booked.netbooked.net booked.net  

Asif Mərzili: “Çox hörmətli cənab nazir! Sosial sığorta qanunvericiliyi üzrə tanınmış professorun, iqtisad elmləri doktorunun məhkəmələrdə pensiya hüquqlarını qoruya bilməməsi çox ağrılıdır və...”

Avropa Mətbuat Federasiyasının və Dünya Türk Jurnalistlər Federasiyasının üzvü, Türkiyənin anadoluhaber.com və ilkhavadis.com saytlarının köşə yazarı, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. İctimai və hüquqi əhəmiyyətini nəzərə alaraq aşağıda dərc edirik:

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova!

Çox hörmətli Fikrət müəllim!

Beynəlxalq media sahəsindəki statusumdan istifadə edərək qeyd etməliyəm ki, bəzi məhkəmə hakimlərinin çıxardığı qərarlar sonradan Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan dövlətinin təziminat ödəməsinə səbəb olan qərarlara gətirib çıxarır. Bu qərarlar hər il dövlətimizin maddi və hüquqi imicinin ziddinə olan sanksiyalaşma ilə nəticələnir. Maraqlıdır, Dövlətimizin beynəlxalq və milli siyasi-hüquqi mənafelərinə qarşı qanunsuz əməllər törədənlər Azərbaycan CM-nin müvafiq maddələri ilə cinayət məsuliyyəti daşıyırlar. Lakin ədalətsiz qərarları ilə Azərbaycan Dövlətinin beynəlxalq imicinə zərbə vuran hakimlər isə buna görə məsuliyyət daşımırlar. Niyə? Çünki bu cərimə sanksiyaları həmin əsassız və ədalətsiz qərarları çıxarmış hakimlərin əmək haqlarından tutulmur və s.

Təəssüflər olsun, hələki reallıq belədir. Fikrimi jurnalist kimi müşahidəçisi olduğum Bakı İnzibati Məhkəməsinin 29.07.2022-ci il tarixli, 2-1(112)-5433 nömrəli Qərarına istinad edərək bildirmək istəyirəm.

Cənab nazir!

Məhkəmə hakimləri qəbul etdikləri qərarları Azərbaycan Dövlətinin adından çıxarırlar. Bu səbəbdən hər kəs Azərbaycan dövlətinin adı keçən bu qərarlara hörmətlə yanaşır. Aşağıda bəhs edəcəyim məhkəmə qərarı da mənim müşahidələrimin yekunu olaraq gözümün qarşısında qəbul olunub, hörmətlə yanaşılıb, lakin məsələ xeyli mürəkkəbdir, Sizin müdaxilənizə zərurət vardır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Ali Məhkəmənin yeni binasının açılışında bildirdi ki, “...Bu bina Ədalət Sarayı olmalıdır!”.

Əlbəttə, məhkəmə instansiyaları işlərə ədalətli baxmalı və bütün hüquqi prosedurlar gözlənilməlidir. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bu fikri Bakı İnzibati Məhkəməsi, onun işə baxan hakimi xanım Aygün Əhədovanın qərarına aid etmək mümkün deyil. Belə ki, iddiaçı, iqtisad elmləri doktoru, professor (Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur) Həsənli Mirələm Xası oğlu 01 iyul 2009-cu il tarıxdən 62 yaşında əmək pensiyası hüququ əldə etmişdir. O, hazırda da işləməkdə davam edən ali hüquq təhsilli, iqtisad elmləri doktoru, maliyyə üzrə professordur. Lakin Azərbaycan Əmək və Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri onun əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını qəsdən düzgün hesablamamışlar. Bunu ona görə deyirəm ki, professorun özü ilə birlikdə bu məsələni iqtisadçı jurnalist olaraq birlikdə araşdırmışam.

Beləliklə, M.Həsənli hüquqlarının məhkəmədə müdafiə ediləcəyi ümidi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edir. Məhkəmə “Əmək pensiyaları haqqında” əvvəlki Qanunun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9.-cu bəndinə görə, həmin Qanunun 1.0.5.-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının 50 %-i onların fərdi hesabının sığorta hissəsində qeydə alınıb. Bildirim ki:

-01 may 2017-ci il tarixli 1352 nömrəli Fərman ilə 377 nömrəli Fərmanın 2.9.-cu bənd ləğv edilmişdir;

-01 iyul 2017-ci il tarıxdən isə əvvəlki Qanunun 1.0.5.-ci maddəsi yeni Qanunda 1.0.8.-ci maddə ilə əvəz olunmuşdur;

- 01 iyul 2017-ci il tarixdən qüvvədə olan yeni Qanunun 1.0.8.-ci maddəsinə görə isə əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50%-i deyil, 90 %-nin məbləğı nəzərə alınmaqla hesablama aparılmalıdır.

Qanunun bu maddəsini isə həm Azərbaycan Əmək və Sosial Müdafiəsi Nazirliyində, həm də məhkəmədə “unudurlar”! Niyə? Axı bu qanunda nəzərdə tutulub və qeyd edildiyi kimi hesablanmalıdır!

Ən pisi, Bakı İnzibati Məhkəmədə həmin maddələri yanlış tətbiq etməklə, əmək pensiyasının ümumilikdə əvvəllər qüvvədə olmuş, ləğv edilmiş qanunvericilik normalarına uyğun olaraq hesablanmasına dair düzgün olmayan nəticəyə gəlinmişdir.

Xatırladım ki, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” yeni Qanunun 1.0.8.-ci maddəsində yazılır:

“ -fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərdə tutulan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır”.

Qanunun 26.1.-ci maddəsinə əsasən isə “...2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləğı dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır”.

Qanunun 27.1.-ci maddəsində yazılır: “...sığortaolunanların, o cümlələn işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarıxındən 2017-ci il 01 iyul tarixınədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 01 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”.

Qanunun 29.1-1.-ci maddəsinə görə, “...sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir”.

Bu da Qanunun 37.3.1.-ci maddəsi. Qanuna əsasən işləyən əmək pensiyaçılarına “...yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış söğorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir”.

Cənab Nazir! Göründüyü kimi, qanunda hər şey aydın yazılıb, burada hakimin başa düşmədiyi nə məzmun var ki?! Və hakimin qərarında nədən axı araşdırmanın predmeti kimi iddiaçıya (bu sahənin Professoruna) qüvvədən düşmüş əvvəlki Qanunla əmək pensiyasının təyin edilməsində nəzərdə tutulan, ləğv edilmış maddələrin, müvafiq normaların və bu normaların tələblərinə uyğun hesablama aparılır??? Bununla da tamamilə əsassız, qanunsuz olan yanlış qərar qəbul edilmişdir.

Mən jurnalist kimi araşdırma apardım.

Bu da mötəbər sübut: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının müvafiq Qərarlarından SİTAT:

“-Kollegiya xüsusilə qeyd edir ki, “işləyən əmək pensiyaçılarının əmək pensiyalarının yeni qanuna görə yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixindən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsində həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır...”.

-“İddiaçıya əvvəlki qanunla əmək pensiyasının təyin edildiyi nəzərə alındıqda, hazırki halda ona yenidən əmək pensiyasının təyin edilməsi deyil, təyin edilmiş əmək pensiyasının yeni qanuna görə yenidən hesablanması, bu hesablamanın qanunauyğun aparılıb-aparılmadığı araşdırmanın predmeti ola bilər”.

-“iddiaçının hüquqi marağının daha yüksək pensiya məbləği ilə bağlı olduğunu nəzərə aldıqda, bu halda pensiya məbləği yeni qanuna görə 01 iyul 2017-ci il tarixində yenidən hesablanarkən müvafiq maddələrinə və bu tarıxdən qüvvədə olan normaların tələbləri baxımından qiymətləndirilməlidir.”

-“(...) iddiaçı hazırda işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1.-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq” yeni Qanunun 1.0.8., 26.1., 27.1., 29.1-1. və 37.3.1.-ci maddələri nəzərə alınmaqla yenidən hesablama aparılmalıdır”.

Kassasiya İnstansiya Məhkəməsinin mövqeyi: “(...) iddiaçı pensiya təyin olunduqdan sonra işləməkdə davam etmişdir (...). Pensiya təyin olunduğu (...) ilədək (...) manat kapital + (...) -2017-ci illərdəki (...) manat pensiya kapitalı tam nəzərə alınaraq (...) manata qanunauyğun olaraq çatdırılmalı.(...)” və s.

Onu da bildirim ki, iddiaçı Professorun iddia ərizəsində göstərilmiş dəlillərin hüquqi əsası kimi düzgün olaraq yeni Qanunda “Əmək pensiyasının yenidən hesablanması” (VII fəsil) və ödənilməsi (IX fəsil) üçün əsas olan müvafiq maddələrin tələblərinə və qüvvədə olan normalara istinad edərək hesablama aparılmışdır.

İddiaçının bu hesabatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert-ixtisas Komissiyasının əmri ilə məhkəmə eksperti ixtisası almış, Məhkəmə Ekspertizası Mərkəzində aparıcı ekspert vəzifəsində işləmiş və Mühasibatlıq ekspertizası üzrə ekspert-mütəxəssis, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, Azərbaycanın Fəxri Auditorunun, ekspert-mütəxəssis və qanunvericilikdə sübut mənbəyi hesab edilən əsaslandırılmış yekun nəticə kimi qiymətləndirilən ekspert rəyləri ilə tam təsdiq olunmuşdur. Hakimə bunlar da yetərli olmamışdır.

Çox hörmətli cənab nazir!

Qeyd edilənlərdən gəldiyim nəticəyə uyğun olaraq hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən:

-“Əmək pensiyaları haqqında” Qanunun 1.0.8., 26.1., 27.1., 29.1-1., 37.3.1.-ci;

-“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1.,22.-ci;

-“İnzibati Prosessual” Məcəllənin 12.,48., 51., 58., 64., 68.2.-ci, bu məcəllənin 29.1.-ci “inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağli məsələlərin tənzimlənməsində”:

-“Mülki Prosessual Məcəllənin” 76., 78., 81., 87., 99.-cu;

-“Məhkəmə və hakimlər haqqında” Qanunun 8., 13.-cü maddələrinin tələbləri tam yerinə yetirilməmişdir. Bütün bunlar isə təəssüf hissi doğurur.

Sadalananlara hüquqi qiymət verdikdə hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən qüvvədə olan maddı və prosessual hüquq normalarının tələblərinə uyğun olan qərar qəbul edilməmişdir. Bu da iddiaçının konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir.

İddiaçı M.Həsənli Bakı İnzibati Məhkəməsinin hakimi xanim Aygün Əhədovanın Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hüquqi mövqeyini, faktları, sübutları, ekspert-mütəxəssis, mühasib-auditor ekspertlərinin rəylərini və şəxsən özünün “əlyazma hesabatını” nəzərə almayan əsasız və qanunsuz qərarından “Məhkəmə və hakimlər haqqında” Qanunun 8., 13., 111-1. və 112-ci maddələrinə uyğun olaraq Sizə-Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının Sədri Cənab Fikrət Məmmədova müraciət etmişdir. Hansı ki, həmin məhkəmə araşdırmasında özüm şəxsən iştirak etmişəm, müşahidələrimi qeydə almışam.

***

Sonda bildirirəm ki, Bakı İnzibati Məhkəməsinin bu əsassız və qanunsuz Qərarından 27.08.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. İddiaçı-Professor Həsənli Mirələm Xası oğlunun apellyasiya şikayətundə göstərilən dəlillər, faktlar, qanunvericilikdə sübut mənbəyi hesab edilən məhkəmə ekspertizasının ekspert-mütəxəssis, mühasib-auditor ekspert rəyləri və Kassasiya İnstansiya Məhkəməsinin hüquqi mövqeyi birinci instansiya məhkəməsinin əsasız qərarının ləğv edilməsi və apellyasiya şikayətinin tam təmin üçün qanunidir. Çünki məhkəmə “Əmək pensiyaları haqqında” yeni Qanunun müvafiq maddələrini yanlış tətbiq etməklə əmək pensiyasının ümumilikdə əvvəllər qüvvədə olmuş qanunvericilik normalarına uyğun olaraq hesablanmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” yeni Qanuna uyğun əmək pensiyasının yenidən hesablanmasına aid Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Qərarlarında göstərilən hüquqi mövqeyini əsas götürərək apardığım hesabata, faktlara, sübutlara, ekspert-mütəxəssis, mühasib-auditor rəylərini obyektiv qiymətləndirmək, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən aşağıdakı məsələlərə hüquqi qiymət verilməsi iş üçün əhəmiyyətli və zəruridir:

  1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının “Əmək pensiyaları haqqında” yeni Qanuna uyğun əmək pensiyasının yenidən hesablanmasına aid hüquqi mövqeyini nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?
  2. Əmək pensiyasının yeni Qanuna görə yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarıxındən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalı olduğunu nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?

3.Məhkəmə qərarında araşdırmanın predmeti və obyektini yeni Qanuna uyğun olaraq düzgün müəyyən etməyən hakimin qərarını qanuni hesab edirsinizmi?

  1. Məhkəmə qərarında araşdırmanın predmetini ümumilikdə əvvəllər qüvvədə olmuş qanunvericilik normalarına uyğun hesablanma əsasında qiymətləndirən hakimin qərarını qanuni hesab edirsinizmi?
  2. Araşdırmanın obyekti üzərində tədqiqatın aparılması üçün əhəmiyyətə malik rəsmi sənədləri – sosial arayışı, fərdi şəxsi hesabı və yeni Qanunda əmək pensiyasının yenidən hesablanması üçün nəzərdə tutulan maddələrin (1.0.8., 26.1., 27.1., 29.1-1., 37.3.1.) tələblərinə uyğun hesablama aparılmadan 2006-2017(I)-ci illər üzrə gəlirlər və ödənişlər barədə rəsmi məlumatları cavabdehdən ala bilməyən hakimin qərarını qanuni hesab edirsinizmi?
  3. Yalnız cavabdehin məhkəməyə təqdim etdiyi “hesabat” əsasında qərar qəbul edən hakimin qərarını qanuni hesab edirsinizmi?

7.Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırılmalı olduğu halda, hakim və cavabdeh tərəfindən heç bir rəsmi sübut mənbəyi təqdim olunmadığı halda və ümumiyyətlə, işdə mövcud olmayan “sübutlar” əsasında “araşdırma aparan” hakimin qərarını qanuni hesab edirsinizmi?

  1. Şifahi məhkəmə baxışında iddiaçının təqdim etdiyi, qanunvericilikdə sübut mənbəyi kimi qəbul edilən məhkəmə-ekspert rəyləri: ekspert-mütəxəssis, mühasib-auditor rəyləri barədə heç bir məlumat vermədən, məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadan qiymətləndirmə aparan hakimin qərarını qanuni hesab edirsinizmi?
  2. Məhkəmə qərarında (səh. 16-/17) guya indeksləşdirmənin “Sübutu” kimi təqdim olunan “Sosial arayışda” 2014-cü il üçün illik gəlir 20989,35 AZN, hasablanmış MDSS 4898,79 AZN (20989, 35x25%) ödənilmiş MDSS 4898,79 AZN göstərilmişdir(...). Bu hesablama təmamilə səhv və yanlışdır. Çünki rəsmi sosial arayışda 2014-cü il üçün illik gəliri 20989,79 AZN deyil 19595,14AZN, 20989,35 AZN-in 25%-i isə 4898,79 AZN deyil 5247,34 AZN təşkil etdiyini nəzərə alaraq cavabdehin faktlara əsaslanmayan, səhv və yanlış hesabatına uyğun qiymətləndirmə aparan hakimin qərarını qanuni hesab edirsinizmi?
  3. Məhkəmə qərarında sübutlara hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün təqdim etmədən qiymətləndirmə aparan hakimin qərarını qanuni hesab edirsinizmi?
  4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert İxtisas Komissiyasının əmri ilə “məhkəmə eksperti” ixtisası almış və şəhadətnamə əsasında fəaliyyət göstərən ekspertlərin ümumi rəyini nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?
  5. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin ekspert-mütəxəssis rəyini nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?
  6. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, ekspert rəyini - əsaslandırılmış yekun nəticə olduğunu qəbul etməyən hakimin qərarını qanuni hesab edirsinizmi?
  7. Azərbaycan Respublikasının Auditorlar Palatasının Fəxri Auditoru, mühasib-auditor, ekspert-mütəxəssis, 42 il ixtisası üzrə iş təcrübəsinə malik, 2003-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvü Şirinov Yasin Rza oğlunun rəyini nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?
  8. “Məhkəmə ekspertizası fəaliyyəti haqqına” Qanunun 11-ci maddəsində məhkəmə eksperti kimi fəaliyyət üçün nəzərdə tutulan 3 tələbdən hər üçünə cavab verən ali hüquq təhsilli, iqtisad elmlər doktoru, beynəlxalq diplomu və sertifikatları olan, maliyyə üzrə professor Mirələm Həsənlinin yeni Qanunun 1.0.8.; 26.1.; 27.1.; 29.1-1.; 37.3.1.-ci maddələrinin tələblərinə tam uyğun tərtib etdiyi hesabatı nəzərə almayan hakimin qərarını qanuni hesab edirsinizmi?
  9. Hakim mübahisəsi ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul etmək üçün mümkün olan özünün “əlyazma hesabatını” belə daxili inamı kimi qəbul etməyən hakimin qərarını qanuni hesab edirsinizmi?
  10. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq məhkəmə icraatının cəkişmə prinsipi əsasında həyata keçirilməsini təmin etməyən hakimin qərarını qanuni hesab edirsinizmi?

Cənab Nazir!

Təbii ki, mən iddiaçı Professor, iqtisad elmləri doktoru M.Həsənlinin qanuni vəkili deyiləm, ona görə də hər hansı qərarın verilməsini iddia edə bilmərəm. Amma yuxarıda sadalananlara jurnalist olaraq adicə qanunvericiliyin tətbiqi qiymətini verərək hesab edirəm ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qüvvədə olan “Əmək pensiyaları haqqında” yeni Qanunun müvafiq maddələrinin, maddi və prosessual hüquq normalarının tələblərinə tamamilə ziddir. Ən vacibi, bu qərar Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək növbəti potensial məhkəmə aktlarından biridir. Ona görə də apellyasiya şikayətində göstərilmiş dəlillər həmin qərarın ləğv olunması üçün əsasdır.

Cənab nazir!

Bu müraciətimdə də məqsədim odur ki, Azərbaycan Dövlətinin adından çıxarılmış daha bir məhkəmə qərarı gələcəkdə Beynəlxalq məhkəmələrdə mübahisələndirilməsin və Azərbaycan Dövləti hansısa bir hakimin ədalətsiz qərarı ilə sanksiyaya məruz qalmasın.

İnanıram ki, Bakı Apellyasiya Məhkəməsində də bu müraciətimə yalnız bu prizmadan yanaşılacaq. Çünki Sizin, eləcə də bu məhkəmə instansiyasının rəhbərliyinin ədalətinə və obyektivliyinə bələdəm.

Asif MƏRZİLİ  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN