Şahbuzun Kolanı kəndində sakinlərin evlərindən magistral yola açılan çıxışını bağlayan 2 km-lik divarı, niyə insanlar buldozerlə yox, ağır çəkic sayılan “quvald”la dağıdırlar?
Neçə müddətdir Naxçıvanda Vasif Talıbov erası başa çatıb və yeni era başlayıb. Bu era necə olacaq, onu gələcək göstərər. Naxçıvan haqqında son vaxtlar bütün saytlarda, qəzetlərdə və internet televiziyalarında geniş məlumatlar verilir. Bu da təbiidir. Çünki, Vasif Talıbovun xan adlandırıldığı bir diyardan 27 il idi ki, informasiyalar demək olar ki, yayılmırdı. İndi bir çox KİV-lərin yazdığı kimi, Naxçıvan əhalisi azadlığa çıxıb və informasiyalar da geninə-boluna yayılır.
Belə informasiyalardan biri şox maraqlı olduğu üçün diqqətimi çəkdi. Məlum oldu ki, Vasif Talıbovun əhaliyə etdiyi zülümlərdən biri də Şahbuzun Kolanı kəndində sakinlərin evlərindən magistral yola açılan çıxışını 2 km-lik divar çəkməklə bağlayıb. Uzun illərdir ki, sakinlər yolun bu tərəfindən, o biri tərəfinə getmək üçün min bir əzab-əziyyət çəkiblər. İndi Prezidentin Naxçıvana yeni təyin etdiyi səlahiyyətli nümayəndə Rauf Nəcəfli qolunu çırmalayıb Vasif Talıbovun yol verdiyi özbaşınalıqları aradan qaldırmaqla məşğuldur. Onlardan biri də həmin 2 km-lik divarın sökülməsi barədə verdiyi qərardır.
Bunlar hamısı çox gözəl, necə deyərlər, əhali artıq 5 metrlik yolu keçmək üçün “həsri basma dolan gəl” etməklə əziyyət çəkməyəcək. Bu informasiya nəyə görə diqqətimi çəkdi? Məlum olduğu kimi, Vasif Talıbov illərlə sakinlərin qanuni, sənədli, sübutlu evlərini, obyektlərini, hasarlarını, özlərinə lazım olduqlarına görə, buldozerin, traktorun qabağına verərək söküb yerlə bir ediblər. Həmin yerdə də özlərinə lazım olan obyekt tikiblər. Amma, indi sosial şəbəkələrdə yayılan videolardan görünür ki, Şahbuz rayonunun Kolanı kəndində V.Talıbovun çəkdirdiyi həmin o 2 km-lik, daşdan hörülmüş hasarı insanlar “quvald”la, yəni ağır çəkiclə, vuraraq dağıtmağa cəhd edir. Bu, məni olduqca təəccübləndirdi. Ona görə ki, yuxarıda da qeyd etdik, V.Talıbov kiminsə obyektini və daş hasarını sökdürəndə buldozerlərdən, traktorlardan istifadə edirdi. İndi isə həmin “kubik”dən hörülmüş hasarı insanlar, “quvald”la, yəni qol gücünə dağıdırlar.
Yayılan videodan görürəm ki, o ağır “quvald”ı 5-10 dəfə divara çırpır, oradan isə güclə bir deşik aça bilir. Bax, bu yerdə ona görə təəccübləndim ki, bəs hanı vaxtilə əhaliyə qənim kəsilən o buldozerlər, traktorlar? Niyə, əhalinin bu şad günündə onlar yoxa çıxıblar? Yoxsa, Vasif Talıbov buldozerləri də da özü ilə aparıb? Axı, 2 km-lik “kubik”dən tikilmiş hasarı “quvald”la sökmək üçün elə bəlkə bir-iki ay vaxt lazımdır. Bəs, niyə bu divar sökmək əməliyyatına həmin texnikalar cəlb olunmur ki, bir günün içində o divarı söküb yerlə bir eləsinlər?
Bəzən, Bakıda hansısa hündürmərtəbəli binanı sökmək üçün traktoru qaldırıb düz onu damının üstünə qoyurlar. Həmin traktor da yuxarıdan sökə-sökə gəlib çıxır birinci mərtəbəyə. Amma, Kolanıdakı yolun kənarına çəkilmiş daş hasarı sökmək üçün, harasa traktor qaldırıb qoymaq lazım deyil. Elə yolun üstündəcə dayanıb, həmin divarı sökmək texnikalar üçün heç bir problem yaratmır. Bəs, niyə bu texnikalardan istifadə olunmur? O boyda hasarı insan qol gücünə, ağır “quvald”la nə vaxta sökə bilər? Görəsən, bir qisim insanlara sevinc bəxş etmək üçün digər insanlara niyə zülm verirlər? Bu sual, o videonu görən gündən məni narahat edir. Ona görə də fikirləşirəm ki, yəqin Vasif Talıbov ölkədən milyardlarını çıxartdığı kimi, özündən sonra texnikaları da gizli yolla çıxarıb. Görünür, Naxçıvanda ağır texnika qalmayıb ki, V.Talıbovun özbaşınalıqlarını söküb yerlə bir edə bilsinlər. Ona da inanmaq istəyirəm ki, yeni səlahiyyətli nümayəndə belə məsələlərə bir az həssaslıqla yanaşaraq, texnikanın gücündən istifadə edəcək və insanlar “quvald”la daş hasar sökmək məcburiyyətində qalmayacaqlar.
Elçin MƏMMƏDLİ
Mövzu ilə bağlı Naxçıvan TV-nin süjetini təqdim edirik: