəsində dinc insanların həlak olması münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərmişdir. Məktubda Azərbaycanın qardaş Türkiyənin sevincinə də, dərdinə də həmişə şərik olduğu bildirilir.Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 Bundan başqa, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da İstanbulun İstiqlal Meydanında törədilmiş partlayışda dinc insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərmişdir. Məktubda bildirilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 Onu da əlavə edim ki, bu gün Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Azərbaycanın Baş prokuroru Kamran Əliyev 2022-ci ilin noyabrın 13-də İstanbulun  mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb. Terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Kamran Əliyev Bekir Şahin və Şaban Yılmaza zəng edərək törədilmiş cinayətin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Tanrı Türkiyəmizə xain gözlə baxanları, paxıl niyyətlə nəzər yetirənləri xar etsin, cəzasını versin!

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

Asif MƏRZİLİ