Hər il orta məktəb məzunlarının bir çoxu “Son zəng”i müxtəlif məkanlarda, gəzintidə qeyd etməyi (restoranda, kafedə, klublarda, avtomobil gəzintisində) planlaşdırırlar.

Onlar həmin gün əylənməyi, bəzən heç zaman etmədikləri fantaziyalarını belə həyata keçirməyi sevirlər. Belə əyləncələrdən biri də, çox təəssüf ki, valideynlərinin, ailə üzvlərinin avtomobili ilə gəzintiyə çıxmalardı, həm də yüksək sürətlə... Hansı ki, belə gəzintilər zamanı bəzən qəzalar baş verir. Həmin qəzaları törədən məktəblilərin spirtli içki qəbul edib-etməməsi isə bir başqa mövzudur.

Bu gün Gürcüstan məktəblərində “Son zəng” çalınıb.  Barjomi məktəblərindən birinin məzunları bu günü qeyd etmək üçün avtomobil gəzintisinə çıxıblarmış.

Lakin bu sevincli günü bu cür qeyd etmək, onlara baha başa gəlib.

Gürcüstan KİV-nin məlumatına görə, qəza nəticəsində 1 gənc elə hadisə yerindəcə həyatını itirib, 3 nəfər isə yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən iki avtomobil bir-biri ilə toqquşub və onlardan biri Kür çayına düşüb.

Xatırladaq ki, bu günlərdə Özbəkistanın Xalq Təhsili Nazirliyi “Son zəng”in keçirilməsi üçün qaydalar toplusu hazırlayıb.  Və həmin topluya bir çox qadağalar da daxil edilib.

Belə ki, “Son zəng” günü pul yığmaq, mənzillərdə, restoranlarda və ya kafelərdə banketlə, avtomobil gəzintisi ilə məzun gecələri və digər əlavə bayram tədbirləri keçirilməsi qadağan edilib.  Bu qaydalara əməl olunmasına isə məktəblərin müşahidə şuralarının üzvləri nəzarət etməlidir.

Düzdür, bəzən qadağalar da işə yaramır, lakin valideynlər övladlarına qarşı daha diqqətli olarsa və 17-18 yaşlı gənclərə avtomobillərində gəzintiyə çıxmalarına icazə verməzlərsə, bu cür dəhşətli hadisələrdən onları qorumuş olarlar.

Y.MƏMMƏDLİ