booked.netbooked.net booked.net  

Müraciətdən: “Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid də qəsdən, yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir ki, bu da əslində  məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlərin,  vaxtı ilə şəhərdə mütləq əksəriyyətini təşkil etmiş azərbaycanlıların  oluduqlarını unutdurmaq məqsədi daşıyır”

Biz həmişə informasiya müharibəsində ermənilərdən geri qalırıq. Özlərininki olmayanları dünyada elə özününkiləşdirirlər ki, adamın bu yalana matı-qutu quruyur. Dünya ictimaiyyətini də beləcə çaşdırarq, bizləri onlara cavab vermək məcburiyyətində qoyurlar ki, bu da daldan atılan dağın topuğa dəyməsi məsəlinə oxşayır. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının UNESCO-ya göndərdiyi müraciət olduqca aktualdır və vacibdir.

Moskvada yaşayan dəyərli ziyalimız, vətənpərvər eloğlumuz, Azərbaycan həqiqətlərinin yayaılmasında böyük fəaliyyət göstərən Şamil Əliyev “Ya Qarabağ, ya ölüm” vatsap qrupuna ünvanladığı Qərbi Azərbaycan İcmasının UNESCO-ya göndərdiyi müraciəti alqışa layiqdir. Məlumat üçün qeyd edim ki, bu vatsap qrupunu da, 32 ildir Hollandiyada yaşayan dəyərli ziyalımız, “Avropada Azərbaycanın dostları cəmiyyəti”nin sədri,  Avropada  Azərbaycan və İngilis dilində nəşr olunan “Xudafərin”, həmçinin eyni adlı saytın təsisçisi və baş redaktoru, vaxtı ilə Milli Qəhrəman Allahverdi Bağırovun yaratdığı özünümüdafiə batalyonunda ermənilərə qarşı döyüşmüş Elman Mustafazadə yaradıb. ABŞ, Kanada, Almaniya,  Polşa, İsveç Ukrayna, Rusiya, Avstriya, Türkiyə, Azərbaycan və digər ölkələrdən 100-dən yuxarı Azərbaycanı, dövlətimizi sevən və onun prazidenti cənab İlham Əliyevi dəstəkləyən ziyalı, vətənpərvər inasanları özündə birləşdirən  “Ya Qarabağ, ya ölüm”  bu vatsap qrupu, Qarabağ həqəqətlərinin dünyaya yayılmassında 44 günlük müharibə zamanı çox böyük işlər gördü. Bu ənənə indi də davam edir. Ona görə də Moskvada yaşayan vətənpərvər ziyalımız Şamil Əliyevin, Qərbi Azərbaycan İcmasının UNESCO-ya göndərdiyi və  “Ya Qarabağ, ya ölüm” vatsap qrupuna yerləşdirdiyi müraciətlə “Təzadlar”ın oxucalarını da tanış etməyi lazım bildim. Qərbi Azərbaycanın, qədim Azərbaycan torpağı olmağını bir daha sübut edən bu müraciət inanıram ki, oxucularımızın da marağına səbəb olacaq. Həmin müraciəti olduğu kimi təqdim edirəm. 

 ***

Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərmişdir.

İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalılar, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:

“Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik.

1989-cu ildə yaradılmış təşkilatımız indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb.

Ermənistan hökuməti azərbaycanlı maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib.

Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilmişdir.

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid də qəsdən, yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir ki, bu da əslində  məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlərin,  vaxtı ilə şəhərdə mütləq əksəriyyətini təşkil etmiş azərbaycanlıların  oluduqlarını unutdurmaq məqsədi daşıyır

Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.

Ermənistanın ayrı-seçkilik və etnik təmizlik siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərmişdir. Məsələn, Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin dayağı olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Ermənistan hökuməti hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını nümayişkaranə şəkildə dağıtmışdır.

Ermənistan tərəfindən azərbaycanlı mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə və mədəni kimliyə təhlükə yaradır və regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh və barışığa ciddi maneə törədir.

Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq və əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaları, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycanlı mədəni irsinin və mülkiyyətinin bərpası, mühafizəsi və saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir.

Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir.

Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir.

Ermənistan bizim qayıdışımızdan əvvəl, qayıdış dövründə və sonra bu hüququmuzu təmin etmək üçün öhdəlik daşıyır.

Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında UNESCO-nun dəstəyini xahiş edirik. Bu ölkədəki azərbaycanlı mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı. 

Təşkilatımız Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır.”

Müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Zati-aliləri cənab Vatslav Balekə və BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi xanım Aleksandra Xantakiyə göndərilmişdir.

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN