booked.netbooked.net booked.net  

Ötən sayımızda dərc olunmuş “Yasamalda daha bir tarixi bina uçmaq təhlükəsi qarşısında” başlıqlı araşdırma yazı ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova İnformasiya sorğusu göndərildi. Sorğuda deyilir: “Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal, ev 19, mənzil 31-də yaşayan Məhərrəmov Vasif Sabir oğlu “Təzadlar” qəzeti redaksiyasına rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, “Sirr” şirniyyat evinin sahibi ona məxsus 31 saylı mənzilin üstündəki (2-ci mərtəbə) 29-cu mənzildə aparılmış qanunsuz tikinti və genişləndirmə işlərindən sonra onun yaşadığı mənzildə çatlar yaranmışdır.

Redaksiya əməkdaşları qeyd olunan ünvanda olarkən foto və videoçəkilişlərlə bu çatları qeydə almışlar. Şikayətçinin əsas tələbi və iddiası ondan ibarətdir ki, “Sirr” şirniyyat evinin sahibi adı çəkilən 29 saylı mənzilin əsas dayaq (yükgötürmə) divarını sökərək heç bir bərkitmə işləri aparmamışdır. Hansı ki, bu tarixi binada təmir-bərpa və s. tikinti işləri həyata keçirilərkən Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanmalı idi. Şikayətçi iddia edir ki, onun və bina sakinlərinin şikayətlərindən sonra “Sirr” Şirniyyat evinin sahibi Əmlak Komitəsinin aidiyyəti bölgə idarəsindən 29-cu mənzilə 2019-cu ildən sonrakı dövrə (yəni, təmir-tikinti işləri aparılan dövrdən sonraya) texniki paspopt almışdır.

Beləliklə, redaksiya qeyd olunan şikayətlə bağlı araşdırma yazı  hazırlayır. Bunun üçün aşağıdakı sorğuların cavablandırılması və müvafiq sənədlərin redaksiyaya təqdim olunması tələb edilir.

“Media haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq aşağıdakı sorğuların cavablandırılmasını Sizdən xahiş edirik:

1.”Sirr” Şirniyyat Evinin rəhbərliyi istismarda olan 29-cu mənzildə təmir-quraşdırma işləri (mənzilin daxilindəki konstruksiya dəyişiklikləri və yükgötürən əsas divarların kəsilərək böyük ölçüdə dəlik açılması və s.) apararkən aidiyyəti üzrə Yasamal rayon İcra Hakimiyyətinə məlumat verilmiş və icazə alınmışdırmı?

2.Adı çəkilən tarixi binanın 29-cu mənzilində təmir-quraşdırma işləri aparılarkən “Sirr” Şirniyyat Evinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması Departamenti arasında müqavilə bağlanmışdırmı?

3.Həmin müqavilə Yasamal rayon İcra Hakimiyyətində qeydə alınmışdırmı?

4.Təmir-quraşdırma işləri aparılmış 29-cu mənzilin 2019-cu ildən əvvəlki dövrə aid Texniki pasportunun surətinin redaksiyaya təqdim edilməsini xahiş edirik.

5.Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal, ev 19, mənzil 31-də yaşayan Məhərrəmov Vasif Sabir oğlunun və bina sakinlərinin adı çəkilən tarixi binadakı qanunsuz təmir-quraşdırma ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə çoxsaylı şikayətləri olmuşdur. Həmin şikayətlərlə bağlı hansı tədbirlər görülmüş, vətəndaşlara qanunun tələbləri baxımından hansı rəsmi cavab verilmişdir? Həmin cavab məktublarının surətinin redaksiyaya təqdim olunmasını xahiş edirik”.

Xatırladırıq ki, “Media haqqında” Qanunun 17-ci maddəsində deyilir: “Maddə 17. Məlumat almaq hüququ: 17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir”.

İnanırıq ki, informasiya sorğusu qanunvericiliyin tələblərinə uyğun olaraq tezliklə cavablandırılacaq.

Elçin Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN