Türkiyəni Gürcüstanla birləşdirən Aktaş gömrük məntəqəsinə gələn yük maşınları, Gürcüstan tərəfinə keçidlərin ləngiməsi səbəbindən 16 kilometrdən çox növbə yaranıb.

Tezadlar.az 24News.ge xəbər portalına istinadla bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilib ki, Türkiyənin artan ixracatı və Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı səbəbi ilə Qara dənizdə bəzi limanlardan istifadə edilməməsi quru yola yönələn daşımaları artırıb, bu isə sərhəd qapılarında yük maşınlarının sıxlığına səbəb olub. Digər bir məlumata görə, Gürcüstan tərəfində yol-tikinti işləri ilə əlaqədar olaraq gün ərzində məntəqədən keçən yük maşınlarının sayı da məhdudlaşdırılıb. Qeyd edək ki, növbədə gözləyən yük maşınları Gürcüstan vasitəsi ilə Rusiyaya, Azərbaycana, Xəzər dənizi ilə isə Özbəkistana, Qazaxıstana və s. digər ölkələrə getməlidir.