booked.netbooked.net booked.net  

Şahbuzun Kolanı kəndində  sakinlərin evlərindən magistral yola açılan çıxışını bağlayan 2 km-lik  divarı, niyə insanlar buldozerlə yox, ağır çəkic sayılan “quvald”la dağıdırlar?

Neçə müddətdir Naxçıvanda Vasif Talıbov erası başa çatıb və yeni era başlayıb.  Bu era necə olacaq, onu gələcək göstərər. Naxçıvan haqqında son vaxtlar bütün saytlarda, qəzetlərdə və internet televiziyalarında geniş məlumatlar verilir. Bu da təbiidir. Çünki, Vasif Talıbovun  xan adlandırıldığı bir diyardan 27 il idi ki,  informasiyalar demək olar ki, yayılmırdı.  İndi  bir çox KİV-lərin yazdığı kimi, Naxçıvan əhalisi azadlığa çıxıb və informasiyalar da geninə-boluna yayılır.

Belə informasiyalardan biri şox maraqlı olduğu üçün diqqətimi çəkdi. Məlum oldu ki, Vasif Talıbovun əhaliyə etdiyi zülümlərdən biri də Şahbuzun Kolanı kəndində  sakinlərin evlərindən magistral yola açılan çıxışını  2 km-lik  divar çəkməklə bağlayıb.  Uzun illərdir ki, sakinlər yolun bu tərəfindən, o biri tərəfinə getmək üçün min bir əzab-əziyyət çəkiblər.  İndi  Prezidentin  Naxçıvana yeni təyin etdiyi səlahiyyətli nümayəndə  Rauf Nəcəfli  qolunu çırmalayıb Vasif Talıbovun  yol verdiyi özbaşınalıqları aradan qaldırmaqla məşğuldur. Onlardan biri də  həmin 2 km-lik divarın  sökülməsi barədə verdiyi qərardır. 

Bunlar hamısı çox gözəl, necə deyərlər, əhali artıq  5 metrlik yolu keçmək üçün “həsri basma dolan gəl” etməklə  əziyyət çəkməyəcək.   Bu informasiya nəyə görə diqqətimi çəkdi? Məlum olduğu kimi, Vasif Talıbov illərlə  sakinlərin  qanuni, sənədli, sübutlu evlərini, obyektlərini, hasarlarını, özlərinə lazım olduqlarına görə, buldozerin, traktorun qabağına verərək söküb yerlə bir ediblər.  Həmin yerdə də  özlərinə lazım olan obyekt tikiblər.  Amma, indi sosial şəbəkələrdə yayılan videolardan  görünür ki,  Şahbuz rayonunun Kolanı kəndində V.Talıbovun çəkdirdiyi  həmin o 2 km-lik,  daşdan hörülmüş hasarı insanlar “quvald”la, yəni ağır çəkiclə, vuraraq dağıtmağa cəhd edir. Bu, məni olduqca təəccübləndirdi. Ona görə ki, yuxarıda da qeyd etdik, V.Talıbov kiminsə obyektini və daş hasarını sökdürəndə buldozerlərdən, traktorlardan istifadə edirdi. İndi isə həmin “kubik”dən hörülmüş hasarı  insanlar, “quvald”la, yəni qol gücünə dağıdırlar. 

 

hasar  Yayılan videodan görürəm ki, o ağır “quvald”ı  5-10 dəfə divara çırpır, oradan isə güclə bir deşik aça bilir.  Bax, bu yerdə ona görə təəccübləndim ki, bəs hanı  vaxtilə əhaliyə qənim kəsilən o buldozerlər, traktorlar? Niyə, əhalinin bu şad günündə onlar yoxa çıxıblar? Yoxsa, Vasif Talıbov buldozerləri də da özü ilə aparıb?  Axı, 2 km-lik “kubik”dən  tikilmiş hasarı “quvald”la sökmək üçün  elə bəlkə bir-iki ay vaxt lazımdır.  Bəs, niyə bu divar sökmək əməliyyatına həmin texnikalar cəlb olunmur ki, bir günün içində o divarı söküb yerlə bir eləsinlər?

Bəzən, Bakıda hansısa hündürmərtəbəli binanı sökmək üçün traktoru qaldırıb düz onu damının üstünə qoyurlar. Həmin traktor da yuxarıdan sökə-sökə gəlib çıxır birinci mərtəbəyə.  Amma, Kolanıdakı yolun kənarına çəkilmiş daş hasarı sökmək üçün,  harasa traktor qaldırıb qoymaq lazım deyil.  Elə yolun üstündəcə dayanıb, həmin divarı sökmək texnikalar üçün  heç bir problem yaratmır.  Bəs, niyə bu texnikalardan istifadə olunmur? O boyda hasarı insan qol gücünə, ağır “quvald”la nə vaxta sökə bilər?  Görəsən, bir qisim insanlara sevinc bəxş etmək üçün digər insanlara niyə zülm verirlər?  Bu sual, o videonu görən gündən məni narahat edir.  Ona görə də fikirləşirəm ki,  yəqin Vasif Talıbov ölkədən milyardlarını çıxartdığı kimi, özündən sonra texnikaları da gizli yolla çıxarıb. Görünür, Naxçıvanda ağır texnika qalmayıb ki, V.Talıbovun özbaşınalıqlarını  söküb yerlə bir edə bilsinlər.  Ona da inanmaq istəyirəm ki, yeni səlahiyyətli nümayəndə belə məsələlərə bir az həssaslıqla yanaşaraq, texnikanın gücündən istifadə edəcək və insanlar “quvald”la daş hasar sökmək məcburiyyətində qalmayacaqlar.

Elçin MƏMMƏDLİ

Mövzu ilə bağlı Naxçıvan TV-nin süjetini təqdim edirik:

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN