Saatlı sakini, 1-ci qrup əlil Elvin İsayev qaz idarəsinin işçiləri tərəfindən döyüldüyünü bildirir. İddia edir ki, sözügedən idarənin işçiləri onu dəmir parçasıyla döyüblər. O da bu barədə prokurorluğa şikayət edib, ancaq heç bir tədbir görülməyib.

E.İsayevin sözlərinə görə, bu il martın 27-də onun yaşadığı ünvana gələn qaz idarəsinin işçiləri Cəlal, Zaur və Nicat adlı şəxslər borca görə qaz xəttini kəsmək istəyəndə aralarında mübahisə yaranıb, nəticədə, o döyülüb: “Məsələnin maraqlı tərəfi odur ki, qaz idarəsinin işçiləri gecələr hamının əl-ayağı küçədən çəkiləndə, adamlar yatanda qaz sayğaclarının “plomblarını” qırır, sayğaca müdaxilə edirlər. Səhər də gəlib abonentin başının üstünü alırlar ki, sayğaca müdaxilə etmisən, akt yazırlar. Bu, tək mənim başıma gəlməyib, Saatlıda xeyli abonent qaz idarəsi işçilərinin bu əməllərindən şikayətçidir”.

E.İsayevin dediyinə görə, mayın 20-də bir neçə abonent bu işlərə son qoyulması üçün Saatlı Rayon İcra Hakimiyyətinə gediblər: “Dedilər ki, SOCAR-dan gələn var, gedin, dərdinizi ona deyin, biz də getdik. Qaz idarəsinin bir neçə işçisi RİH-nin qarşısına gəldi. Bizə sözləri bu oldu ki, gedin, əliniz hara çatırsa, şikayət edin. Hətta işçilərdən biri məni həyatımla təhdid etdi. Dedi, əlil adamsan, get, otur bir kənarda, ora-bura şikayət edərsən, sənə baha oturar”.

Onu da qeyd edək ki, E.İsayev “Facebook” üzərindən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə də yazıb.

Saatlı sakini, müharibə veteranı İlham Hüseynov da qaz sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunduğunu və 518 manat cərimələndiyini iddia edir: “Evdə heç kim olmayıb, gəliblər, sayğacın plombunu qırıblar, müdaxilə ediblər. Sonra da gəliblər ki, sayğacınızdan şübhələnirik, götürüb aparıblar, göndəriblər ekspertizaya, sonra da üstümə 518 manat cərimə yazıb göndəriblər. Tək mən deyiləm, başqa abonetlər də var ki, onların da sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunub. Düzdür, mənim özümün borcum olub, ancaq mən qışboyu hər ay 80 manat civarında qazpulu ödəyirəm deyə, o borcdan ödəyə bilmirəm, havalar isinəndə, qaz sərfiyyatımız azalanda başlayıram aybaay həmin borcdan ödəməyə. Bunu qaz idarəsinin rəisi də bilir. Deyir, səndə hər şey qanunidir, yayda, qışda nə yandırırsan, ödəyirsən. Daimi sərfiyyat, daimi ödənişlərdir. Gəl ki, cəriməni yükləyiblər kürəyimə…”.

Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin təbii qazın qəbulu və satış şöbəsinin rəisi Nicat Əliyevsə məsələ ilə bağlı bildirib ki, rayonda qazdan qeyri-qanuni istifadə edən xeyli abonent aşkar edilib. Hazırda şikayətçi olan bu şəxslər də həmin siyahıdadır: “Bu adamlar qazdan qeyri-qanuni istifadə edib. Biz dəliyik ki, gecələr gedək sayğacı açaq, adamların evindən gələn qaz xəttinə şlanq qoşaq? Bunu kim edər? Qaz oğurluğu araşdırılıb, aktlaşdırılıb, cərimə yazılıb. Bu işlər hamısı prokurorluqdadır, bayaq da burda iclas idi, prokurorluq işçiləri də gəlmişdi. Həmin abonentlər qazdan qeyri-qanuni istifadə etdiklərinə görə məhkəməyə veriləcəklər. Vətəndaş haqlıdırsa, məhkəməyə versin, ora-bura yazırlar”.

N.Əliyev abonentin döyülməklə bağlı dediklərinə belə münasibət bildirib: “Məndən də ona görə narazıdılarlar ki, əvvəl rahatca qaz oğurluğuyla məşğul olurdular, ilyarımdır burdayam, mane oluram. Ona görə də məndən şikayət edirlər”.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA