Dövlət Duması gələn il yanvarın 1-dən vergi ödəyicisi üçün vahid vergi hesabının tətbiqi haqqında qanunu üçüncü oxunuşda qəbul edib.

“İzvestiya” qəzetinin məlumatına əsasən, Federal Xəzinədarlıqda hər bir ödəyici üçün vahid hesab açılacaq ki, bu da ödəyiciləri çoxlu sayda ödəniş tapşırıqlarını doldurmaq öhdəliyini yerinə yetirməkdən azad edəcək. Fiziki və hüquqi şəxslər yalnız məbləği və VÖEN-i göstərməklə vahid vergi ödənişini bu hesaba köçürə biləcəklər.

“Qanun layihəsinin qəbulu vergi ödəyicisinin eyni vaxtda müxtəlif vergi növləri üzrə borclarının və artıq ödənişlərinin olmasını istisna edəcək və büdcəyə olan borcun ümumi məbləği üzrə cərimələrin məbləğinin iqtisadi cəhətdən əsaslandırılmış hesablanmasını təmin edəcək”, - qanunla bağlı şərhdə deyilir.

Vergilərin ödənilməsi üçün vahid müddətlər müəyyən ediləcək ki, bununla da vergi ödəyicisinin ödəniş təqvimi sadələşdiriləcək. Yeniliyin tətbiqi vergi orqanının xidmət imkanlarının genişləndirilməsi ilə eyni vaxta planlaşdırılır. Qanunun müddəalarının həyata keçirilməsi ilə vergi ödəyiciləri üçün daha rahat şəraitin yaradılacağı və hesablaşma-kassa əməliyyatlarında iştirak edən subyektlərin xərclərinin azaldılacağı gözlənilir.

Qanun layihəsi deputatlar tərəfindən Rusiya Federasiyasının Maliyyə Nazirliyi və Federal Vergi Xidməti ilə birlikdə hazırlanmış və ötən il dekabrın 24-də Dövlət Dumasına təqdim edilmişdi.