İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olublar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

"24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər. Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, daha öncə hadisənin baş verməsi barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Aldığım məlumata görə bu gün , 24 avqust 2023-cü il tarixində saat 07:00 – da SOCAR-ın "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinin ““Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində yerinə yetirilən tikinti quraşdırma işləri zamanı dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və əl ilə qaynaqda elektrik qaynaqçısı Nərimanov Şamo Mətləb oğlu (1984-cü il) açıq dəniz sahəsinə düşərək itkin düşmüşlər", - deyə o qeyd edib.

Daha sonra NHMB-nin sədri əlavə edib ki, dənizə düşən Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və Nərimanov Şamo Mətləb oğlu (1984-cü il) cəsədləri dənizdən çıxarılıb.

 

JASMİN