İsveç prokurorluğu ötən il noyabrın sonunda qanunsuz kəşfiyyat fəaliyyətində şübhəli bilinərək saxlanılan şəxsə qarşı ittiham irəli sürmək qərarına gəlib.

Bu gün səhər Stokholm Rayon Məhkəməsində qaldırılan iddia iki ittihamdan ibarətdir: İsveçə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyəti və xarici gücə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyəti. İkinci halda, söhbət ABŞ-ın təhlükəsizliyi ilə bağlı ola biləcək cinayətlərdən gedir.

“(Qeyri-qanuni) fəaliyyət informasiya şəklində məlumatların əldə edilməsindən və Rusiya dövlətinin və silahlı qüvvələrinin ixrac qaydaları və sanksiyalara görə açıq bazarda əldə edə bilmədiyi müxtəlif obyektləri faktiki əldə etməkdən ibarət olub”, - prokuror Henrik Olin iddiada bildirib. İstintaq Milli Təhlükəsizlik İdarəsinin prokurorlarının göstərişi ilə təhlükəsizlik polisi tərəfindən aparılıb.

Noyabrın sonunda İsveç Təhlükəsizlik Polisi (SEPO) Stokholm ətraflarında iki nəfəri saxlayıb, onlardan biri şübhə altına alınaraq sərbəst buraxılıb. Xüsusi təyinatlıların əməliyyatında Müdafiə Nazirliyinin hərbçiləri, xüsusi təyinatlıları, helikopterləri də iştirak edib. Belə ciddi tədbirlər “casusluq fəaliyyətini ifşa edən materialların məhv edilməsinin qarşısını almaq üçün” həyata keçirilib. Mətbuatın yazdığına görə, söhbət 25 il əvvəl Permdən krallığa gələn Rusiyadan olan evli cütlükdən gedir.

Cütlük bir neçə şirkətin, o cümlədən sənaye avadanlıqlarının ticarəti ilə məşğul olan şirkətin ortaq sahibləri idi. Rusların təxminən 60 yaşı var, onlar 1999-cu ildə İsveçdə daimi yaşamaq icazəsi alıblar və 10 ildən bir az çox sonra İsveç təbəəsinə çevriliblər. Yerli jurnalistlərin fikrincə, qeyri-qanuni fəaliyyətin başlanması təxminən ər-arvadın vətəndaşlığa qəbulu vaxtı ilə üst-üstə düşür.

E.ŞİRİNOV