Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Aprel döyüşləri şəhidlərinin məzarlarını ziyarət etdilər.

Ziyarət zamanı Aprel döyüşlərində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun əziz xatirəsi dərin ehtiramla yad edildi, məzarları üzərinə tər qərənfillər qoyuldu. Anım günündə iştirak edən Mərkəzi Kitabxananın oxucusu, Aprel şəhidi Urfan Vəlizadənin qohumu Rahilə Vəlizadə,  şəhidin yaxın qohumları öz xatirələrini bölüşərək bildirdilər ki, Urfan Vəlizadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin anası Gülnar Hüseynzadə oğlu ilə bağlı xatirələrini bölüşərək bildirdi ki, Həmidağa Aprel döyüşlərində də iştirak etmiş, 44 günlük Vətən müharibəsində isə şəhidlik zirvəsinə ucalmışdır. Kitabxanaçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz ruhlarına dualar oxudular. Şəhidlərin yaxınları göstərdikləri diqqətə görə kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirdilər. 

Bəli, aprel şəhidlərinin ruhu həmişə şaddır, çünki onların arzuları yerinə yetdi- Şuşa, Xocalı, Xankəndi, Ağdam, Laçın, Kəlbəcər, Füzuli... azad edildi, indi Qarabağ sözün tam mənasında Azərbaycandır!

Y.Məmmədli

4