Bu gün gələcəyimiz olan uşaqların bayramıdır - "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü".

Balaca fidanları sevindirmək üçün valideynləri, nənələr, babalar, ailə üzvləri onları şəhərin müxtəlif ərazilərində yerləşən parklara aparır.

Fotolarda gördüyünüz ərazi paytaxtın Xətai rayonu ərazisində yerləşən “Gənclik” parkıdır.

Xatırladaq ki, adı çəkilən park vaxtilə baxımsız olan ərazidə salınıb. 43 hektarlıq parkın ərazisində 300 minədək ağac əkilib. Burada idman və əyləncə sahələri, futbol meydançaları, velosiped yolları, qaçış cığırları, atraksionlar... bir sözlə, insanların istirahəti üçün hər cür şərait yaradılıb. Parkın açılışı isə ötən il edilib.

Qeyd edək ki, parka hər gün çoxlu sayda insan üz tutur. Bu günkü bayram münasibətilə onların sayı, əlbəttə, daha çox olub. Lakin axşam saatlarında parka üz tutanlar ərazinin zibilxanaya çevrilməsini gördükdə mat qalıblar.

Bu gün həmin parkda olan valideynlərin redaksiyamıza göndərdiyi fotolara baxdıqda, əlavə şərhə də ehtiyac qalmır.  

Sadəcə, qeyd  etmək istərdik ki, bu zibilliyi yaradan həmin parkda istirahət edənlərdi. Hansı ki, onlar buranı zibilxanaya çevirdikcə balacalar da böyüklərin bu pintiliyinin, məsuliyyətsizliyinin, parkın ərazisinə qulluq edən işçilərin əməyinə etdikləri hörmətsizliyin...   şahidi olurlar. Və bu körpələr belə yaşlı-başlı insanlardan nə öyrənirlər?

Sonda bir vacib məqamı da qeyd edək ki, parkda çoxsaylı mühafizəçilər və nəzarətçilər var. Niyə onlar parkı zibilləyənlərin qarşısını almırlar. Məsələn, Azərbaycan İnzibati Xətalar Məcəlləsində küçələri, yolları, parkları, bir sözlə ictimai təyinatlı istirahət ərazilərini zibilləyənlərə qarşı cəza tədbirləri müəyyən edilib. Necə ola bilər ki,  avtomobillərdə yollara adi siqaret kötüyü atanlara qarşı 20-40 manat civarında cərimə tətbiq olunur, amma çoxsaylı insanların istirahət etdikləri məkanı zibilləyənlərə qarşı hansısa cəza tədbiri həyata keçirilmir?  

JASMİN