İSTEDADLI MÜĞƏNNİ GÜLƏR QASIMOVA ECAZKAR İFASI İLƏ İLKƏ İMZA ATIB...

Ozünəməxsus ifası ilə populyarlıq qazanmış gənc müğənni Gülər Qasımova ilk qadın vokalçımız Şövkət xanım Məmmədovanın alman əsilli rus bəstəkarı Reynqold Qlierin "Şahsənəm" operasında ifa etdiyi Şahsənəmin mahnısına yeni nəfəs verib. "Təzadlar" Gülər Qasımovaya daha böyük uğurlar arzulamaqla sözügedən ifası ilə bağlı müəllif yazısını təqdim edir:

...Azərbaycan musiqi-ifacılıq sənətində xüsusi yeri olan, özünün bənzərsiz vokal ifaçılığı  ilə  musiqi tariximizdə silinməz izlər buraxan böyük sənətkar, ilk qadın vokalçımız Şövkət xanım Məmmədovanın alman əsilli rus bəstəkarı Reynqold Qlierin "Şahsənəm" operasında ifa etdiyi Şahsənəmin mahnısı  sonralar başqa bir şəxs tərəfindən ifa edilməmiş, demək olar ki, unudulmuşdur. Yaddan çıxaraq unudulmuş mahnı yalnız ara-sıra Şövkət xanım Məmmədovanın ifasında bir neçə saniyyəlik  lent yazısı ilə epizodik olaraq xalq yazıçısı Anarın "Üzeyir ömrü" filmində  səsləndirilib.

Özümü bu cəhətdən çox xoşbəxt sanıram ki, Şövkət xanımdan sonra bu mahnını ilk dəfə mən ifa edib, lentə aldırdım. Sevinirəm ki, Şövkət xanım Məmmədovanın sənətini sevənlər, gözəl musiqi aşiqləri üçün bu, bir ərmağan olacaqdır.

Mən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi olandan bu mahnının axtarışında idim. Şövkət xanım Məmmədovanın ifası gələcəyin bir vokalçısı kimi məni o qədər valeh etmişdi ki,onun cazibəsindən çıxa bilmir, bu mahnını ifa etmək həvəsi ilə alışıb yanırdım. Elə tələbəlik illərindən mahnının notlarını və sözlərini axtarmağa başladım.Bu məqsədlə M.F.Axundov adııına Respublika Milli Kitabxanasında, C.Cabbarlı adına Gənclər Kitabxanasında, Respublika Mərkəzi Kitabxanasında (keçmiş Lenin adına), Bakı Musiqi Akademiyasının kitabxanasında oldum, Opera və Balet Teatrında soraqlaşdım, müəllimlərimə də müraciət etdim. Təəssüf ki, bir nəticə əldə edə bilmədim. 2019 -cu ilin sentyabr ayında vokal müəllimim, Bakı Musiqi Akademiyasının dosenti Jalə xanım Cəfərova öz arxivində başqa bir əsəri axtararkən, təsadüfən kitabların arasında bir vərəqdə bu mahnının çox çətinliklə oxunan not yazısını tapır. Jalə xanım mənim bu əsəri ifa etmək arzum və axtarış səylərimdən xəbərdar idi. O da mahnının not və sözlərini mənim üçün axtarmış, amma bir   nəticə alınmamışdır. Jalə xanım bu xəbəri mənə deyib, notu təqdim edəndə sevincimin hədd-hüdudu yox idi. Mən musiqi tariximizə qısa ekskurs edib, bu operanın necə yaranmasını, onun ərsəyə gəlməsində kimlərin əməyinin və rolunun olmasını hörmətli oxucularla bölüşmək istəyirəm.

Keçən əsrin 20-ci illərində Azərbaycan incəsənəti, xüsusilə də milli opera janrı ətrafında çox saylı mübahisə və diskussiyalar gedirdi. Reynqold Moritseviç Qlier tərəfindən yazılmış "Şahsənəm" operası bu mübahisələrə son qoydu. "Şahsənəm" Azərbaycan mövzusunda yazılmış klassik tipli opera kimi meydana gəldi. "Şahsənəm"ə qədər Üzeyir bəy Hacıbəyli başda olmaqla, bir sıra Azərbaycan bəstəkarları əsasən muğam operaları yazmışdılar. 1927-ci ildə dahi Üzeyir bəy Hacıbəyov "Şahsənəm" operası haqqında belə yazırdı: ""Şahsənəm" operası ilə Azərbaycanda yeni opera mədəniyyətinin əsası qoyuldu".  Bəstəkar R.Qlier ilk dəfə Azərbaycana 1923-çü ildə Az.SSR Xalq Maarif Komissarlığının dəvəti ilə gəlmişdi. O, Bakıya milli süjet əsasında opera yazmaq üçün dəvət olunmuşdu. Bu səfərin yaradıcılıq nəticəsi kimi "Şahsənəm" operası yaranmışdır. R.Qlier əsərin məzmununu  milli musiqimiz, xalq mahnıları və rəqslərimizdən götürmüş, opera poetik xalq dastanlarımızdan birinin - "Aşıq Qərib" dastanı  əsasında yazılmışdır. Bu operanın yaranmasında görkəmli bəstəkara məhşur xanandə Cabbar Qaryağdıoğlunun, görkəmli tarzən Qurban Pirimovun və dramaturq Cəfər Cabbarlının mühüm və yaxından köməklikləri olmuş, ona milli musiqimiz, xalq mahnıları və rəqslərimiz, aşıq musiqisi və Azərbaycan xalq musiqisinin digər janrları haqqında cox qiymətli informasiyalar və tövsiyyələrini vermişlər.

Opera 1-ci redaksiya üzrə rus dilində ilk dəfə 17 mart 1927-ci ildə səhnəyə qoyulmuşdur.

1931-ci ildə R.Qlier ikinci dəfə Bakıya gələpək operaya yerindəcə zəruri olan bütün dəyişiklikləri etmişdir.

Opera 2-ci redaksiya üzrə, yəni Azərbaycan dilində - liberettonun müəlifi Cəfər Cabbarlıdır - 4 may 1934-cü ildə R.Qlierin özünün idarəçiliyi ilə səhnəyə qoyulmuşdur. Opera 4 pərdədən, 7 şəkildən ibarət idi. Opera 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və mədəniyyəti ongünlüyündə də nümayiş etdirilmişdir.

Qeyd etmək lazımdır ki,  "Şahsənəm" operası həmin dövrün musiqi-opera həyatında, həmçinin R.Qlierin özünün sovet dövrü yaradıcılıgında böyük bir hadisə olmuşdur.

Operada Şahsənəm obrazını Şərqin ilk qadın opera müğənnisi Şövkət xanım Məmmədova canlandırmışdır. Onun tərəf müqabili Aşıq Qərib rolunun ifaçısı isə görkəmli müğənnimiz Bülbül olmuşdur. Opera bir neçə dəfə səhnədə oynanılsa da, sonradan sanki unudulmuş, yaddan çıxmışdır.

Əsəri əldə edəndən sonra ilk qərarım onun nota salınması oldu. Belə bir fikir də var idi ki, mahnı yeni aranjimanda oxunub lentə alınacaqsa, mahnının nota  salınmasına bəlkə də ehtiyac yoxdur. Amma  mahnını əldə etmək üçün səylərimi, çəkdiyim zəhmətləri göz önünə gətirdikdə, gələcəkdə kiminsə mahnını ifa etmək arzusu yaranarsa, əziyyətə qatlaşmaması, habelə mahnının normal notunun mövcud olması üçün mən bu işi öhdəsinə götürməyi bəstəkar-pianoçu Gülnarə xanım Səfərəliyevadan xahiş etdim. Gülnarə xanım mənim təşəbbüsümə və xahişimə müsbət cavab verdi. Mahnını aranjimançı Nazim Əhməd  mənim iştirakımla yeni formada aranjiman edib, səs rejissoru İmran İbrahimov tərəfindən isə ifamda lentə alınıb. Zəhməti olan şəxslərin hamısına təşəkkür və minnətdarlığımı bildirirəm.

Mahnını yeni aranjimanda ilk dəfə "Lider" televiziya kanalında 13 avqust 2020-ci ildə efirə getmiş "Tezdən oyan" verilişində ifa etmişəm. Verilişdən sonra elektron poçtuma çoxlu sayda xoş sözlərin, müsbət rəylərin göndərilməsi, mahnını yenə də ifa etməyimə dair xahişlərin, müraciətlərin olması mahnının və ifanın tamaşaçılar tərəfindən bəyənildiyini sübut edir.        

 Bütün bunları nəzərə alaraq mahnını 11 sentyabr 2020-ci ildə "Lider"  televiziya kanalında "Tezdən oyan" verilişində təkrar ifa etdim.

Gülər Qasımova

klassik estrada və vokal ifaçısı


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA