Əsgəranda Ağdamdan Xankəndinə gedən yolu bağlayan ermənilər indi də Rusiya sülhməramlılarının yük maşınlarının Ağdam istiqamətində yola düşməsinin qarşısını alırlar. Bu barədə Ermənistan teleqram kanalları yazır.

Bu gün sülhməramlılarla əldə olunan razılaşmaya əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gətirdiyi 40 ton unu rus hərbçiləri Qarabağın ermənilər yaşayan hissəsinə aparmalı idilər. Azərbaycan mənbələrinin məlumatına görə, güman edilirdi ki, un çuvalları sülhməramlıların maşınlarına doldurulmalı və  bu yük Qızıl Aypara nümayəndələrinin müşayiəti olmadan Xankəndinə daşınmalı idi. Amma görünür, ermənilər “humanitar böhran” iddialarına baxmayaraq, “Azərbaycan unu”ndan imtina edirlər. ("Turan")

Təbii ki, bunlar sadə və bədbəxt, separatçıların əlində girov olan ermənilərin işi deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, separatçı və silahlılar Qarabağdan təmizlənməyincə, burada müvəqqəti məskunlaşmış ermənilərə qulaq dincliyi olmayacaq... Acından öldüklərini deyənlər indi də humanitar yükü qəbul etmir. Erməni ola, havayı yardımı istəməyə! Külli Ermənistan "anadan olandan" yardımla böyüməyib ki?!

A.Məmmədli