booked.netbooked.net booked.net  

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 104 illiyi və 1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür.

Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.

Gəlin, Azərbaycan Prokurorluğunun inkişaf yoluna nəzər salaq.

Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiqlənib. F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar.

Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəni bürümüş daxili çəkişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilib, təqsirkar şəxslər layiqli cəzalarını alıblar. Həmin dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınıb. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənib.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu müəyyənləşdirib. Bu statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiqlənib. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Ümummilli Liderin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq təzahürüdür.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq bəhrəsini verib. Prezident İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirib. Dövlətimizin başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər uğurla davam etdirilir.

Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

Dövlətimizin başçısının yeni dövrün çağırışlarından irəli gələrək reallaşdırdığı hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında həyata keçirilən mütərəqqi kompleks tədbirlər, məhkəmə-hüquq sisteminin yenilənməsi prosesi prokurorluq orqanlarını da əhatə edib. Bu sahədə fəaliyyətin yeni dövrün tələblərinə uyğun təşkilinin, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyini ortaya qoyub. Prezident İlham Əliyev 2020-ci il mayın 1-də Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində olduqca mühüm göstəriş və tapşırıqlar verib. Bu istiqamətdə reallaşdırılan kompleks tədbirlər çərçivəsində həmin tapşırıqları rəhbər tutaraq son iki ildən artıq müddətdə prokurorluq orqanlarında institusional və geniş kadr islahatları aparılıb. Belə ki, dövlətimizin başçısının prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12-də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiqlənib. Ötən müddətdə bu istiqamətdə səmərəli tədbirlər həyata keçirilib, sürətli yeniləşmə prosesi aparılıb.

Prezident İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyənləşdirdiyi vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə ötən müddətdə Baş prokuror Kamran Əliyevin birbaşa rəhbərliyi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2020-ci il 16 iyun tarixli Sərəncamına əsasən, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik və dinamik idarəetməyə malik idarələr yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən parlaq Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində prokurorluq orqanları da üzərilərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Müharibə dövründə Ermənistanın mülki əhalimizə və mülki infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatların nəticələri prokurorluq əməkdaşları tərəfindən müharibə şəraitində mümkün olduğu dərəcədə rəsmiləşdirilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq keyfiyyətli istintaqın aparılması təmin edilib. Xüsusilə, müharibə dövründə Azərbaycan Respublikasının Baş prokuroru Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn humanitar norma və prinsiplərini, müharibə qanunlarını kobud şəkildə pozaraq mülki əhalimizə qarşı törətdiyi qanlı cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Dövlətimizin başçısının prokurorluq işçilərinin peşə bayramı ərəfəsində bu il sentyabrın 30-da imzaladığı Sərəncamla isə Prokurorluğun altı əməkdaşına ali xüsusi rütbələr verilib.

Həmçinin prokurorluq orqanlarının inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaq.

Bundan başqa, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülüb. Baş Prokurorluğun, onun struktur qurumlarının, tabe rayon (şəhər) prokurorluqlarının maliyyələşdirilməsi, əməkdaşların maddi-texniki və sosial təminatlarının təşkili, inzibati binaların təmir-tikintisi sahəsində önəmli addımlar atılıb. Ötən il fevralın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Baş Prokurorluğun Binəqədi rayonunda yeni inzibati binasının açılışı dövlətimizin başçısının prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsinə, infrastrukturunun yaxşılaşdırılmasına göstərdiyi ali diqqət və qayğının daha bir göstəricisidir. Ümummilli Liderin siyasətini davam etdirən Prezident İlham Əliyev prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına da daim qayğı ilə yanaşıb. Ötən il prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı vəzifə maaşlarının iki dəfə artırılması, prokurorluq əməkdaşları üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi dövlətimizin başçısının prokurorluğa göstərdiyi yüksək qayğısının növbəti təzahürüdür.

Prokurorluğun beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində işin intensivləşməsi, prokurorluq əməkdaşlarının öz işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar yaradılıb. Prokurorluğun beynəlxalq əməkdaşlıq sahəsində, xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələrin qurulması istiqamətində çoxsaylı tədbirlər görülüb. Bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutub.

Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə qəbul edilmiş növbəti konseptual sənəd – “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində Azərbaycanın yol xəritəsi olacaq. Korrupsiyaya qarşı mübarizədə kompleks tədbirləri özündə cəmləşdirən bu sənədin ətraflı təhlili onun icrasının gələcəkdə hansı müsbət nəticələr doğuracağını proqnozlaşdırmağa imkan verir.

Xüsusilə vurğulanmalıdır ki, dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq səlahiyyətli orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişafına xüsusi diqqət yetirilməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə prokurorluq orqanları da öz töhfələrini verir. Belə ki, işğaldan azad edilmiş rayonların prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 2021-ci il 7 may və 2022-ci il 3 mart tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gəncləri dayandığının xüsusi vurğu ilə deyilməsi zəruridir. Təsadüfi deyildir ki, prokurorluqda bu sahədə aparılan islahatlar dövründə keçirilmiş müsabiqələr nəticəsində uğur qazanmış gənc hüquqşünaslar onun kadr korpusunun 83,9 faizini təşkil edir.

Azərbaycan prokurorluğu orqanları çətin və şərəfli xidməti Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə də uğurla davam etdirir. Belə ki, rayon (şəhər) prokurorluqları işğaldan azad edilmiş ərazilərdə artıq fəaliyyət göstərir. Bu məqsədlə həmin rayonlarda bütün lazımi infrastruktur yaradılır və xidmətin aparılması üçün inzibati binalar istifadəyə verilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə yeni – Ağdam, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradılıb. Həmçinin yeni yaradılmış prokurorluqlar üçün lazımi binanın təmin edilməsi məqsədilə tədbirlər görülüb. Şuşa, Xocavənd, Zəngilan rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb. Prokurorluq orqanları əməkdaşları tam gücü ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda vəzifələrini əzmlə yerinə yetirməyə daim hazırdırlar.

Azərbaycan Prokurorluğunun 104 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.

Bir sözlə, əminliklə deyə bilərik ki, dövlətçilik ideyalarına sadiq olan prokurorluq işçiləri və bir əsrdən artıq zəngin və şərəfli tarixi olan Azərbaycan Prokurorluğu bundan sonra da öz fəaliyyətini Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir tələblər səviyyəsində quraraq bütün səylərini ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəldəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN