Bir qadın amerikalı boks üzrə keçmiş dünya çempionu Mayk Taysonu cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəməyə müraciət edən qadının sözlərinə görə, boksçu onu limuzində zorlayıb. Bundan sonra o, fiziki, psixoloji, eləcə də emosional xəsarətlər alıb və bunun üçün 5 milyon dollar məbləğində iddia qaldırıb və boksçunu 1990-cı illərin əvvəllərində Nyu-Yorkun Olbani şəhərində törətdiyi zorakılıq xarakterli hərəkətlərdə ittiham edib.

Xatırladaq ki, 1992-ci ildə Tayson İndianapolisdə gözəllik müsabiqəsinin iştirakçısı Dezir Vaşinqtona təcavüz etməkdə təqsirli bilinərək altı il həbs cəzasına məhkum edilib, sonradan bu müddət yarıya endirilib.

Qeyd edək ki, peşəkar karyerasında Tayson 50 qələbə qazanıb (44 nokautla), 6 məğlubiyyət alıb. O, ağır çəkidə şəksiz dünya çempionu olub, Ümumdünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) kəmərlərinin sahibi olub.

E.ŞİRİNOV