"Rusiya bu müharibədə qalib gələcək. Ola bilər ki, Rusiyanın bitərəf statusda qalması ilə bağlı saziş də imzalansın. Moskvanın məqsədi Ukraynanı işğal etmək deyil, Kiyevin bitərəf qalmasına nail olmaqdır. Nəzərə alaq ki, Ukraynanın NATO-ya daxil olması haqda qərarı xalq deyil, Ali Rada verir. Ümumxalq referendumunda bu məsələ müzakirə olunmalı idi".

Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda Ukraynada hakimiyyətdə faşistlərdir: "Bu adamlar Ukrayna xalqına zülm edirlər. Ona görə də hakimiyyətdən getməlidirlər. Bir ölkədə məhşər küçə yürüşləri baş verirsə, Şuxeviç milli qəhrəman elan olunursa, orduda faşist salamıdırsa, o ölkəni faşist adlandırmamaq mümkün deyil. Ukraynada bu cür sistem mövcuddur".

Qərbin hazırkı vəziyyətlə bağlı mövqeyini açıqlayan A.Əlizadə məsələni belə izah edib: "Qərb bu məsələdə şirnikləndirici rol oynadı. Çünki onlara Rusiyanın Ukraynaya zərbə endirməyi lazım idi. Bundan onlar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhrələndilər. Amma Sanksiyalar Rusiyaya qarşı yox Avropaya qarşı yönəlib. Avropa inkişaf edirdi və iqtisadi cəhətdən ABŞ-la mübarizə aparırdı. Sanksiyalar qəbul olunandan sonra Avropa iqtisadi cəhətdən böyük zərbə görəcək. ABŞ isə təkbaşına Qərb dövlətlərinin lideri olacaq. Təkcə Çin qalır. ABŞ isə hələ Çinlə mübarizəyə hazır deyil. Ümumilikdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropanı da bədbəxt edəcək".

Partiya sədri sanksiyaların Rusiya üçün təsirsiz olacağını söyləyib: "Sanksiyalar Rusiyanı çökdürməyəcək. Çünki Rusiyanın həm təbii, həm də maddi sərvətləri mövcuddur. Odur ki, Rusiya sanksiyalardan baş çıxaracaq".

E.ŞİRİNOV