Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq paketdən 1,5 milyard avro məbləğində ikinci yardım tranşı ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə departamentin rəhbəri Ursula fon der Leyen sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Kiyev hazırda “çiynində ağır yük daşıyır” və müvafiq olaraq, bu pul onun üçün son dərəcə vacibdir. O, aydınlaşdırıb ki, bu vəsait dövlət qurumlarının döyüş şəraitində fəaliyyətini təmin etmək üçün lazımdır.

Xatırladaq ki, 2024-cü il fevralın əvvəlində Aİ-nin dövlət və hökumət başçıları təşkilatın büdcəsindən Ukraynaya 50 milyard avro həcmində uzunmüddətli yardım barədə razılığa gəliblər.

Yardım göndərmək qərarı 2023-cü ilin payızında, ABŞ-ın Kiyevə hərbi yardımı dayandırması fonunda qəbul edilib, lakin bu, yalnız fevralda razılaşdırılıb. Gecikmə, ekspertlərin fikrincə, Ukraynaya pul göndərmək istəməyən Macarıstanın mövqeyi ilə bağlı olub.

E.ŞİRİNOV