Tanınmış vəkil Aslan İsmayılov bu suala belə cavab verir...
...Çoxları üçün maraqlı olan bu sualın çox sadə cavabı var - Biz! Bəli, biz! Bilirəm ki, çoxları ağız büzəcək, "əşşi, yenə yekələrə gücü çatmayıb xalqı günahkar çıxartdı" deyəcəklər. Ancaq heç nəyə baxmayaraq günahkar bizim olduğumuzu qətiyyətlə deyirəm. İndi isə niyəsini də yazım.
Yadımdadır ki, hələ 1990-cı illərin ikinci yarısında Maştağadan Buzovna dairəsinə doğru gedəndə dairəyə təxminən 1 km çatmamış böyük şam ağaclarının kəsilib yerində villalar tikildiyini gördüm. Maraqlandıqda məmurların olduğunu, hətta birinin o vaxtkı Əzizbəyov, indiki Xəzər rayon məhkəməsinin sədrinin olduğunu bildirdilər. Elə oradan ANS-ə zəng etdim və onlar gələnə qədər gözlədim. Onlar gələndə artıq gizlədilmiş bir neçə ağacı sürüyüb operatora göstərdim. Həmin gün efirdə veriliş getdi. Səhərisi günü "sağ ol" demək əvəzinə çoxları məni qınadı, ziyankarlıq etməkdə günahlandırdılar. Hətta buna görə yazıların birində bu epizoda eyham vurub mənə vəkil yox, "meşəbəyi" işləmək məsləhət bilindi.
Təxminən 2007-2008-ci ildə təsadüfən "Su xəstəxanası" deyilən yerdə böyük meşəliyin qırıldığını dedilər. Maşına oturub ora getdim. Gördüklərimdən dəhşətə gəldim. Günün günorta çağı artıq mindən artıq ağac qırılmışdı və bu soyqırımda da #SOCAR nişanəsi olan ona yaxın texnika işləyirdi. Bəlli oldu ki, Rövnəq Abdullayev o vaxtlar Nizami rayon İcra Hakimiyyətinin başçısı olan Mehbalı Əliyevlə (ondan sonra mətbuatda bu şəxsin evindən 3 ton qızıl çıxması barədə yazılar oldu) həmin parkın ərazisində 100-dən artıq villa tikməyi planlaşdırırlar. Bütün KİV-ləri ora dəvət etdim. O vaxtlar Azadlıq radiosunun Praqa ofisinə zəng edib rəhmətlik Mirzə Xəzərdən bu məsələni gündəmdə saxlanmasını xahiş etdim. Təxminən 2 gün ölkənin bütün avtomobil sürücüləri gündə iki dəfə ora verdiyim müsahibəni dinləyirdi. Həmin günlər haqqımda artıq həbs qətimkan tədbiri də hazırlanmışdı. Ancaq Prezidentin müdaxiləsi həmin günlər məni həbsdən qurtardı.
Bu cür onlarla hadisə olub. Həmin parkların ətrafında yaşayan minlərlə insandan bir nəfəri də parkın məhv edilməsinə etiraz etməyib. Sabunçu rayonundan zəng ediblər ki, məktəbin stadionunun yerində bina tikirlər. Əraziyə gedib xahiş etmişəm ki, ətrafda yaşayan sakinlər bu barədə videoda danışsınlar. Bir nəfər də razı olmayıb. Hamı bir ağızdan "əşşi, xeyri yoxdur, başımı niyə ağrıdım" deyib. Elə son paylaşdığım videoya baxın. Danışanların əksəriyyəti ruslardır.
Azərbaycanlıyam və bununla fəxr edirəm. Ancaq biz hələ də yaşıllığın həyatımız üçün nə olduğunu anlamırıq. Anlayıb etiraz edənlərə də ağız büzürük. "Əşşi, nəyimə lazımdır", "mən kiməm", "ziyankarlıq etmə", " demaqoqsan" kimi ifadələr leksikonumuzdan çıxmamış belə də olacaq. Dediklərimə misal olaraq elə özüm saldığım parkdan da deyim. Ora gəlib istirahət edənlərin də əksəriyyəti ruslardır. Biz parka getmirik, gedəndə də zibilləməyə ustayıq.
Sonda qətiyyətlə deyirəm ki, biz baş verən faciəyə (Bakıda ağacların qırılmasının faciə olmasını da hələ başa düşməmişik) biganə olmasaq, etiraz etsək (monitor arxasında qəhrəmanlığı demirəm), ictimai qınağın nə olduğunu anlasaq, bir ağac da qırılmaz! Biz isə nəinki ağac qıranlara canlı etiraz etmirik, hətta sosial şəbəkədə bu barədə materialları paylaşmağa, rəy yazmağa da ərinirik...
*** 
Bəli, Bakıda "hazıra nazir" "iş adamları" peyda olub və 40-50 il əvvəl salınmış parkları, meşə zolaqlarını qırıb yerində nəvə-nəsillərinə göydələn, iaşə obyekti tikirlər... Bunun isə qarşı alınmır ki, alınmır... 
Təqdim etdi: A.Məmmədli