Bu gün Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Xalq şairi Vahid Əzizlə yaddaqalan görüş keçirildi. Əslində, bu görüş şairin təzəcə çapdan çıxmış «Param-parça illər…» kitabının təqdimatı üstündə köklənmişdi.

Tədbiri giriş sözü ilə açan tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu Azərbaycanın Xalq şairi Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yoluna əhatəli nəzər saldı. Məlum oldu ki, indiyədək 11 kitabı çapdan çıxmış şair ilk dəfədir kitabına təqdimatlı tədbir keçirir: «…Səbəb odur ki, Vahid Əzizin sonuncu bu kitabı torpaqlarımızın işğaldan azad edilməsi illərinə təsadüf edir… O, «Torpaqları işğalda olan şairin kitab təqdimatı qəbul edilən deyil», - məntiqi ilə bunu özünə rəva bilməmişdir… Amma indi bu kitab erməni işğalına son qoyulmasına və tarixi qələbəmizə həsr edilib…».

 Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayevə verildi. Vahid Əziz poeziyasının özünəməxsus çalarlarına toxunan Ç.Abdullayev şairin yaradıcılığının müasirləşən və getdikcə daha çox sevilən şeiriyyətindən bəhs etdi. Natiq bildirdi ki, Vahid Əziz poeziyasının fərqli cəhəti ondan ibarətdir ki, o, həmişə intibahlaşır, itilənir, şaxələnir, sevilir.  

Akademik Nizami Cəfərovun çıxışı isə xoş müjdəli oldu. Məlum oldu ki, Xalq şairi Vahid Əzizin «Param-parça illər…» kitabı Dövlət Mükafatına təqdim edilib. Və ilk xeyir-duanı da elə akademik, millət vəkili Nizami Cəfərov özü mətbuatda əhatəli məqaləsi ilə verib. O, şairi ürəkdən təbrik etdi, yeni-yeni yaradıcılıq uğurları arzuladı.

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili isə çıxışında şairin bu kitabının ictimai-siyasi mahiyyətli dəyərindən danışdı: «…Xalq şairimiz Məmməd Araza Dövlət mükafatı verilir… Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədova bu müjdəni çatdırır. Xudu Məmmədov təmkinlə deyir: «Bəxtiyar, bu çox yaxşı haldır. Çünki hökumətimiz Məmməd Araza Dövlət mükafatını verməklə o mükafatı hörmətə mindirdi». Vahid Əziz poeziyamıza həmişə hörmət və oxucu gətirən şairdir…», - deyən jurnalist şairə uğurlar arzuladı.

Kitabın redaktoru, tanınmış naşir Əlövsət Ağalarov Vahid Əzizlə uzun illərdən bəri davam edən yaradıcılıq əlaqələrindən və möhkəm dostluğundan ətraflı danışdı. 

Xatırladırıq ki, təqdimat mərasimində professor, Parlamentin vitse-Spikeri Fəzail İbrahimli, professor Firudin Cəlilov, kitabın redaktoru, tanınmış naşir Əlövsət Ağalarov, istəkli şair Yusif Nəğməkar və başqa tanınmış söz və sənət xadimləri çıxış etdilər.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları və mədəniyyət xadimləri iştirak edirdilər.

Sonda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Xalq şairi Vahid Əzizin şeirlərindən parçaları səsləndirdilər.

JASMİN

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA