Rusiyanın daxili işlər orqanlarında xidmətə girmək şərtləri sadələşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Xidmətə girmə şərtlərini sadələşdirən federal qanun avqustun 4-də qüvvəyə minib.

Xüsusilə xidmətə ilk dəfə girənlər üçün yaş məhdudiyyətləri dəyişdirildi. “Məsələn, sıravi və kiçik rəis heyətinə xüsusi rütbələr verilərkən xidmətə qəbulun yaş həddi 50 yaşdır”, - deyə idarənin nümayəndəsi qeyd edib.

Orta və böyük komandir heyətinin xüsusi rütbələrinə gəldikdə isə söhbət 55 yaşdan gedir. İstisna polkovnik rütbəsidir.

Xidmətə daxil olan vətəndaşlara münasibətdə fərdi təminat institutu da təcrübədən çıxarılıb.

“Dəyişikliklər, həmçinin, əvvəllər xüsusi və ya hərbi rütbələrin verilməsi tələb olunan vəzifələrdə xidmət etmiş, xüsusi tapşırıqların və ya xüsusi şəraitdə tapşırıqların yerinə yetirilməsi üçün daxili işlər orqanlarında xidmətə daxil olanlara da şamil ediləcək”, - deyə Volk bildirib. Bu halda sınaq müddəti olmadan bir ilədək müddətə müqavilə bağlamaq mümkündür.

Bundan başqa, xüsusi şəraitdə olan vəzifələrin icrası zamanı xəsarət almış və sağlamlığına görə daxili işlər orqanlarında xidmətə yararsız hesab edilən əməkdaşlar da Daxili İşlər Nazirliyində xidmətini davam etdirə biləcəklər.

Bundan əvvəl Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Daxili İşlər Nazirliyində kritik kadr çatışmazlığı barədə məlumat vermişdi. Xüsusilə, o qeyd edib ki, kadr çatışmazlığının mövcud olduğu şəraitdə polis əməkdaşlarının üzərinə böyük yük düşür.

"Kadr çatışmazlığı çox böyükdür, deyərdim ki, artıq kritikdir. Məsələn, ötən ay daxili işlər orqanlarını 5 min işçi tərk edib. Bu, çətin vəziyyətdir", - Kolokoltsev bildirib.

Bununla əlaqədar olaraq, nazir qeyd edib ki, “bu riskləri minimuma endirmək” üçün hər şey edilməlidir.

E.ŞİRİNOV