Tural Şahbazlı “Təzadlar”ın qonağı olarkən olduqca maraqlı məqamları açıqladı...

...Diaspora deyəndə ilk öncə bir dövlətin, bir xalqın təbliğatı, tərənnüm edilməsi, tanınması ağıla gəlir. Torpağını, millətini sevən hər kəs özü-özlüyündə bir diaspora olmalı, təmsil etdiyi xalqı yaxşı mənada tanıtmağa çalışmalıdır. Təbii ki, bir əcnəbi ölkəsinin hüdudlarından kənarda öz dövlətini, hətta bir hərəkəti ilə istər yaxşı, istər pis mənada tanıda bilər. Dövlət səviyyəsində olan münasibətləri, əlaqələri bir yana qoysaq, sadə bir vətəndaşın da bu təbliğat üçün böyük rol oynadığı danılmazdır...

Çox sadə və adi bir hal. Təsəvvür edin, hansısa bir rayondan olan qonşunuzla münasibətiniz sonradan o bölgə haqda sizin düşüncələrinizdə rəy yaradır. Əgər qonşuyla münasibətiniz yaxşı olubsa o bölgə yadınızda yaxşı, pis olubsa pis qalacaq. Hətta söz düşəndə, “...o rayondan qonşum olub, çox yaxşı insan idilər” və ya “o rayondan qonşum olub, çox çətin adamlardı” deyə fikrimizi bildiririk... Ölkədən kənarda isə yaxşı millət, xalq, güclü dövlət olmaq imicini yaratmaq diasporaların üzərinə düşür. Məhz onların fəaliyyəti bizə qarşı olan mənfi və ya müsbət fikirlərin yaranmasında mühüm rol oynayır, dövlətimiz haqda rəy formalaşdırır. Çox qürurla və sevinclə bu gün biz dünyaya azərbaycanlı olduğumuzu söyləyə bilirik. Artıq 30 ildən sonra biz MƏĞLUB MƏMLƏKƏTİN MƏĞLUB VƏTƏNDAŞI adından azad olub QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI olduq. Ali Baş Komandanımız Cənab İlham Əliyevin əmri ilə qəhrəman xalq və müzəffər Azərbaycan Ordusu Dəmir Yumruq kimi birləşib 30 illik qisasını düşmənindən 44 gündə aldı. Bu qəhrəmanlıq dastanı dünyaya Azərbaycan kimi qüdrətli bir dövləti tanıtdı.

 Bizi bu qələbə ilə şərəfləndirən Şəhidlərimizin və Qazilərimizin tökülən qanı hesabına artıq biz azərbaycanlı olduğumuzla qürur duya bilirik... Və illər keçdi, bələkdə Qarabağdan analarının qucağında qaçqın düşən oğullar düşməndən qisaslarını alıb ağ kəfəndə analarının yanına Şəhid kimi, Qazi kimi döndülər. Məhz bu oğulların sayəsində biz qalib olduq. Bütün bu illər ərzində etiraf edək ki, istər ümummilli lider Heydər Əliyev, istərsə də cənab prezident İlham Əliyev bir an da olsun qan yaddaşımızın unudulmasına imkan yaratmadı, əksinə, daim çalışdılar ki, nə yolla olur olsun xalqın qisasını alıb, torpaqlarımızı mənfur düşməndən azad etsinlər. Bu məqsədlə daim diasporalara səlahiyyət verir, onların fəaliyyətinə geniş imkanlar yaradır, dəstək verirdilər.

 Bəlkə də əvvəllər bir az çətin idi diaspora kimi fəaliyyət göstərmək. Qeyd edim ki, bu mənim şəxsi fikrimdi. Çünki məğlub bir xalqın vətəndaşı olmaq çox ağır bir durum idi... Günahsız olsan belə günahkar kimi tanınmaq, haqlı olurkən haqsız bir vəziyyətdə qalmaq çətin bir yükdür bir vətəndaş üçün. Hətta o vətəndaş öz ölkəsində uzaqda olarkən belə...

***

“Təzadlar”ın qonağı Türkiyənin Qəhrəmanmaraş şəhərində diaspora fəaliyyəti ilə məşğul olan Tural Şahbazlıdır.

Tanışlıq üçün bildirim ki, o, 1994-cü ildə Masallıda anadan olub. 2011-ci ildə Bakının Nizami rayonundakı Kamil Eyyubov adına  12 saylı orta məktəbi bitirib və 2012-ci ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində Sütçü İmam Universitetinin Siyasət elmləri və beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Tural da vətənpərvər gənclərimizdəndir. O, bütün fəaliyyəti ilə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində qardaş ölkədə əlindən gələni edir.

Tural bəy təhsil almağa getdiyi bir dövlətdə, şəhərdə öz doğma Vətənini təmsil etməyi qarşısına məqsəd qoyub. Baxmayaraq ki, getdiyi qardaş ölkəmiz Türkiyədir və onlardan gözəl Azərbaycanı tanıyan, onlardan çox Azərbaycanı sevən ikinci bir dövlət ola bilməz. Lakin bununla belə, bu azərbaycanlı gənc tələbə Türkiyəyə çatar- çatmaz öz vətəndaşlıq borcunu verməyə cəhd edir və bundan sonra da fəaliyyətini uğurla davam etdirir...

- Tural, “Təzadlar”ın redaksiyasına xoş gəlmisiniz. Sizin fəaliyyətinizlə oxucularımızı tanış etmək istəyirəm...

- Mən də “Təzadlar” kollektivinə, başda tanınmış jurnalist, təsisçi Asif Mərziliyə öz təşəkkürümü bildirirəm ki, bizim fəaliyyətimizi işıqlandırmaq istədiniz. Əslində, bu da diaspora təşkilatı olaraq bizə dəstək deməkdir. Və biz də özümüzə olan etimadı doğrultmağa çalışır, fəaliyyətimizi daha geniş müstəvidə davam etməyə səy göstəririk.

Təşkilatın yaranması mənim Türkiyəyə tələbə kimi getdiyim vaxta təsadüf edir. Orta məktəbi bitirdikdən sonra Kahramanmaraşda Sütcü İmam Universitetinə daxil oldum. Universitetə ilk gedən gün universitet rəhbərliyinə müraciət edib orda Azərbaycan təşkilatının olub-olmaması ilə maraqlandım. Təsəvvür edin, müəllim məndən soruşanda ki, neçə ildir burdasan, dedim hələ indi qəbul olmuşam. O, gülərək dedi ki, hələ sənədlərini sahmana sal, tələbə kimi oxumağa başla, sonra bu haqda fikirləşərsən. Mən bildirdim ki, hocam, bu dərnəyi yaradacam. Orda azərbaycanlı olduğumu bildikdə bir qardaşlıq hiss etdirməyə, bir doğmalıq göstərməyə çalışırdılar. Sağ olsunlar, mənə dəstək oldular və mən həm Türkiyə, həm azərbaycanlı tələbə və könüllülərinin köməkliyi ilə Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyini yaratdım. Bir azərbaycanlı olaraq qardaş ölkə də olsa, öz Vətənimi tanıtmaq istəyirdim. Çünki orda təkcə Türklər deyil, həmçinin dünyanın başqa ölkələrindən olan insanlar da yaşayır, təhsil alırdılar. Məhz bu səbəbdən bu təşkilatın yaranmasının vacibliyini duyurdum.

- Bundan sonra fəaliyyətinizi necə davam etdirdiniz?

- Biz ilk olaraq qeydiyyatdan keçmədən universitetin nəzdində artıq fəaliyyətə başladıq. Azərbaycanla əlaqələrimizi daha da möhkəmləndirdik, keçirdiyimiz tədbirlərə Millət vəkillərimizi, ziyalılarımızı dəvət etdik. Onlar da sağ olsunlar, hər dəvətimizi qəbul edib bizə dəstək verdilər. Artıq biz müəyyən bir istiqamətdə fəaliyyətimizi genişləndirirdik. Belə ki, Azərbaycanla bağlı xüsusi, əlamətdar günləri, dövlət bayramlarını, ümummilli liderimiz Heydər Əliyevin doğum gününü, işğal olunan rayonlarımızın anım günlərini və s. əlamətdar günləri tədbir kimi qeyd edirdik. Bütün tədbirlərimizə də Azərbaycandan qonaq dəvət edirdik. Biz artıq 2015-ci ildən qeydiyyatdan keçib şəhadətnamə alıb rəsmi fəaliyyətə başladıq. Biz necə ki Kahramanmaraşda Azərbaycanı təmsil edirdik, eyni zamanda Azərbaycanda olanda da Kahramanmaraşı təbliğ edirdik. Sağ olsun səfirliyimiz, şəxsən o vaxtkı səfirimiz Xəzər İbrahim bizimlə yüksək səviyyədə əlaqə qurdu, dəstək göstərdi. Səfirlikdə təhsil müşaviri Nəcibə Nəsibova bizə əlindən gələn köməkliyi etdi. Lazım olan hər hansı məlumatla bizi təmin etdilər.

- Bəs keçirdiyiniz tədbirlərə maddi təminat necə təşkil olunurdu?

 

- Fəaliyyətə başladığımız 2012-ci ildən bütün maddi dəstəyi Kahramanmaraş bələdiyyəsindən aldıq. Maddi dəstəkdən əlavə, bizə həm də məlumat və texniki dəstək də lazım idi əlbəttə. Bunu isə Azərbaycan səfirliyindən alırdıq. Biz sənədlərimizi alıb, qeydiyyatdan keçdik, rəsmi fəaliyyətə başladıqdan sonra isə Azərbaycanın Diaspora ilə iş üzrə Dövlət Komitəsi ilə əlaqəyə girib fəaliyyətimiz haqda keçmiş sədr Nazim İbrahimova məlumat verdik. Orda Türkiyə üzrə mütəxəssis Kənan Məmmədov bizə Azərbaycan Diaspora Komitəsində qeydiyyatdan keçmək üçün lazım olan sənədlərin siyahısını göndərdi. Və beləliklə, biz qeydiyyatdan keçdik. Artıq biz Azərbaycanın Dispora ilə iş üzrə Dövlət Komitəsində Azərbaycanın Kahramanmaraşda diaspora təşkilatı olaraq qeydiyyatdan keçdik.

- Fəaliyyətiniz dövründə ən böyük uğurunuz nə olub?

- Biz 2012-ci ildən 2015-ci ilədək qeyri-rəsmi, 2015-ci ildən isə qeydiyyatla rəsmi fəaliyyətdəyik. Bu vaxt ərzində bizim ən böyük uğurumuz Kahramanmaraşda Xocalı parkının salınmasına nail olmağımızdır, deyərdim. Biz Böyük Şəhər bələdiyyəsiylə müqavilə imzaladıq və 2019-cu ildə o vaxtkı səfir Xəzər İbrahimin, həmçinin azərbaycanlı yetkililərin, media nümayəndələrinin iştirakı ilə Kahramanmaraşda Ana Fəryadı abidəsi ucaldılmış Xocalı parkının açılışını etdik. Sizin qəzetin baş redaktoru Asif Mərzili də həmin açılışda iştirak edirdi... O abidənin üzərində bizim rayonların işğal tarixləri həkk olmuşdu. Artıq biz müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun səyi nəticəsində qalib bir dövlət olaraq torpaqlarımızı işğaldan azad etmişik. İndi bizim fikrimiz var ki, Xocalı parkında Zəfər abidəsi ucaldaq. Əminik ki, Kahramanmaraşın çox hörmətli indiki bələdiyyə sədri bizə bu yolda dəstək verəcək. Çünki ilk fəaliyyət vaxtımızdan ta bu günə qədər daim bizə qardaşlıq münasibəti göstərir. Ümid edirik ki, bu abidənin də açılışını etmək bizə qismət olacaq. Yenə də Azərbaycandan olan yetkililərin, media nümayəndələrinin iştirakı ilə Zəfər abidəsinin açılışını etmək bizə qismət olacaq.

- Müsahibəmizin əvvəlində dediniz ki, siz həm də Azərbaycana gələndə Kahramanmaraşı təbliğ edirsiz. Nədən ibarətdir bu təbliğatınız?

- Məsələn, mən Azərbaycana gələndə Kahramanmaraş haqda ətraflı məlumatlar yayımlayıram, onun gəzməli-görməli yerləri, tarixi abidələri haqda məlumat verirəm. Soydaşlarımızı Kahramanmaraşa dəvət edirəm. Çox gözəl bir şəhərdir, tarixi yerləri çoxdur. Əgər bizim soydaşlarımız Kahramanmaraşa gəlsələr, diaspora xəritəsindən bizimlə əlaqə saxlasalar, biz adımıza layiq və fəaliyyət növümüzə uyğun olaraq onları qarşılayıb o gözəl şəhərlə, onun tarixi, gəzməli-görməli yerləri ilə tanış edərik. Doğrudan da Kahramanmaraşı görüb tanış olmağa dəyər.



- Yaxın vaxtlarda hansı tədbir gözlənilir Kahramanmaraşda?

- Qeyd edim ki, 2023-cü ilin aprel ayının 23-də 12 Şubat Bələdiyyəsinin sədri Hanifi Mahçiçek bəyin təşəbbüsü və rəhbərliyi ilə “Expo 2023” Beynəlxalq sərgisi Kahramanmaraşda keçiriləcək. Bu böyük bir uğur, məsuliyyətdir. Dünyanın ən böyük və uğurlu layihələrindən biri olan Expo-nun Türkiyədə, Kahramanmaraşda keçirilməsi tarixi bir hadisədir. Mən bütün soydaşlarımızı 2023-də Kahramanmaraşda keçiriləcək EXPO sərgisində iştirak etməyə dəvət edirəm. Doğrudan da möhtəşəm bir tədbir olacaq. Artıq bələdiyyə sədrimiz Hanifi bəy bu istiqamətdə güclü hazırlıq işlərinə başlayıb. Ümid edirik ki, bütün dünya bu tədbirlə Türkiyənin uğuruna bir daha şahid olacaqlar. Mən hər birinizi o sərgiyə dəvət edirəm. Çox istərdim ki, Sizin qəzetdə bu sərgiyə hazırlıq barədə yazılar yayımlansın.



- Gözəl müsahibə üçün təşəkkür edirəm. Sağ olun ki, gənc yaşınızda Azərbaycanı tanıtmaq məqsədilə belə bir təşkilat yaratmısız. Doğrudan da harda olmasından asılı olmayaraq diaspora fəaliyyəti həmişə vacib və lazımlıdır.

A.MƏMMƏDLİ

S.MURADXANLI

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.10).


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA