Sabah Milli Məclis kibertəhlükəsizliklə bağlı qanunvericiliyi artıq ikinci oxunuşda müzakirə edəcək. Bu barədə Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz məlumat paylaşıb. Sitat: ""İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişikliklərin müzakirəsinə ötən toplantıda olduğu kimi sabahkı müzakirəyə də maraqlı tərəflərin heç biri dəvət almayıb. Ümumiyyətlə, görünən odur ki, bu sektorda xeyli maraq toqquşmaları var. Prezidentin xüsusi fərmanı olmasına baxmayaraq, 4 ildir ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyanı qəbul etmək mümkün olmayıb. Ötən il Prezidentin imzaladığı digər fərmanla kritik qurumların kibertəhlükəsizliyi ilə bağlı səlahiyyətlər Xüsusi Rabitə və İnformasiya Təhlükəsziliyi Dövlət Xidməti ilə bərabər həm də DTX-ya tapşırılıb. Məhz həmin fərmanda kiber ekosistemin tənzimlənməsi ilə bağlı hüquqi aktların hazırlanması nəzərdə tutulmuşdu".
Məlum olur ki, daha əvvəl hazırlanması nəzərdə tutulan və artıq hazır olduğu bildirilən kibertəhlükəsziliklə bağlı konseptual sənəd qəbul edilmədən kiber mühitin tənzimlənməsi ilə bağlı qanunun tələsik qəbulu da maraqlı məqamdır. O.Gündüz yazır: "...Azərbaycan qlobal dünyanın tərkib hissəsidir. Ayrılıqda, separat formada, məlumat mübadiləsi olmadan dayanıqlı kiber mühit qurmaq mümkün deyil. Ümumi qəbul edilmiş prinsiplərin olması və beynəlxalq əməkdaşlığın olması vacibdir.
Məsələn, hazırda Ukrayna öz qanunvericiliyinə , konseptual sənədlərinə əsaslanaraq kiber mühitini qorumaq üçün, NATO ilə əməkdaşlıq edir, bir çox ölkələrlə kiber məlumatları bölüşür".
Xatırladaq ki, kibertəhlükəsizliyin qorunması istiqamətində atılan addımlarda şəffaflığın təmin edilməsi, ictimai nəzarətin təşkili, informasiya açıqlığı, fərdi məlumatların toxunulmazlığı, nəzarətedici qurumların hesabatlılığı da mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Adı çəkilən layihədə isə bu istiqamətdə müzakirə predmeti ola biləcək xeyli məqamlar var. Beləliklə, Milli Məclis sabah bu məsələnin müzakirəsini həyata keçirəcək. Hansı qərar qəbul ediləcək, tezliklə bilinəcək.
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA