Asiman Hüseynov: “Bu gün Azərbaycanın hüdudlarından kənarda olan formalaşmış Diaspora gələcəkdə inkişaf etmiş, iqtisadiyyatı güclü, sosial yönümlü, ədalətli Azərbaycan Respublikasının dayağıdır”

Həmsöhbətimiz Rusiyanın Yaroslavl Vilayətində fəaliyyət göstərən Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyatının sədri Asiman Hüseynovdur.

Azərbaycandan kənarda, yəni xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız, demək olar azərbyacanlı olmaqdan çıxıblar. Ad və soyadlarından başqa Azərbaycana heç bir aidiyyəti olmayan bu insanlar vətənimiz, dövlətimiz, dövlətin rəhbəri haqqında ağlına və ağzına gələni yazırlar, danışırlar.

Yaxın və uzaq xaricdə yaşayan soydaşlarımızın çoxu isə, vətən, yurd həsrəti ilə hər an alışıb yanırlar, yaşadıqları ölkədə, vilayətdə, ərazidə Azərbaycan adına böyük işlər görürlər. Biz də istəyirik, uzun illərlə xaricdə yaşasa da, Azərbaycanın adını, nüfuzunu həmişə uca tutan belə oğullarımızı xalqımıza tanıdaq. Bunlar birdimi, beşdimi, ondumu, hansı birini deyim? Belə oğullarımızın hər biri ilə qürur hissi keçiririk. Mən yeri düşdükcə, onların adlarını yazılarda qeyd edirəm.

Bu günlərdə Ukraynada yaşayan, arxitektor və iş adamı Mirzə Ceyhun bəy, işi ilə əlaqədar görüşdüyü xarici qonaqların arasında olan və əsl erməni xislətini göstərərək, xalqımız, dövlətimiz haqqında hədyanlar danışan bir erməniyə, həmin qonaqların yanındaca tarixi və elmi arqumentlərlə elə samballı cavab verib ki, erməni nəinki qədim xalq olduğunu, hətta öz adını belə unudub. Bundan sonra isə, həmin erməni bütün yalanlarının ifşa olunduğunu görüb və oradan uzaqlaşıb.

Moskvada yaşayan Etibar bəy, Fəxrəddin bəy, İlqar Süleymanov, Tahir Hacıyev, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov, şair Sultan Mərzili, Azərbaycanın adını həmişə uca tutan ziyalı soydaşlarımızdandırlar. Xaricdə yaşayan xanımlarımız da Azərbaycan və Qarabağ həqiqətlərinin təbliğində, yerli əhaliyə çatdırılmasında heç də bəylərdən geri qalmırlar. Hicran xanım Əliyeva, Sevil xanım, Gülarə xanım Orucova, şairə Tahirə xanım, müğənni Tahirə xanım, Maya xanım məhz belələrindəndirlər.

***

Rusiyanın Yaroslavl vilayətində yaşayan dəyərli soydaşlarımızdan olan Asiman Hüseynov da Azərbaycan və Qarabağ həqiqətlərinin yaşadıqları vilayətdə təbliğində, diaspor fəaliyyətinin inkişafında dostları ilə birlikdə böyük işlər görür. Amma çox təəssüf ki, belə vətənpərvər insanlara Nazim İbrahimovun vaxtında Azərbaycan Diaspor Komitəsi tərəfindən heç bir dəstək göstərilməyib. Hətta yeri gələndə maneəçilik törətməkdən belə çəkinməyiblər. Elə bu günlərdə çox dəyərli vətənpərvər ziyalımız Asiman Hüseynovla Elman Mustafazadənin yaratdığı “Ya Qarabağ, ya ölüm” vatsap qrupunda çox maraqlı müzakirəmiz və söhbətimiz oldu. Söhbətimiz zamanı Asiman bəy Vətənimiz naminə gördükləri işlərdən və mövcud problemlərdən ürək yanğısı ilə danışdı. Hətta bəzi jurnalistləri də qınadı ki, Yaroslavldakı Yaroslavl regional Azərbaycan Milli-Mədəni Muxtariyyatı barədə düzgün olmayan informasiyalar yayırlar. Ona görə də istəyirəm  Asiman bəylə olan söhbətimizi “Təzadlar”ın oxucularına və Azərbaycan Diaspor Komitəsinin diqqətinə çatdırım ki, həm belə qeyrətli oğullarımızı tanısınlar, həm də nümayəndələrinə göstəriş versinlər ki, belə vətənpərvər soydaşlarımızı yaddan çıxarmasınlar. A.Hüseynov söhbətimiz zamanı Azərbaycan Diaspor Komitəsinin indiki sədri Fuad Muradova ümid bəslədiyini və Nazim İbrahimovun buraxdığı səhləri düzəldərək, diasporumuzun inkişafına təkan verəcəyinə inamını ifadə elədi.

İndi isə Rusiyanın Yaroslavl Vilayətində Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyatının sədri Asiman Hüseynovla olan maraqlı söhbətimizi təqdim edirəm:

- Asiman bəy, yaşadığınız Yaroslavl vilayətində yaratdığınız Azərbaycan Milli-Mədəni Muxtariyyatının uğurları, problemləriniz  və diaspora barədə bir az məlumat verərdiniz...

- Çox sağ olun ki, qəzetiniz bizlərə diqqət ayırıb. Buna görə qəzetinizin baş redaktoruna və kollektivinizə təsəkkür edirəm. Bilirsiniz, Elçin bəy, söhbət diaspordan gedəndə mən dayana bilmirəm. 2011-ci ildə Moskvadakı Azərbaycan səfirliyində keçirilən tədbirdə çıxışım zamanı fikrilərimi geniş danışmışam. Demişdim ki, bu gün Azərbaycanın hüdudlarından kənarda olan formalaşmış diaspora, gələcəkdə inkişaf etmiş, iqtisadiyyatı güclü, sosial yönümlü, ədalətli Azərbaycan Respublikasının dayağıdır. Ona görə hər kəs bacardığı qədər bu işdə fəal olmalıdır, diasporaya dəstək məqsədilə əlindən gələni əsirgəməməlidir. Diaspora sözünü bir çoxları təəssüf ki, dərindən dərk eləmir. Ona görə də bu işdən başı çıxan da danışır, başı çıxmayan da. Bəzi KİV nümayəndələri, əsası oldu, olmadı, diasporanın əleyhinə yorulmadan məqalələr dərc edirlər. Mənə elə gəlir ki, b, ya təsadüfdəndir, ya da xüsusi bir qüvvənin təsiri ilə Azərbaycan Diasporasını məqsədli şəkildə gözdən salmaqdır. Bizim bədbəxtliyimiz də, bax elə bundadır. Mən heç başqa ölkələrdəki diaspor fəaliyyətinə toxunmuram. Götürək elə Yaroslavl vilayətində fəaliyyət göstərən Yaroslavl Regional Azərbaycan Milli Mədəni Muxtariyyatını. Bizim yaşadığımız ərazidə erməni diasporasının kənardan hansı yardımlar aldığının mən canlı şahidiyəm. 2010-cu ildə Yaroslavl şəhərinin yaranmasının 1000 illiyi qeyd edilirdi və bu məqsədlə şəhərin yenidən qurulması və abadlaşdırılması üçün milyardlarla rubl dəyəri olan layihələr həyata keçirilirdi. Deməli, o milyardlıq layihələri əldə etmək üçün erməni lobbisi və Ermənistan hökuməti bir əl-ayağa düşdülər ki, gəl, görəsən. Erməni nazirlərinin, qeyri-rəsmi olaraq, biri gəlib, biri gedirdi. Erməni lobbisinin nümayəndələri şəhər rəhbərliyi ilə sıx əlaqələr yaradıb, çoxsaylı görüşlər keçirirdilər. Bunun da nəticəsində həmin o milyardlıq layihələrin 80 faizinə yiyələndilər. Amma bizim milyonçu iş adamlarından və Azərbaycanın o vaxtkı Diaspor Komitəsinin sədri Nazim İbrahimovdan heç bir səs çıxmadı. Ermənilər isə, bununla sakitləşmirdilər. Düzdür, pandemiya başlayandan bir az sakitlik yarandı. Pandemiyadan əvvəl isə, Ermənistandan, Fransadan, Kanadadan erməni artistlərinin, müğənnilərinin hər ay qastrol səfərləri təşkil edilirdi. Yaroslavlda onlar çoxsaylı konsertlər verib, teatrlar göstərirdilər. Özü də tanınmış estrada ulduzlarının iştirakı ilə olduğundan konsertlər, teatrlar tam anşlaqla keçirdi. Bu konsrtrlərdən yığılan milyonlarla rubl pulların hamısını Yaroslavlda fəaliyyət göstərən erməni diasporasının hesabına keçirirdilər. Hələ bu harasıdır? İrəvan konyak zavodunun Moskvadkı nümayəndəliyi stışdan əldə olunan gəlirin 7 faizini Rusiyada fəaliyyət göstərən erməni diasporları keçirirlər. İndi gəlin görək daşnakların bu kimi atdığı addımların onda birini biz ata bilirikmi? Əlbəttə yox!

- Bəs Azərbaycan Diaspor Komitəsi və ya imkanlı soydaşlarımızla əlaqə yaratmaq mümkün deyilmi? Mümkündürsə, niyə komük etmirlər? Axı sən öz evin üçün nəsə iztəmirsən ki...

-Hamısı ilə əaqə saxlayırıq. Azərbaycan Diaspor Komitəsinin indiki rəhbəri Fuad Muradovun sayəsində Nazim İbrahimovun dövründən soyumuş əlaqələrimiz yavaş-yavaş istiləşməyə başlayır. Fuad Muradovdan xahiş edirik Komitə üzvlərini görüşləri təkcə Moskva ilə kifayətlənməsinlər, Rusiyanın regionlarına da getsinlər. Bir də  maraqlı bilirsiniz nədir, imkanı olan azərbaycanlı kömək eləmir, bunu başa düşdük. Amma imkanı olmayan da kömək eləmək əvəzinə, işimizə əngəl olmağa çalışır, maneçilik törədir. Bizim hazırda fəaliyyət göstərən Yaroslavl Regional Azərbaycan Milli Mədəni Muxtariyyatının aylıq xərci 150-200 min rubldur. Elə götürəndə, heç də böyük rəqəm deyil, amma az da deyil. İndi görək bu pulu təşkilatımız haradan almalıdır? Bu pulu əldə etmək üçün təşkilatın rəhbəri, ya gərək “zapravka”nın, ya da bazarın direktoru olsun. Bu təşkilata həmin ərazidə yaşayan hər bir azərbaycanlı üzv olmalıdır.

“Diaspor Komitəsinin rəsmiləri burdakı təşkilat rəhbərinə guya orden vermək istəyirlər, əvəzində isə, heç də az olmayan pul tələb edirdilər...”

Düzdür, soydaşlarımız müəyyən qədər dəstək verirlər. Amma çoxsaylı tədbirlər keçirib, Azərbaycan həqiqətlərinin yerli əhaliyə çatdırılması üçün bu məbləğ olduqca azdır. Çünki bizə soydaşlarımız tərəfindən verilən dəstək təşkilatın ümumi lazım olan  xərcinin heç 5 faizi də eləmir. Bəs qalan o 95 faiz xərc kimin boynuna düşür? Əlbəttə, o təşkilatın rəhbərinin üzərində qalır. Yerli mətbuatda, televiziyada çıxış etmək, müxtəlif milli bayram, anım gönlərində geniş tədbirlər keçirmək üçün xeyli vəsait lazımdır. Bunları öz gücümüzə həll etmək mümkün deyil.  Azərbaycan Diaspor Komitəsinin əvvəlki rəhbərliyindən isə ümumiyyətlə, heç nə görmürdük.

- Eşitdiyimə görə, Azərbaycan Diaspor Komitəsi əvvəlki rəhbərliyi xaricdə yaşayan diaspor nümayəndələrinə yaxşı işlərinə görə orden-medal da verirlər. Sizdə bu barədə vəziyyət necədir?

- Nazim İbrahimovun vaxtında bu lap o əzrayilin bala paylamasına bənzəyirdi. Necə deyərlər, balama dəyməsin, balasını istəmirəm. Onların bizə bir qəpiklik də olsun xeyiri yox idi. Hələ bu azmış kimi,  diasporun o vaxtkı bəzi nümayəndələri də, guya təşkilat rəhbərinin fəaliyyətinə qiymət vermək istəyir, lakin qaş düzəltdiyi yerdə, vurub gözünü də çıxardırdılar. Çünki Diaspor Komitəsinin rəsmiləri burdakı təşkilat rəhbərinə guya orden vermək istəyirlər, əvəzində isə, heç də az olmayan pul tələb edirdilər.

Yəni öz ciblərinin hesabına fəaliyyət göstərən təşkilat rəhbərinə layiq olduğu ordeni pulla satırdılar. Bunlar satılmış məmurlar idi, pula görə hər şeylərindən keçərlər.  Nə yaxşı ki onları uzaqlaşdırdılar. Biz bilmirdik özümüzü kimlərdən qoruyaq, düşmənlərdən qorunaq, yoxsa ordeni pulla satan həmin o məmurların təsir dairəsində olan sarı mətbuatın jurnalistlərindən?

Bu gün açıq şəkildə deyirəm ki, Rusiyada formalaşmaqda olan Azərbaycan Diasporasının qarşısında çox böyük çətinliklər var. Bizə çətinliklər yaradan, adı soyadı bizdən olub, qanı bizdən olmayan qüvvələrdir. Mən səlahiyyətli qurumlardan xahiş edərdim ki, bu qanı qarışıqların diasporada fəaliyyət göstərməsinə imkan verməsinlər. Digər dəyərli soydaşlarımızdan da xahiş edirəm ki, bacardıqları qədər bizə kömək etsinlər ki, erməni diasporasının qarşısında aciz duruma düşməyək... Biz çalışırıq vətənimizi burada layiqincə təmsil edək. Təşkilatımız 1996-cı ildə yaradılıb və 1998-ci ildə rəsmi qeydiyyata alınıb. 2011-ci ildə Azərbaycanın hüdudlarından kənarda ilk dəfə Ali Baş Komandan, prezident İlham Əliyevin ad günündə, dekabrın 24-də Azərbaycan Milli-Mədəni Mərkəzini Yaroslavlda biz  yaratmışıq. Təşkilatımız 700 kvm. sahəsi olan binada yerləşir.  Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyatının nəzdində Heydər Əliyev adına tarix-diyarşünaslıq muzeyi, Azərbaycan kitabxanası, iş otaqları, milli çay evi, idman zalı və fərdi görüş otaqları fəaliyyət göstərir. Bir sözlə bacardığımız qədər işləyirik və Azərbaycanın haqq səsinin, Ali Baş Komandan, prezident İlham Əliyevin uğurlu xarici və daxiki siyasətinin bu regionda yayılmasında fəal iştirak edirik.

***

...Göründüyü kimi, diasporamızın fəaliyyətində yetərincə çatışmazlıqlar var. Axı bu insanlar dövlətimizin, Vətənimizin adına yaşadıqları bölgələrdə doğrudan da böyük işlər görmək istəyirlər. Bunun üçün onların kifayət qədər həvəsi və enerjisi var. Amma bu həvəsi və enerjini faydalı işə çevirmək üçün mütləq, həm Azərbaycan Diaspor Komitəsindən, həm də imkanlı soydaşlarımızdan güclü dəstək lazımdır. Belə maddi və mənəvi dəstək olmayandan sonra onda biz hansı haqla deyə bilərik ki, yaxın və uzaq xaricdə informasiya müharibəsində niyə ermənilərə uduzuruq? Bu yarlığı üstümüzə götürməmək üçün imkanlı soydaşlarımız yaşadıqları ərazilərdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarına mütləq yardım etməlidirlər. İmkan verməyin ki, 44 günlük savaşla adını tarixə qalib xalq kimi yazdıran Azərbaycan dövlətinin qələbəsinə kölgə salınsın.

***

 Asiman Hüseynovun fikirlərini və istəyini bizdə ikiəlli dəstəkləyirik və inanırıq ki, Azərbaycan Diaspor Komitəsi və imkanlı azərbaycanlılar bu çağırışı eşidərək, özlərini bir az silkələyəcəklər.

Həmsöhbət oldu: Elçin MƏMMƏDLİ

 

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA