"Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə Amnistiya Aktı tətbiq edilib".

Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.

O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3 556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2 635 məhkum haqqında amnistiya aktı tətbiq edilib: "Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, 6 nəfər əcnəbi, 243 nəfər 60 yaşına çatmış, 6 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır".

"Amnistiya tətbiq olunan şəxslərdən 2457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilən 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb", - Xidmət rəisi vurğulayıb.

E.ŞİRİNOV