booked.netbooked.net booked.net  

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilib.

Əsasnaməyə görə, avtovağzal - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksidir.

Avtobusların avtovağzal, avtostansiya üzrə hərəkət cədvəllərinə riayət edilməsi, hər bir avtobusun sərnişin tutumundan səmərəli istifadə edilməsi, dispetçer xidmətinin təşkili və təmin olunması, sərnişin daşınmasının təhlükəsizliyi qaydalarına və normalarına riayət edilməsi, avtobusların hərəkətinin tənzimlənməsi, yol və dispetçer sənədlərinin rəsmiləşdirilməsi, avtobusların lazımi sanitar vəziyyətdə saxlanılmasına və tələb olunan səviyyədə təchiz edilməsinə, sərnişinlərdə biletlərin olmasına, gedişə və baqajın daşınmasına görə ödənişin düzgünlüyünə nəzarətin həyata keçirilməsi avtovağzalların (avtostansiyaların) funksiyasına daxildir və s.

Yazının girişində bu məsələlərə ona görə yer veririk ki, bəhs edəcəyimiz mövzunun “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə və onun tələblərinə birbaşa aidiyyəti var.

Azərbaycanın üçüncü böyük şəhəri Sumqayıtın avtovağzalı ilə bağlı mediada neçə illərdir tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Lakin bütün bunlara baxmayaraq, Sumqayıt Avtovağzalında baş verən qanunsuzluqlar, vergidən yayınma və digər neqativ hallar barədə heç bir tədbir görülmür. Necə deyərlər, burada biabırçı vəziyyət düzəlmir ki, düzəlmir. Halbuki dünyanın əksər şəhərlərinə girişdən daxil olanda gözə çarpan ilk avtovağzal binası və onun ərazisi olur. Şəhərin giriş qapısı sayılan və belə demək mümkünsə, vizit kartı hesab olunan avtovağzalın vəziyyətini görəndə şəhərin hansı səviyyədə olduğu qənaətinə gəlirsən. Bu baxımdan, Sumqayıt Avtovağzalı bir çox ucqar rayonlarımızın avtovağzallarından belə geridə qalır. Şəhərin mərkəzi küçələrində abadlıq işləri görülsə də, Sumqayıt Avtovağzalında vəziyyət olduqca acınacaqlıdır. Avtovağzalın giriş binası alkopanla üzlənsə də, içərisi və avtobusların dayandığı həyət hissəsi bərbad vəziyyətdədir. Avtobus dayanacaqlarında qoyulan trafaretlər, yol örtüyü bu sahənin nəzarətdən kənarda qalmasından xəbər verir. Təqdim etdiyimiz fotoşəkillər də dediklərimizin sübutudur. Əlbəttə, avtovağzalın nimdaş zahiri görkəmi və buradakı digər çatışmazlıqlar təkcə bunlarla bitmir. Burada hər addımda elə bir qanunsuzluq, özbaşınalıq hökm sürür ki, Sumqayıt Avtovağzalında dərəbəylik desək, bu, çox yumşaq olar.

Qeyd etdiyimiz kimi, avtovağzalın əsas işi ilk növbədə sərnişinlərə xidmət göstərməkdir. Bu barədə yazının girişində bəhs etdik. “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də sərnişinlərə göstərilən xidmətlərdən biri də bilet satışı ilə bağlıdır. Əslində bununla bağlı, demək olar ki, sərnişinlər heç bir problem yaşamır. Nədən ki, bu vağzalda bilet satışı, ümumiyyətlə, yoxdur. Yəni hər gün Sumqayıt Avtovağzalından Bakıya, “Sədərək”, “Binə” ticarət mərkəzlərinə, eləcə də respublikanın digər şəhər və rayonlarına yola düşən sərnişinlər gediş haqqını birbaşa kiçik və iritutumlu avtobus sürücülərinə nağd ödəyirlər. Və bu zaman da vətəndaşların açıq şəkildə aldadılır.

Belə ki, gediş haqlarını bütün istiqamətlərə Tarif Şurası təyin etdiyi halda, avtobus sürücüləri sərnişinlərdən artıq pul tələb edirlər. Demək olar ki, bütün istiqamətlər üzrə gediş haqları olmayan bilet qiymətindən bahadır. Sərnişinlər deyir ki, Sumqayıt Avtovağzalında nə vaxt kassaya yaxınlaşıb bilet almaq istəyirlər, ya orada adam tapılmır, ya da elə cavab verirlər ki, bilet almaq fikrinə düşməyinə belə peşman olursan. Sumqayıt Avtovağzalındakı digər biabırçılıq avtobusların qrafik üzrə işləməməsidir. Nə vaxt ki, yerlər tam dolur, o zaman avtobus yola düşür. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Avtobuslarda əlavə oturacaq və avadanlıqların qanunsuz yerləşdirilməsi isə burada adi hal alıb.

Sumqayıt Avtovağzalının vəziyyətindən narazı vətəndaşlar bildirirlər ki, marşrut avtobusları uzun müddətdir qrafiksiz işləyir. Bakı şəhər sakini, Sumqayıt Dövlət Universitetinin tələbəsi T.Həsənova deyir ki, dərsdən çıxıb evə gedəndə vağzalda saatlarla marşrut gözləyir, gələn avtobusa isə sərnişinlər minmək üçün bir-birlərini əzirlər: “Avtovağzalın yaxınlığındakı dayanacaqdan Bakıya gedən matşrutdan kənar mikroavtobusların sürücüləri isə deyirlər, birbaşa “20 Yanvar”a gedirlər. Bakı Avtovağzalına heç bir sürücü getmək istəmir. Gediş haqqı “20 Yanvar”a 80 qəpik, 1 manatdır. Avtobus dolu ola-ola yolda sərnişin götürürlər. Avtobusda ayaqları belə rahat yerləşdirmək olmur, təsəvvür edin, arxa oruracaqdan kimsə yolda düşmək istəyəndə mütləq qabağındakı əlavə oturacaqlarda oturanlar bir-bir durmalıdır ki, bu da həm vaxt aparır, həm narazılıq doğurur, həm də sərnişinlər yolboyu sıxıla-sıxıla otururlar. Avtobusdakı əlavə qoyulan oturacaqların sıxlığının narahatlığı, evə gecikməyimiz bir tərəfə, üstəlik də bütün əsəblərimiz korlanır”.

Sumqayıt Avtovağzalının rəhbəri Şamil Abbasov isə mətbuata açıqlamasında deyib ki, bu avtobuslar qeyri-qanuni fəaliyyət göstərirlər: “Onların bizə aydiyyəti yoxdur. Sizin nəzərdə tutduğunuz avtobuslar avtovağzalın ətrafından sərnişin toplayır. Onlar bizə tabe deyillər. Avtovağzal daxilindən çıxan avtobusların hər biri Bakı Avtovağzalına gedir. Ola bilməz ki, bizim nəzarətimizdə olan avtobuslarda bu cür hallar yaşansın. Bakı-Sumqayıt istiqamətinə 32 sərnişin daşıyan avtobus buraxılıb. Avtovağzaldan kənarda dayanan avtobuslara cavabdehlik daşımırıq”.

Ş.Abbasovun dediyi kimi, əgər Bakı-Sumqayıt istiqamətinə 32 sərnişin daşıyan avtobus buraxılıbsa, bəs niyə gözə dəymirlər? Niyə nəzarət reydləri keçirilmir, qeyri-standart avtobusların xəttə çıxarılması ilə bağlı müvafiq tədbirlər görülmür? Əslində, bunun üçün reydlər keçirməyə ehtiyac yoxdur. Doğrudanmı Sumqayıt Avtovağzalındakı bu biabırçılıqdan nəqliyyat sahəsinə məsul, aidiyyəti şəxslər xəbərsizdir? Bəs niyə bu avtobuslar dəyişdirilmir? Niyə göz yumulur bu qanunsuzluqlara?!

Bildiyimiz qədər “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Belə olan halda, Sumqayıt Şəhər İcra Hakimiyyəti müasir standartlara, eyni zamanda “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə cavab verməyən Sumqayıt Avtovağzalındakı dərəbəyliyə niyə əncam çəkmir?!

Yuxarıda sadalananlara, həm də digər məqamlara aydınlıq gətirmək üçün Sumqayıt Avtovağzalının rəsmiləri ilə görüşmək istəsək də, heç kimi yerində tapa bilmədik. Günün günorta çağı Sumqayıt Avtovağzalının inzibati binasında bütün otaqların qapısı bağlı idi... Bu zaman yadıma “Yeddi oğul istərəm” filmindən Mirpaşanın dilindən deyilən “Deyəsən, bu gecə Əzrayıl Peykanlı camaatını kisəsinə doldurub aparıb” məşhur sitatı yadıma düşdü... Əslində kiminləsə görüşməyin də mənası yox idi. Çünki hər şey aydındır. Yalnız bir suala cavab tapa bilmirik: görəsən, Sumqayıt Avtovağzalındakı bu biabırçılığa nə vaxt son qoyulacaq?

Sonda onu da qeyd edək ki, avtovağzallar (avtostansiyalar) tərəfindən “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti həyata keçirir...

E.ŞİRİNOV 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN