Bir neçə gün əvvəl Yevlax şəhər 1 saylı məktəbdə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri yayılmışdı.

Məsələ xeyli müzakirələrə səbəb oldu.

...Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yaydı.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - deyə məlumatda bildirildi.

***

Həmin məktəbdə baş verənlərlə bağlı professor Şahlar Əsgərov KİV-də bildirib ki, Azərbaycanda 150 mindən çox müəllim, 4500-dən də çox məktəb var və bu qədər insanda hansısa qüsurun olması çox normaldır.

Ş.Əsgərovun sözlərinə görə, insanlar var ki, bir-birləri ilə dalaşır, hətta öldürürlər. 

“Bunu bütün ailələrə və insanlara şamil etmək düzgün deyil. Müəllimin də dini təbliğ etməsinin bütövlükdə təhsil sisteminə aiddiyyatı yoxdur. Bu, yalnız təsadüfi haldır”,- deyə  qeyd edib.

 O, həmin məktəbdə baş verən hadisənin həddindən artıq qabardıldığını bildirib:

 “Məsələni bu dərəcədə dramatikləşdirməyə ehtiyac yoxdur. Bu, heç bir halda məktəbə xeyir verməz. Bu, bizim düşmənlərimizə xeyir verəcək”, - deyib.

Professor bu kimi qüsurları gizlətmək lazım olduğunu vurğulayıb və məsələnin gündəmə gətirilməsində medianı günahlandırıb:

 “Media baş verənləri həddindən çox qabardır, ona görə də müəllimə töhmət verilir. Bunlar yersiz hay-küydür. Belə şeyləri qabartmağın yeri yoxdur.

 Niyə mollanın məsələsini qabardırıq, amma təhsildəki problemləri yox”, - deyə etirazını bildirib.

Bəli, Azərbaycan Konstitusiyasında qeyd edildiyi kimi, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir.

Demək ki, belə bir dövlətdə təhsil dünyəvidir. Həmçinin ölkəmizdə dini azadlıq və tolerantlıq var.

Lakin müəllimin də borcudur ki, gənc nəslə Azərbaycan dövlətinin təhsil sisteminə - proqramına uyğun təlim- tərbiyə versin, yad düşüncələri beyinlərə yeritməsin – təbliğ etməsin.

Töhmət isə hansısa məsələni medianın gündəmə gətirməsinə görə deyil, konkret əmələ, yol verilən nöqsanlara görə verilir...

AŞAĞIDAKI LİNKƏ DAXİL OLARAQ VİDEONU İZLƏYƏ BİLƏRSİNİZ:

https://baku.tv/az/dunyaa/56478/

JASMİN