Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yaşayış binasında yanğın baş verib.

Tezadlar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.