“Ən kiçik anlaşılmazlıqların belə sevgi və hörmətlə həll oluna biləcəyi ailə cəmiyyətimizin ən müqəddəs və fundamental sütunu kimi nəsillər boyu qorunan, davam etdirilən və yeni nəslə ötürülən əvəzolunmaz bir dəyərdir”

Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə olaraq “Ailə-dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş şəhidlərin xatirəsi sükutla yad edilib.

Ardınca ailənin cəmiyyət üçün əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova forum iştirakçılarını salamlayaraq, ailənin cəmiyyətin əsasını təşkil etdiyini və ən güclü bağların məhz ailədə qorunduğunu vurğulayıb. O bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi, qloballaşma və dəyişikliklərin həyatımıza təsir göstərdiyi bir dövrdə yaşamağımıza baxmayaraq, ailənin təməlində dayanan dəyişməz dəyərlər onu hər zaman möhkəm saxlayan, cəmiyyəti sağlam və güclü edən əsas amillərdir.

Komitə sədri diqqətə çatdırıb ki, ən başlıca sərvətimiz Ulu öndərin banisi olduğu Azərbaycan dövlətidir, ölkə Prezidentinin dövlətimizin, cəmiyyətin və onun əsas subyekti olan ailələrin, xüsusilə də gənc ailələrin təhlükəsiz, azad və rifah içində yaşamasını təmin edən güclü dövlət, demokratik və azad cəmiyyət, sağlam və möhkəm ailə siyasətidir.

aile-qad-27-6

Hakimiyyətin mənbəyi kimi xalqın və fəal vətəndaşların iradəsini ifadə edən seçkili orqanların, bələdiyyə və parlamentin bu prosesdəki vacib rolunu vurğulayan B. Muradova qeyd edib ki, ölkə prezidentinin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da yer alıb. Ölkəmizdə ailə siyasətinin gücləndirilməsi istiqamətində aparılan əlaqələndirilmiş işlər bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini də əsas vəzifə kimi ortaya qoyur. Hazırda ailə, qadın və uşaq məsələlərini əhatə edən 30-dan çox qanunvercilik aktı icradadır.

O, Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, əlavə edib ki, bu sənəd formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə təsisatının daha da möhkəmləndirilməsinə yönəlib; dövlət, cəmiyyət və ailə üçlüyünün yeni dövrdə qarşısında duran məsələlər əsas hədəflər kimi qarşıya qoyulmuşdur: “Biz Vətən müharibəsi dövründə-Azərbaycan tarixinin ən güclü səhifəsi yazılarkən bir daha şahidi olduq ki, hər kəsin sağlam şəkildə bir yumruq kimi birləşməsi və bir nöqtəyə vurması nəticəsində böyük qələbələrə, uğurlara imza atmaq mümkündür” - deyə o əlavə edib.

B.Muradova çıxışın sonunda ailələri cəmiyyət həyatında fəal iştiraka çağıraraq, qeyd edib ki, ailə yalnız fərdlərin birliyi deyil, həm də cəmiyyətin təməl daşıdır. Bu təməlin möhkəmləndirilməsi isə hər birimizin üzərinə düşən bir vəzifədir.

Çıxış edən Milli Məclisin deputatı Zahid Oruc, ailənin müqəddəs, əbədi və əzəli, həmçinin yer üzünün varlığının əsası olduğunu söyləyib. Yumşaq güc müharibələrinin ən son hədəfinin ailələr olduğunu dilə gətirən millət vəkili, Vətən müharibəsinin təkcə torpaqlarımız uğrunda yox, həm də ailələrimiz uğrunda aparıldığını bildirib, ailə dəyərləri sayəsində qalib gəldiyimizi vurğulayıb. O, 27 sentyabr tarixini anım günü olmaqla bərabər, yeni siyasi təqvim adlandırıb. Əlavə edib ki, ən böyük ideologiyamız qalib dövlətdir, zəfəri ideologiyaya çevirməkdir.: “Qarabağ gücləndikcə Azərbaycan da güclənəcək!” - deyə o əlavə edib.

Ailənin insanın bir şəxsiyyət kimi formalaşdığı başlanğıc mühiti olduğunu qeyd edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, tarixən də ailənin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını vurğulayıb.

aile-qad-27-2

H.Hüseynova bildirib ki, hələ 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yarananda ailələrin rifahının yaxşılaşdırılması üçün bir sıra mühüm işlər görülmüş, vacib qanunlar qəbul olunmuşdur. Müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir.

Azərbaycanın mühüm beynəlxalq Konvensiyalara qoşulduğuna və ölkəmizdə müvafiq qanunlar qəbul edildiyinə diqqət çəkən Hicran Hüseynova, qəbul olunan qanunların, edilən dəyişikliklərin ailə dəyərlərinə, milli dəyərlə mənfi təsir göstərmədiyini, hətta əksinə bir çox hallarda hüquq bərabərliyi və dəyərlərimizin, adətlərimizin simboz xarakter daşıdığını əlavə edib.

Rəsmi hissə gənc ailələr tərəfindən ünvanlanan sualların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, 2 saylı Bakı asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Aytən Muradova tərəfindən cavablandırılması ilə davam edib.

Müzakirələr zamanı əmək bazarında gender bərabərliyinin təmin edilməsi, iş yerində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ünvanlı dövlət sosial yardımın alınmasında yeniliklər, gənc ailələrin asudə vaxtının səmərəli təşkili, sosial ipoteka, reproduktiv sağlamlıq, ailə həkimliyi institunun qurulması, ilkin səhiyyə xidmətində aparılan islahatlar, alimentin verilməsi ilə bağlı mexanizmlər, nikah müqaviləsi, ailələrin inkişafı ilə bağlı mövcud hüquqi sənədlər, medianın ailələrə təsiri və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Daha sonra Forum iştirakçıları olan gənc ailələrin Azərbaycan ailələrinə müraciəti səsləndirilib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA