Gürcüstan prezidenti Salome Zurabişvili yeni dövlət başçısı Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra Tbilisidəki prezident sarayını tərk edəcək, lakin o, prezident kimi qalmaq niyyətindədir.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı brifinqdə bildirib.
"Mən buradan gedəcəm", - Zurabişvili deyib.
Dekabrın 29-da səhər saatlarında prezident Salome Zurabişvilinin postunu tərk etmək niyyətində olmadığı barədə bəyanatları fonunda iki minə yaxın insanın Tbilisinin mərkəzindəki prezident sarayına gəldiyi bildirilib.
Qeyd edək ki, noyabrın sonunda Zurabişvili səlahiyyətləri başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib. O, ölkə parlamentinin qeyri-legitim olduğunu və buna görə də prezident seçə bilməyəcəyini bildirib. Zurabişvili hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurmaq qərarına etiraz edənləri dəstəkləyib. Daha sonra siyasətçi dəfələrlə bildirib ki, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident sarayını tərk etmək fikri yoxdur.
E.ŞİRİNOV