booked.netbooked.net booked.net  

Əməkdaşımız 2-ci Dünya Müharibəsindən sonra qürbətdə yaşamğa və ölməyə məhkum olmuş azərbaycanlıların məzarının və saxlanıldıqları hərbi düşərgələrin izinə düşüb…

...Qürur hissi ilə deyə bilərik ki, müxtəlif səbəblərdən, xüsusən də təhsil almaq niyyəti ilə xarici ölkələrdə yaşamağa məcbur olan soydaşlarımızın demək olar hamısı həmin qərib ölkələrdə Azərbaycanın adını uca tutmağa, diaspor quruculuğu, lobbiçilik və həmin ölkədə yaşayan azərbaycanlılarımızın Vətən adı ətrafında həmrəyliyini, birliyini təmin etməyə çalışırlar. Belə soydaşlarımızdan biri də 1993-cü ildə Ermənistan qoşunları havadarlarının sayəsində Qarabağın bir çox ərazilərini, o cümlədən Ağdamı işğal edəndən sonra doğma yurdundan məcburi köçkün düşmüş İlham Rəsuldur.

 İlham bəy həm də yaradıcı insandır və "Təzadlar" qəzetinin Avropa üzrə xüsusi müxbiridir. O, hazırda İsveçrədə yaşayır, fəaliyyət göstərir. Bu ölkədə Azərbaycanın təbliği ilə məşğul olur, yerli ziyalılara Azərbaycan haqqında ətraflı bilgi verir. Həmçinin Azərbaycan oxucularına da müntəzəm olaraq İsveçrəlilərin Azərbaycan haqqında düşüncələrini, bu ölkənin özünəməxsusluğunu tanıdır.

Nəhayət, İlham Rəsul bu yaxınlarda daha bir xeyirxah təşəbbüslə çıxış edib, İsvecrədə 1941-45-ci illər müharibəsində əsirlikdə olmuş Azərbaycan vətəndaşlarının taleyini öyrənməyə qərar verib. Onun aşağıda təqdim edilən araşdırma məqaləsini təqdim edirik:

…İkinci Dünya Müharibəsi zamanı 104 mindən çox insan - hərbi əsir İsveçrə ərazisində xüsusi düşərgələrdə saxlanılıb. Onların arasında azərbaycanlılar da olub. Həmin soydaşlarımızın bəzilərinin qəbirləri İsveçrə torpaqlarındadır. Üstü ay-ulduzdu başdaşları yüz ilə yaxındır ki,  qəbiristanlıqda dik dayanaraq öz qohum-əqrəbalarıının yolunu gözləyir.

***

…Mən bu yazını onların və onlarla eyni taleni yaşamış bütün soydaşlarımızın əziz xatirəsinə həsr edirəm. Və çox ümid edirəm ki, bu yazıya əlavə olunmuş fotolar kimlərəsə ötən əsrin dumanlı-tüstülü müharibə pərdəsi arxasında qalmış əzizlərini tapmaqda yardımçı olacaq. 

Onu da deyim ki, müxtəlif səbəblərdən, xüsusən də təhsil almaq niyyəti ilə, başqa məqsədlə xarici ölkələrdə yaşamağa məcbur olan soydaşlarımızın bir çoxu ilə əlaqə saxlayıram, Azərbaycanın uğurlarını təbliğ edirik. Bu qərib ölkələrdə Azərbaycanın adını uca tutmağa, diaspor quruculuğu, lobbiçilik və həmin ölkədə yaşayan azərbaycanlılarımızın Vətən adı ətrafında həmrəyliyini, birliyini təmin etməyə çalışırıq.  

Əlizadə qardaşları…

 …İndilik belə soydaşlarımızdan ikisi - İsveçrədə yaşamış, həyatlarını burda başa vurmuş Nadir və Rəhim Əlizadə qardaşlarından danışmaq istəyirəm. 

1945-ci ildə - İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Almaniyadakı hərbi əsir düşərgələrindəki sovet hərbi əsərlərinin bir çoxu Avropanın müxtəlif ölkələrinə üz tuturlar. Buna səbəb Stalin rejiminin əsirlikdə olub, geri SSRİ- yə qayıdan sovet vətəndaşlarına qarşı amansız rəftarı olur. Onlar vətən xaini elan edilir, işgəncələrə məruz qalır, güllələnir və ya ağır işlərdə çalışmaq üçün Sibirə sürgün edilirdilər. Ancaq iş bununla da bitmirdi, belə tale yaşamağa məcbur olmuş insanların yaxınları - doğmaları da rahat buraxılmır, incidilir, təhdidlərə, təqiblərə məruz qalırdılar. Haqqında danışdığım Nadir və Rəhim qardaşları da bu kimi səbəblərdən Alman əsir düşərgəsindən İsveçrəyə gəlməyə məcbur olurlar. Onlar İsveçrədə belə taleli insanlar üçün yaradılmış WOSCHAU düşərgəsində yerləşdirilirlər.  

ilham-res-1      

 Qardaşlar mömin - inanclı insanlar olublar. Vətəndə onlara fərari damğası vurulduğunu eşidəndə çox pis olurlar. İsveçrəlilər demiş, ümidsizliyə düçar olmuş bu gənclər özlərini sahili görünməyən bir dəryada hiss edirlər (bu cümlə İsveçrəlilərin qardaşların məzarı üstə qoyduğu qəbirüstü lövhədə də yazılıb). Ancaq bu ümidszlik yükünü, sahilsiz dəryanın yaratdığı bədbinlik ağrısını uzun müddət daşıya bilmir qardaşlar. Valideynləri, bacı - qardaşları, doğmaları ilə bir daha görüşməyəcəklərini, vətəni bir daha görə bilməyəcəklərini düşünüb, odlu silahdan atəş açmaqla birlikdə intihar edirlər. Bu hadisə müharibənin bitməsindən (sentyabr 1945) az sonra baş verir. 30 mart 1946-cı il bu iki gənc qardaşın - soydaşlarımızın həyatının son günü olur.

 Qardaşlar İsveçrənin SCHONENWERD şəhəri məzarlığında, müsəlman adəti ilə dəfn ediliblər. İntihar edəndə birinin 22, digərinin 24 yaşı olub. Mərhum Nadir və Rəhim Əlizadələr barədə bu yazdıqlarımın əksər hissəsi onların məzarüstü lövhəsindən götürülüb. Qardaşlar haqqında məlumatların bir hissəsini isə mən uzun müddətdir İsveçrədə yaşayan türk qardaşımız Muratın vasitəsi ilə əldə etdim…

 SCHONENWERD məzarlığı

 Türk dostum Muratla qəbirstanlığı ziyarətə gələndə soydaşlarımızın məzarlarının ətrafının təmizliyi, üzərində bitən çiçəklər məni təəccübləndirdi. Murat dedi ki, bütün bunlar yerli bələdiyyənin işidir. Onlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Maraqlıdır, 80 il əvvəl qürbətdə dünyasını dəyişmiş soydaşlarımızın məzarları üstə həmişə çiçəklər var, halbuki uzun illərdir bu məzarları doğma insanlar ziyarət etmək imkanına malik olmayıblar.

ilham-res-3

Yazıya əlavə olunan şəkillərin hamısı mərhum soydaşlarımızın - Nadir və Rəhim Əlizadə qardaşlarımızın əbədi uyduğu SCHONENWERD məzarlığındandır. Şəkillərin çox olmasının bir səbəbi də İsveçrə məzarlıqlarında olan səliqə - səhmanı göstərmək və dünyasını dəyişənlərə hörmətin - sayqının göstəricisinin heç də həmişə bahalı mərmər daşlar olmadığını nəzərə çatdırmaqdır.

Mənim babam…

Bu yazını yazmağa məni vadar edən səbəblərdən biri də babamın - Rəsulov Məhəmməd Süleyman oğlunun da İkinci Dünya Müharibəsində itkin düşməsidir. Bu günədək babamın sonrakı taleyi məlum deyildi. Düz 80 il əvvəl 1943-cü il may ayının 5 - də babam itkin düşüb. Mən hələ də bu yöndə axtarışlarımı davam etdirirəm. 5 il öncə Almaniyada babamın axtarışı ilə əlaqədar etdiyim cəhdlər uğursuz oldu. İndi İsveçrədə bu işi davam etdirirəm.

İsveçrədə, eləcə də Avropada türk qardaşlarımızın uzun illərdir yaşaması, hər işdə bizə yardımçı olur. İkinci Dünya Müharibəsindən sonra məcbur olub talelərini qürbət ölkələrlə bağlamış soydaşlarımız da həmişə türk qardaşlarımızla bir olmuşlar. Onların da yardımı ilə nə vaxtsa babamın da uyuduğu məzarlığı tapacağıma ümid edirəm. Ola bilsin ki, bu gün mən Əlizadə qardaşlarının məzarını tapdığım kimi, bir gün də başqa soydaşımız mənim babamın məzarını tapıb bu barədə məlumat yayacaq. Hər halda biz xaricdə yaşayan azərbaycanlılar hər şeyi dövlətimizin öhdəsinə buraxmayıb özümüz də xalqımız, məmləkətimiz üçün nələrsə etməliyik. İkinci Dünya Müharibəsində itkin düşmüş soydaşlarımızın məzarlarının tapılması yönündə hamılıqla səy göstərməyimiz çox faydalı olar. 

***

 Mən hazırda İsveçrədə yaşadığım üçün bu günkü axtarışlarım da İsveçrə ərazisini əhatə edir. Ancaq nə vaxtsa bu axtarışların əhatə dairəsinin genişlənəcəyi də istisna deyil. Onu da deyim ki, bu yöndə çalışmaq üçün mənbələr də az deyil.

“İnternes en suisse, 1939-1945”

İsveçrəli publisist Olivye Qrivin (Olivier Grivat) kitabı belə adlanır. Kitabda İkinci Dünya Müharibəsi zamanı müxtəlif səbəblərdən İsveçrəyə gəlib çıxmış müttəfiq dövlətlərin və Almaniyanın əsgərlərindən bəhs edilir ki, onların da arasında minlərlə sovet əsgəri var idi. 

ilham-res-5

Onu da deyim ki, Olivye Qrivin bu kitabı İkinci Dünya Müharibəsində əsir düşmüş hərbçilərin taleyi haqda bilgi əldə etmək üçün əvəzsiz mənbədir. Müəllif bu kitabı hələ 1980-ci illərin əvvəllərindən yazmağa başlayıb. Ancaq Federal Arxivlərə girişə olan qadağa səbəbindən işi məhz 15 il sonra başa çatdıra bilib.

Bəs müəllifi bu mövzuda araşdırmalar aparmağa, yazmağa nə vadar edib? Qriv qeyd edir ki, bu mövzuya müraciət etməyinin səbəbi yalnız tarixə marağı olmayıb. Onu buna vadar edən həm də 1980-ci illərin əvvəllərində Sovet Ordusu əsgərləri ilə görüşü olub. Müəllifin dediyinə görə, onlar Əfqanıstanda əsir düşüb Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vastəsi ilə İsveçrəyə gətirilmiş sovet əsgərləri olub. “Bitərəf dövlətlərin hüquqları və vəzifələri haqda 1970-ci il Haaqa konvensiyası” bitərəf dövlətlər üzərinə müharibə aparan dövlətlərin nümayəndələrini tərksilah etmək, onların nəqliyyat vasitələrini həbs etmək vəzifəsi qoyur. Bu, bitərəf ölkənin ərazisində və düşmən ölkənin ərazisində baş verə bilər. “İnternes” termininin mənası da elə bu deməkdir.

1939-1945-ci illər arasında 100 mindən çox belə saxlanmış hərbçi İsveçrədə sığınacaq tapmışdır. Tərkibində 40-dan çox millətin nümayəndəsi olan 104.886 əsgər və zabit Konfederasiya ərazisində təşkil edilmiş 768 düşərgədə yerləşdirilmişdir. Bunlar: amerikalı pilotlar, nasist hərbi düşərgələrindən qaçmış yuqoslavlar, Hitler ordusunun fərariləri, yunanlar, polşalılar, italyanlar, danimarkalılar, seneqallılar və başqaları idilər.

 ilham-res-7

Olivye Qriv öz əsərində yazır: “Burada sovet hərbi əsirləri də peyda oldurlar ki, onların çoxu Reyn çayını üzərək keçib İsveçrəyə gəlmişdilər. Sığınacaq istəyənlərdən, ancaq Vlasovun Ordusunun əsgərlərinə - “ağ ruslara” rədd cavabı verilirdi ki, onlar da əyinlərinə alman hərbi forması geyinib döyüşmüşdülər. Sonralar Odessaya gətirilmiş kazaklar heç bir məhkəmə keçirilmədən, birbaşa elə dəniz sahilindəcə güllələnmişdilər.”

***

 Federal Hesablama Xidmətinin məlumatına görə, qaçqınların ən böyük axını 1944-cü ilin sentyabrına təsadüf edir ki, bu vaxt İsveçrədə ora qaçıb gəlmiş 841 sovet hərbi əsiri var idi. Onların qeydiyyatı xüsusi qaydada – yəni digər hərbi əsirlərdən ayrı aparılırdı. Belə qaçqınlar fermer təsərrüfatlarında yerləşdirilir, yemək və yatacaqla təmin edilirdi. Onlar gündə 9-11 saat işləyir, ayda 90 frank əməkhaqqı alırdılar ki, bu puldan da Konfederasiya 30 frank interne xidməti üçün götürürdü.

İsveçrə düşərgələrində olmuş sovet hərbi əsirlərinin çoxu- 11 min nəfər sonradan Stalinin tələbi ilə geri, SSR-yə qaytarılmışdır. Bu əsirlərin güllələnməyənlərinin əksəriyyəti ömrünü Sibirdəki düşərgələrdə başa vurdu.

***

 Olivye Qriv əsərinin sonunda hələ də cavab tapa bilmədiyi suallar qoyur:

- Federal Sovet o vaxtlar Sovet hərbi əsirlərini onların istəyinin əleyhinə olaraq SSRİ-yə geri göndərməkdə düzgün hərəkət etdimi? Axı bu əsirlərin çoxu geri göndərilməmək üçün yalvarır, təkrar rədd cavabı aldıqda intihar etməyi üstün tuturdular.

-Federal Sovet bu insanların sonrakı taleyindən xəbərdar idimi?

Bu da son…

…Həyat doğrudan da müəmmalıdır. Mən bu gün İsveçrədə, Aarqau Kantonunda yaşayıram. O zamanlar sovet hərbi əsirlərinin geri, SSRİ-yə qaytarılmasına müqavimət göstərənlərdən biri məhz Aarqau Kantonu idi. 1949-cu ilin iyununa qədər İsveçrədən 100-lərlə sovet müsəlman hərbi əsiri Türkiyəyə və yaxın şərqə göndərildi ki, onların çoxu artıq tək deyildi, evlənib ailə-uşaq sahib olmuşdular. Kim bilir bu insanların arasında nə qədər soydaşımız da var idi...  

İlham Rəsul,

“Təzadlar”ın Avropa müxbiri

(İsveçrə, Aarqau)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çapa hazırlanmışdır.İst.6.3.14.).

media

 ilham-res-6

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN