"Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, əsarətlər alaraq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır"

Yaşadığımız hər gün tarixə dönür. Elə günlər var ki, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhraman şəhidlərimizdir. Çünki, bu dünyada hamımızın taleyinə yazılan bir ömür payı var.

Hər bir kəsin ömür yolununun sonu var. Amma bu ömür yaşanmamış arzularla dolu yarımçıq qaldı. Vətən sevgisi, torpaq həsrəti arzulardan, istəklərdən üstün oldu. Kimisi qələbə sevincin gördü yaşadı, kimisi şəhid oldu, qazanılan qələbəni, zəfəri görmədi ölməz şəhidlərimiz.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.

Şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur, unudulmayacaq. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

Öz canlarını Vətən daşına çevirərək, Azərbaycanı tarixini bərpa edən vətəndaş oldular.

Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, əsarətlər alaraq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

 Ölüm yoxluq və heçlik demək deyil, əbədiyyətə qovuşmaqdır. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər görmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar. Çünki parçalanan vətəndə yaşamaq, xidmət etmək, xoşbəxt olmağı yaşamaq adlandırmadı şəhidlər.

Şəhid olmaq əbədi həyat qazanmaq deməkdir!

Ramil Qurban oğlu Əliyev də bu şəhidlərimizdən biridir. Getdiyi yolda arzuladığı qələbəni öz gözləri ilə görməyən, o hissləri yaşamayan leytenant Ramil Əliyev.

Ramil Əliyev 1996-cı il martın 22-də Babək rayonunun Güznüt kəndində anadan olub. 2003-2011-ci illərdə Güznüt kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Ailəsi bir qardaş, ata və anadan ibarətdir.

Ramil Əliyev tək ailəsinin yox hamımızın fəxridir. Onun haqqında öz yazdığım şeir parçası:

 

Sual dolu gözləri,

Anan atana baxdı,

Səndən cavab almadı,

Sanki ildırım çaxdı.

 

Qəhərləndi içində,

Gözləri yaşla doldu,

Bir anlığa arzusu,

Yaşlı gözlündə soldu.

 

Sualları tükəndi,

Səni içində qurdu,

Arzusu, xəyalları,

Bir anlığa puç oldu.

 

Bu elə bir yol idi,

Gedənlər son bilirdi,

Ölümdən qorxmayaraq,

Ölümünə gülürdü.

 

"Ya Qarabağ, ya ölüm",

Haray çəkib getdilər,

Baxıb düşmən gözünə,

Düşməni məhv etdilər.

 

Ramil Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Ramil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Əliyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Sentyabrın 27-si səhər saatlarından təmas xəttini yarıb döyüşlərdə irəliləyərək müvəffəqiyyət əldə edən leytenant sentyabrın 28-i düşmən snayperindən açılan atəş nəticəsində şəhidliyə ucalır. Onun nəşi 48 gün tapılmayıb. Sanki bunu əvvəlcədən duyaraq, bir beyt şeirlə qəlbindəkiləri ailəsinə yadigar qoyub:

Bir gün şəhid olsam, Vətən elində,

Qoymayın nəşimi düşmən əlində,

Gözləyin yolumu Arazın sahilində,

Öz ata yurduma göndərin məni!

O, Vətən üçün döyüşdü, şəhid oldu, nəşi düşmən əlində qalmadı. Noyabrın 17-si ata yurdunda, doğma torpaqda böyük izdihamla son mənzilə yola salındı.Babək rayonunun Güznüt kəndində dəfn olunub.

Əzizim gül ağlasın,

Yaşın gizli saxlasın.

Balama bir ev tikdim,

Gəlib görən ağlasın.

 

Əcəl girdi araya,

Yolunu uzaq saldı.

Hələ də inanmıram,

Ölüm qələbə çaldı.

 

Ramil Əliyev xidməti vəzifəsini yerinə yetirən zaman diplom və fəxri fərmanlara layiq görülüb. Ölümündən sonra isə Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub- 15.12.2020-ci il tarixli Sərəncamına əsasən"Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" və  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nahidə İbrahimova

01

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA