Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərərsə, xalqının dəstəyini itirə və siyasi böhranla üzləşə bilər. Bu, ordu komandirinin hazırda Kiyev liderindən daha populyar olması ilə bağlıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.

“Vladimir Zelenski ordunun baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək istəyir. O, siyasi böhranla üzləşmək riskini daşıyır, çünki Zalujnı indi prezidentdən daha populyardır. Getdikcə daha çox ukraynalı Zelenskiyə şübhə etməyə başlayır”, – nəşr yazır.

Qeyd olunur ki, Ukrayna rəhbərinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifəsindən azad etmək istəməsinin səbəbləri məlum deyil. Ancaq aydındır ki, Zalujnı istefa verərsə, Zelenski ölkə sakinləri arasında onun dəstəyini təhlükə altına qoyur.

Bundan əvvəl amerikalı jurnalist Seymur Herş Zelenskinin Qərblə gizli danışıqlarına görə Zalujnını işdən çıxarmaq istədiyi versiyanı irəli sürüb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı xarici tərəfdaşlarla Rusiya ilə münaqişənin mümkün sonunu müzakirə edir.

E.ŞİRİNOV