Qəhvənin  ərəb dilində tərcüməsi "ehtiraslandıran içki" deməkdir. Qəhvə — kofein sayəsində stimullaşdırıcı təsirə malik, dünyanın bir çox ölkələrində kofe adı ilə məşhur olan, qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içkidir.

Qəhvə ilk dəfə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunsa da, sonralar Mərkəzi Ərəbistana gətirilmiş və Yəmənin cənub qərb hissəsində becərilmişdir. Buna görə də Yəmən dünyada ən böyük qəhvə istehsalçısıdır. 1517-ci ildə Türk əsilli Özdəmir paşa Yəməndə içdiyi qəhvəni İstanbula gətirməklə nəyinki Fars və Osmanlı İmperiyasında yayılmasına səbəb olmuş, eyni zamanda qəhvəni Avropaya ilk gətirən şəxs kimi tarixə düşmüşdür.

1532-ci ildə qəhvə ilk dəfə Qahirəyə, 1592-ci ildə isə Prospero Alpino tərəfindən İtaliyaya gətirilmişdir. 1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda, 1652-ci ildə Londonda və 1659-cu ildə Fransada qəhvə evləri tikilmiş, beləliklə, geniş kütlənin marağını özünə cəlb etmişdir. Yeni biznes növünə çevrilən qəhvə 1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller tərəfindən  qəhvə tozunun düzəldilməsi ilə yeniliyə imza atılmışdır.

Yeri gəlmişkən bildirək ki, XVI əsrin birinci yarısında – qəhvə Avropaya “gəlib çatanda” katolik keşişləri qəhvəni “türklərin qara qanı” adlandırırdılar. Hətta onlar bunu xristian ruhları üçün islam təhlükəsi hesab edirdilər. Daha sonra isə qəhvəni “şeytanın içkisi” adlandırmışdılar. Nəticədə, Avropa bir müddət qəhvəsis qalmışdı. Yalnız Papa VII Klement bu içkini çox bəyəndiyi üçün bütün bu cəfəngiyata son qoyur. Beləliklə, bütün qadağalar götürülür. İlk qəhvəxanalar evləri də elə Venesiyada açılması təsadüfi deyildi. Bu gün belə İtaliyanın hər yerində qəhvə sevilərək içilməkdədir.   

Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez hallanan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur.  Belə ki, qəhvə içkiləri  3 əsas qrupa ayrılır:

  • Tərkibində 5-35% təbii qəhvə olan içkilər.
  • Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər.
  • Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər.

Qəhvə insana diqqətini toplamağa yardım edir, immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır, baş ağrılarını və stressi aradan qaldırır. Qəhvə içdikdən sonra bir stəkan su içmək böyrəkləri təmizləməkdə xüsusi önəm kəsb edir.

Alimlərin fikrincə gün ərzində 5 fincan qəhvə içməyin orqanizmə olduqca faydası var. Diyetoloqların fikrincə isə qəhvə ilə arıqlamaq yüz faiz mümkündür. Bu zaman içilən qəhvənin üzərinə bir neçə damcı təzə limon sıxılmalıdır.

Qəhvədən daha çox istifadə etmək aludəçilik yaradır və müəyyən zərərlərə malikdir. Belə ki, qəhvədən çox istifadə olunarsa tərkibindəki kafein miqdarının çox olması səbəbi ilə ürək döyüntülərində qeyri tarazlıqlar yaradaraq ürəyin tez-tez döyünməsinə səbəb ola bilər.

Qəhvənin americano, espresso, kapuçino, frappe, latte, dopyo, mokka, makiyato, affoqato, soyuq qəhvə, filtr qəhvə kimi növləri var. Ərəbistan, İraq, Mərakeş, Belçika, Braziliya, Gürcüstan və Türkiyə və s. qəhvələri də məşhur və çox faydalıdırlar. Sonda onu da qeyd edim ki, hal-hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir və ixrac olunur.

Rövşanə XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA