“Əjdər Ol məhkum sayılmır. Hazırkı mərhələdə onun əfvlə bağlı qanuni və hüquqi baxımdan müraciəti mümkün deyil”.

Bunu mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbs olunan keçmiş aparat rəhbəri, şair Əjdər Cəbiyevin (Əjdər Ol) vəkili Teymur Baloğlanlı deyib.

Vəkil Əjdər Olun əfv üçün yalnız məhkəmə qərarından sonra müraciət edə biləcəyini deyib: “Əfv barədə qərarlar yalnız məhkumlara, yəni barələrində məhkəmə hökmü qanunu qüvvəyə minmiş şəxslərə tətbiq olunur. Əjdər Olun barəsində hələ hökm qanuni qüvvəyə minməyib. Apellyasiya şikayəti verdiyinə görə Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunandan sonra artıq məhkum olunmuş sayılır. O mərhələdən sonra əfv tətbiqi mümkündür. Əfv barədə əsasnaməyə əsasən, əfv məhkum olunmuş və cəzasının bir hissəsini çəkmiş şəxslərə tətbiq olunur. Əjdər Olun istintaq mərhələsində barəsində qətimkan tədbiri qismində həbs seçilib.

Həbslə cəza icra olunmağa başlayanda, təbii ki, nəzərə alınır. Yəni artıq cəzasının bir hissəsini çəkmiş hesab olunur. Amma Əjdər Olla bağlı bağışlama aktının tətbiqi hüquqi baxımdan mümkün deyil”.

Vəkil T.Baloğlanlı Əjdər Olun barəsində məhkəmə prosesinin hələ davam etdiyini, iyun ayında yekunlaşacağını bildirib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Onu da qeyd edək ki, Ə.Cəbiyev (Əjdər Ol) Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisistdir.

Məlumat üçün xatırladaq ki, Azərbaycanda 28 May - Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Dünən Əfv Məsələləri Komissiyanın sonuncu iclası keçirilib. Komissiya tərəfindən 500-dən artıq müraciətə baxılıb.

E.ŞİRİNOV