Azərbaycan Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi son dövrlər ictimai narazılığı nəzərə alıb

ağac kəsənlərə, ağacları qəsdən qurudub məhv edənlərə qarşı ciddi cəza tədbirləri görür. Amma faktlar göstərir ki, əlibaltalılara qarşı cərimə və ya Azərbaycan İXM-nin, CM-nin tələbləri əsasında görülən qanuni tədbirlərin heç bir faydası yoxdur. Yenə də ağaclar kəsilir, ekologiyamıza qəsd olunur…

 Bəs əlibaltalıların qarşısı necə alına bilər?

 «Təzadlar» bu günlərdə Bakının Nəsimi rayonunda, Hənifə Ələsgərov küçəsi 26//36 ünvanında (Səməd Vurğun küçəsi ilə kəsişmə, Tibb Universitetinin Cərrahiyyə Korpusunun tini) 1,5 ha ərazidə olan yüzlərlə ağacları xüsusi zəhərli məhlulla çiləyərək qurudub məhv ediblər. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları araşdırmalara başlayıblar, həmin ərazidə olublar.

 Apardığımız təhlillər və real faktlar isə təsdiqləyir ki, Bakıda kəsilən ağacların yerində hansısa mülki tikintilər aparılır. Baş Prokurorluq fakt əsasında araşdırma aparır, sonra əksər hallarda həmin tikinti sahibləri hansısa məbləğdə cərimələnir, vəssalam. Onsuz da yaşıllığı yetərincə olmayan Bakıda isə ağacların məhv edilməsi davam edir.

Hesab edirik ki, 10-20 milyonluq obyekt tikən sahibkara və ya məmur üçün 5-10 min manatlıq cərimə heç nədir. Ona görə də onlar bəd əməllərini təkrarən davam etdirirlər və bu əməllərin qarşısı alınmaz görünür.

 Ağac kəsən sahibkarın tikintisi dayandırılmalıdır ki…

 Artıq konkret təklifimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinə də çatdırmışıq ki, ən yaxşı cəza tədbiri ağac kəsən sahibkarın tikintisini dayandırmaqdır. Təbii ki, hansısa müddətə tikintisi dayandırılan həmin sahibkar gələcəkdə həm mənzil alan müştərilərinin qarşısında götürdüyü öhdəliklərini vaxtında yerinə yetirib qazanc əldə etməyindən məhrum olmamaq üçün bir də bu bəd əməli törətməz. İkincisi, pusquda durub ağac kəsmək istəyən digər əlibaltalılar da bu cəza tədbirindən çəkinərək bu əməli təkrarlamaq istəməz. Yoxsa, göydələn tikib milyonlar qazanan sahibkar-iş adamı üçün 5-10 və ya 20 min manat cərimə nə deməkdir ki?!

 

Yeri gəlmişkən, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində “Sizin Yurd” MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır. «Təzadlar»a verilən məlumatda bildirilir ki, araşdırmalarla qeyd edilən MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyən edildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ( yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilmişdir. Eyni zamanda, cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Nəticədə - hüquqi şəxs “Sizin Yurd” MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilmişdir.

***

İndi gördünüzmü, az qala hər gün belə cərimə sanksiyalarının şahidi oluruq. Amma nə faydası? Yenə də ağaclar kəsilir, məhv edilir… Məhv edilən həm də Bakının təmiz havası və ekologiyasıdır. Niyə dövləti və ictimai mənafelərimizi bir nəfərin şəxsi məqsədlərinə-niyyətlərinə, eləcə də şəxsi qazanc arzularına qurban verməliyik???

Asif MƏRZİLİ