Kosovoda bələdiyyə seçkilərinin nəticələrinə görə serb əhalisi ilə NATO sülhməramlıları arasında toqquşma olub.

TEZADLAR.AZ BBC-ə istinadən xəbər verir ki, Kosovonun şimalında serb nümayişçilərin polis və NATO-nun bölgədə sabitliyin təmin edilməsinə cavabdeh olan KFOR (Kosovo Force) sülhməramlıları ilə toqquşması nəticəsində onlarla insan yaralanıb.

 KFOR-un (Kosovo Qüvvələri) məlumatına görə, missiyanın 30 nümayəndəsi yaralanıb (son məlumatlara görə, 19 nəfəri Macarıstan hərbçisidir). Macarıstan və İtaliyadan olan sülhməramlılar sınıq və yanıqlar alıblar. Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, 50-dən çox serb yaralanıb.

 Xatirladaq ki, bölgədəki vəziyyət aprel ayında Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi bir neçə şəhərdə yerli seçkilər keçirildikdə gərginləşib. Serblər bu seçkiləri boykot etdilər və nəticədə alban siyasətçiləri qalib gəldilər. Seçici fəallığı 4%-dən az idi.

 Mayın 26-da Alban merləri vəzifəsinin icrasına başlayıb. Kosovonun Serb bələdiyyələrinin əksəriyyətində inzibati binaların qarşısına toplaşan yerli sakinlər qərara etiraz ediblər. Daha sonra etirazçılarla polis arasında toqquşma baş verib.

 Mayın 29-da isə polisə kömək üçün KFOR dəstələri göndərilib. Ən böyük hadisələr Zvecan bələdiyyəsində qeydə alınıb.

Artıq NATO və bir sıra Qərb ölkələri yaranmış vəziyyətə reaksiya verib. NATO KFOR-a hücumları "tamamilə qəbuledilməz" adlandırıb və bütün tərəfləri "gərginliyi daha da artıran hərəkətlərdən çəkinməyə" çağırıb.

 ABŞ dövlət katibi Entoni Blinken isə verdiyi açıqlamada Kosovo hökumətinin "şimalda gərginliyin və qeyri-sabitliyin artmasına səbəb olan" hərəkətlərini pisləyib. O, "zorakı tədbirlərə son qoymağa" və dialoqa çağırıb.

 Almaniya Xarici İşlər Nazirliyi də "hər hansı zorakılıq və gərginliyi artıran hərəkəti dərhal dayandırmağa" və Belqrad və Priştina arasında danışıqlara çağırıb.

O cümlədən, Türkiyə Xarici İşlər Nazirliyi yayımladığı açıqlamada  Kosovonun şimalında baş verən hadisələrin narahatlıqla izləndiyi və sözügedən hadisələrin regional təhlükəsizlik və sabitliyə zərər verdiyinə işarə edilərək bütün tərəflər zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırılıb.

TRT-nin məlumatına görə, Türkiyənin hadisələrin genişlənməsinin qarşısının alınmasında Kosovo Sülh Korpusunun (KFOR) konstruktiv rolunu alqışladığı qeyd edilib.

“Hadisələr zamanı bəzi KFOR əsgərlərinin xəsarət  almalarına  təəssüflənirik” deyilən bəyanatda gərginliyi azaltmağın və regionda daimi sülh və sabitliyin  qorunmasının yeganə yolunun davam edən dialoq prosesində irəliləyiş əldə etmək olduğu  vurğulanıb.

 Kosovo 2008-ci ilin fevralında serb və əsasən alban əhalisi arasında uzun illər davam edən münaqişədən sonra birtərəfli qaydada Serbiyadan müstəqilliyini elan edib. Bu günə qədər Kosovonun müstəqilliyi 117 ölkə, o cümlədən ABŞ və əksər Aİ ölkələri tərəfindən tanınıb.

Ümumi əhalisi 1.8 milyon nəfər olan Kosovonun 92 faizini albanlar, 6 faizini serblər təşkil edir. 

Qeyd edək ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA