Nur-Sultanda əhalinin sosial cəhətdən həssas təbəqələri xüsusi kartla ərzaq məhsulları alacaqlar.

Belə ki, onlara xüsusi “Susın” kartı vasitəsilə ərzaq satışı həyata keçiriləcək.

Bunu Nur-Sultan şəhərinin İnvestisiya və Sahibkarlığın İnkişafı İdarəsinin rəhbəri Yerjan Baltayev şəhər məclisinin iclasında açıqlayıb.

“Hazırda biz “Magnum” ilə birlikdə “Susın” kartlarından istifadə etməklə malların satışı üzrə pilot layihə üzərində işləyirik. Yəni, onların öz kartı var, biz əhalinin sosial cəhətdən həssas təbəqələrinin siyahısını təqdim edəcəyik ki, bu da 160 min nəfərə yaxındır”, -  deyə Yerjan Baltayev bildirib.

O, vurğulayıb ki,  bu məhsullardan yalnız bu kateqoriyadan olan insanlar istifadə edə biləcəklər.

“Kifayət qədər gəliri olan insanlar isə məhsulları bazar qiymətinə alacaqlar. Bu tədbir əhalinin yalnız həssas təbəqəsinə ucuz məhsul satmağa imkan verəcək”, - deyə Yerjan Baltayev əlavə edib.

Xatırladaq ki,  Qazaxıstanda 2022-ci ilin mart ayındakı inflyasiya 2016-cı ilin sentyabr ayındakı pik həddinə çataraq, bir ay ərzində 8,7 faizdən 12 faizə yüksəlmişdi.

 Mart ayının dördüncü həftəsində isə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətləri illik ifadədə 18,6 faiz artıb. 

Bir müddət əvvəl isə mağazalarda şəkər ajiotajı da yaşanmışdı...

 

JASMİN