"TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsi qurbanlarının ünvanına nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

TEZADLAR.AZ  xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət edilib. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür. Həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz naminə canlarını qurban veriblər.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu bildirib, bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.