İsrailin baş naziri Benyamin Netanyahu belə bir təklif alacağı təqdirdə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Netanyahunun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda ona vasitəçi olmaq üçün qeyri-rəsmi təklif gəlib. Lakin sonra o, hökumətin başçısı deyil, İsrail müxalifətinin lideri olduğu üçün imtina etmək qərarına gəlib.

Netanyahu qeyd edib ki, bunun üçün "uyğun vaxt və düzgün şərait" seçilərsə, indi vasitəçi rolu təklifini nəzərdən keçirməyə hazırdır.

"Bütün aidiyyəti tərəflər məndən xahiş etsələr, mən bunu mütləq nəzərdən keçirəcəyəm, amma israrlı deyiləm", - İsrailin baş naziri deyib.

Ukraynada müharibə - İsrailin mövqeyi

Ötən ilin oktyabrında Kiyevin çoxsaylı müraciətlərinə baxmayaraq, İsrail Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya silah verməkdən rəsmən imtina edib.

Yanvarın əvvəlində İsrailin yeni xarici işlər naziri Eli Koen ölkəsinin Ukrayna ilə bağlı siyasətini dəyişəcəyini bəyan edib.

Bu yaxınlarda İsrailin Almaniyadakı səfiri Ron Prosor mətbuata verdiyi müsahibədə etiraf etdi ki, onun ölkəsi Ukraynaya ictimaiyyətdə deyildiyindən qat-qat artıq kömək edir.

E.ŞİRİNOV