Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşlarının ölkəyə vizasız gəlməsinə icazə verən Fərman imzalaması Gürcüstanda ciddi fikir ayrılığına və narazılığa yol açıb...

Dünən Tbilisidə parlament binası yaxınlığında Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya iştirakçıları hökuməti Rusiya Federasiyası ilə uçuşları bərpa etməməyə çağırıblar. Mitinq iştirakçıları Moskvanın birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırmaq və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına Gürcüstan hakimiyyətinin müsbət reaksiyasını tənqid ediblər. Onlar ölkə rəhbərliyindən Tbilisi ilə Moskva arasında tezliklə başlanacağı gözlənilən birbaşa reyslərə qadağa qoyulmasını tələb ediblər.
Onu da xatırladaq ki, Gürcüstanın Baş naziri Putinin məlum fərmanını dəstəkləsə də, prezident bunun qəti əleyhinə olduğunu demişdi: "Gürcüstan ərazisini hələ də işğalda saxlayan bir ölkə ilə hansı əməkdaşlıqdan söhbət gedə bilər?"

Bəzi siyasilər bu məsələdə Azərbaycanı nümunə göstərmişlər: "Məgər Azərbaycan ölkə ərazisini işğal etmiş Ermənistanla iqtisadi əlaqələrdə olmuşdur?". Sitatın sonu...

A.Məmmədli