Ukrayna Xarici İşlər Nazirliyi Xorvatiya prezidentinin Krımın guya bir daha heç vaxt Ukrayna olmayacağı ilə bağlı bəyanatlarını qəbuledilməz hesab edir.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.

"Maraqlıdır, Zoran Milanoviç belə ritorika ilə 1990-cı illərdə Xorvatiya öz dövlətçiliyini qorumaq üçün mübarizə apararkən ölkəsinin prezidenti ola bilərdimi? Onun seçiciləri ölkələrinin ərazisinin bir hissəsinin işğalına göz yummağa razı olardılarmı? Şübhə edirəm. Xatırladım ki, xarici təcavüzə görə Xorvatiya torpaqlarının üçdə birini itirə bilərdi.

Lakin qəhrəmanlıq mübarizəsi sayəsində xorvatlar öz dövlətlərinin müstəqilliyini qoruya bildilər”, - deyə o, bildirib.

 Nikolenko bəyan edib ki, Ukrayna Xarici İşlər Nazirliyi faktiki olaraq Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan Xorvatiya prezidentinin bəyanatlarını qəbuledilməz hesab edir.

"Biz Xorvatiya hökumətinin və xorvat xalqının Rusiyanın təcavüzünə qarşı mübarizədə ukraynalılara verdikləri sarsılmaz dəstəyini yüksək qiymətləndirir və təşəkkür edirik", - XİN sözçüsü əlavə edib.

Xatırladaq ki, ötən gün Xorvatiya prezidenti Zoran Milanoviç Kosovodakı vəziyyəti Krımın ilhaqı ilə müqayisə etməməyə çağıraraq, Krımın bir daha heç vaxt Ukrayna ərazisi olmayacağını deyib.

“Biz Kosovonu ilhaq etdik. Biz və beynəlxalq ictimaiyyət. Onu Serbiyadan aldılar. Bunu biz deyilsə, kim etdi?Məgər biz Kosovonu tanıdıq? Bu ilhaq deyil, qəsbdir. Bu necə adlanır? Geri çəkilmək”, - deyə Milanoviç xorvat əsgərlərinin kontingentinin Litvadakı NATO missiyasına yola salınması zamanı bildirib.

Milanoviçin fikrincə, bu, kiminsə haqqı olduğuna inandığı bir anlayışdır.

"Eyni şey Krıma da aiddir - Krım bir daha Ukrayna olmayacaq. Almaniyanın aparıcı generalları belə deyirlər",- deyə bildirib.

 

JASMİN